Gəncə tarixinin fədakar tədqiqatçısı

 

Elm xadimləri

 

Həyat yolumuz bizim dünyaya gəldiyimiz gündən ömrümüzün sonuna qədər yazılır. Ona görə də mənalı həyat yolu insanın şərəfli həyat tarixçəsidir. Tarix elmləri doktoru, professor Fəxrəddin Məmmədov ciddi tədqiqatları, araşdırmaları ilə tanınan, öz dəst-xətti olan görkəmli alimlərdəndir. O, həyatını Azərbaycan tarixinin müxtəlif problemlərinin, xüsusilə bir zamanlar yasaq elan edilmiş Gəncə tarixinin tədqiqinə həsr etmişdir. Qadağalara, sədlərə baxmayaraq, cəfakeş alim bu işi sonadək, özü də cəsarətlə davam etdirmişdir.

Fəxrəddin Məmmədov 1948-ci il dekabrın 13-də Hacıqabul rayonunun Qızılburun kəndində ziyalı ailəsində anadan olub. Şirvan şəhəri 2 saylı orta məktəbi tamamladıqdan sonra ali təhsil almağı qarşısına məqsəd qoyub. İxtisas seçməyin çox qəribə xüsusiyyəti var. İnsanın taleyini əslində seçdiyi ixtisas müəyyən edir. Çox rast gəlirik ki, gənclər dərindən düşünmədən ata, anaya başqa birisinin arzusuya məsləhəti ilə ixtisas seçir. Onlar da mütəxəssis olurlar. Amma həmişə himayə altında olduqları üçün uğurlu kadr ola bilmirlər. Gənc Fəxrəddin isə əvvəldən heç kimlə məsləhətləşmədən bəyan etmişdi ki, tarixçi olacaq. O, gələcək taleyini hələ orta məktəbdə müəyyən etmişdi. Professor Fəxrəddin Məmmədov elm-təhsil üçün doğulmuş insanlardan idi. Elmdə, təhsildə tərəzisi düz, sözü söz olan insanların isə misli-bərabəri yoxdur.

1965-ci ildə orta məktəbi qurtardıqdan sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur. Tələbəlik illərində universitet qəzetində müxtəlif məqalələrlə tez-tez çıxış edir. Fakültənin Tələbə Elmi Cəmiyyətində xüsusi fəallığı ilə seçilir. Bugünkü kimi yadımdadır, fakültənin dekanı professor Zakir Abdullayev Fəxrəddin Məmmədovu həmişə tələbələrə nümunə göstərirdi. Hələ tələbə ikən F.Məmmədov Tələbə Elmi Cəmiyyəti respublika konfranslarında uğurlu çıxışları ilə hamının diqqətini cəlb edirdi. Bu da, təbii ki, universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilirdi.

1969-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc təyinatla Salyan rayonuna göndərilir. Burada onun uzun illərdən bəri xəyalında yaşatdığı arzusu gerçəkləşir. Tarix müəllimi işləyir. Fəxrəddin Məmmədovun gəlişi ilə məktəbdə yeni ab-hava yaranır. Gənc müəllim məktəbdə "Tariximizi öyrənək” adlı məclis qururrayonun tarix müəllimlərini ora cəlb edir. O zaman bu məclis haqqında respublika mətbuatında da təqdiredici yazılar nəşr edilməyə başlanır.

Daha ciddi elmi-tədqiqat işi aparmaq üçün Fəxrəddin Məmmədovun aspiranturaya daxil olması lazım idi. O vaxtlar aspiranturalarda çox böyük müsabiqə olurdu. F.Məmmədov belə bir müsabiqə ilə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına daxil olur. 1973-1977-ci illərdə AMEA-nın Tarix İnstitutunun aspiranturasında təhsil alır. Bu müddət ərzində tədqiqatçı Leninqradda (indi Sankt-Peterburq) Mərkəzi Tarix Arxivində, Tiflis və Bakı arxivlərində gərgin işləyir. Gəncə adını çəkmək qadağan olunduğu bir zamanda gənc aspirant Leninqradın, Tiflisin və Bakının arxivlərində Gəncə tarixi ilə əlaqədar xeyli sənəd toplayır. Millətə tarixi həqiqətləri çatdırmaq arzusu tədqiqatçı Fəxrəddin Məmmədovu tərk etmir. Elmi araşdırmaları da çox uğurlu gedir.

Çar Rusiyası Cavad xanı öldürüb ölkəni işğal etdikdən sonra da qəzəbi soyumamışdı. Gəncə adı səslənəndə xalqın şərəfli tarixi yada düşdüyü üçün onun adını dəyişib Yelizavetpol qoymuşdular. Bununla da irəlidə olacaq hər cür yasaqlara start vermişdilər. Sovet hakimiyyəti illərində - ötən əsrin 70-ci illərində dissertasiya mövzusu olaraq Gəncə tarixinə müraciət etmək, mübaliğəsiz, cəsarətli bir idi. Fəxrəddin müəllim arxivlərdə daha dərindən, daha məhsuldar tədqiqatlar aparırdı, oxuyub bildiklərini arxiv dəftərinə yazırdı. O zaman arxivlərə girəndə qalın dəftər səhifələnir, surquclanır və bir sıra qadağalarla tədqiqatçıya verilirdi. Hansı sənədlərin arxivdən çıxarılmasının qadağan olunduğu hər bir tədqiqatçıya bildirilirdi. Arxiv sənədlərini dəftərə yazdıqdan sonra həmin dəftər nəzarətçiyə təqdim olunurdu. O vaxt arxivdə işləyənlərə belə xeyi-dua verirdilər;

"Allah səni qeydiyyatçının qayçısından uzaq etsin”. Amma uzaq olmaq da mümkün deyildi. Dəftəri qeydiyyatçıdan aldıqda səhifələrin çoxu qayçılanmış olurdu...

Nəhayət, o, arxivlərdən topladığı, çoxu da ilk dəfə elmi mübadiləyə daxil olan sənədlər əsasında namizədlik dissertasiyasını tamamlayıb müdafiəyə təqdim etdi. İndiki kimi yadımdadır. 1977-ci ildə Fəxrəddin Məmmədovun müdafiəsində iştirak edirdim. Elmi Şuranın o zaman çox nüfuzlu üzvlərinin əksəriyyəti onun haqqında yüksək fikir söylədilər və əminliklə bildirdilər ki, F.Məmmədovun hələ irəlidə böyük araşdırmalarının şahidi olacaqlar. Bu, gənc alimə olan inamla bağlı idi. Onun qarşısında qoyulan vəzifə idi.

1983-cü ildə gənc tarixçi "İnqilab barrikadalarında” kitabında Gəncə tarixi haqqında maraqlı faktları elmi mübadiləyə daxil etdi. Orada qeyd olunurdu ki, Azərbaycanda milli ruhlu ziyalılarımızın yetişdiyi ən mühüm mərkəzlərdən biri Gəncə olmuşdu. Həqiqət də bundan ibarət idi. Tədqiqatçı əsərlərini rus dilində də çap etdirmişdi. 1987-ci ildə Fəxrəddin müəllim əsas fikirlərini rus dilində çıxan "Gəncə” kitabında verir. 2000-ci ildə tarixçi şah əsərini - "Ulu Gəncə” kitabını nəşr etdirir. 2003-cü ildə Fəxrəddin Məmmədovun "İstiqlal mücadiləmizin beşiyi - Gəncə” əsəri işıq üzü görür. Artıq müstəqillik qazandığımız ölkədə Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş yazmaq olardı. Kitabda ilk dəfə sovet hakimiyyətinə qarşı Gəncə üsyanı haqqında yeni faktlar elmi mübadiləyə daxil edilmişdi.

1990-cı ildə Fəxrəddin Məmmədov doktorluq dissertasiyasını müdafiə edir. Bu dissertasiya işində Gəncə quberniyasının XIX əsrin sonu, XX əsrin əvvəllərindəki tarixi fundamental şəkildə tədqiq olunur.

Professor F.Məmmədov bir müddət AMEA-nın Tarix İnstitutunun baş elmi işçisi vəzifəsində çalışır. 1994-cü ildə Azərbaycan Tibb Universitetində müsabiqə yolu ilə Tarix kafedrasının müdiri seçilir. O, Azərbaycan Tibb Universiteti Elmi Şurasının qərarı ilə həmin universitetin professoru olur. Hazırda respublikada Tarix üzrə İxtisaslaşdırılmış Müdafə Şurasının üzvüdür. Onlarla kitabı, 100 məqaləsi çap olunub. 10-dan artıq beynəlxalq konfranslarda iştirak edib, nüfuzlu tədbirlərin rəhbəri olub. Ondan artıq elmlər namizədi hazırlayıb. Çox maraqlıdır ki, professor Fəxrəddin Məmmədovun rəhbərlik etdiyi dissertantların çoxu Gəncə tarixinin müxtəlif mövzuları üzrə araşdırmalar aparıb. Ona görə professor Fəxrəddin Məmmədova Gəncənin fəxri vətəndaşı deyirlər. O, 20-dən çox elmlər doktorunun elmlər namizədinin opponenti olub. Ömrünün 50 ilini Azərbaycan tarixinin çox mühüm problemlərinin öyrənilməsinə həsr edib. Professor Fəxrəddin Məmmədovun ABŞ Yəmən mətbuatında "Qarabağ probleminin sülh yolu ilə həll olunmasında Heydər Əliyevin rolu "Yolumuz demokratiya yoludurmövzularında məqalələri çap edilib.

Fəxrəddin Məmmədov ömrünün şərəf zirvəsini yaşayır. İrəlidə isə hələ fəth etməli qədər zirvələr var.

 

Həsənbala SADIQOV,

professor, əməkdar müəllim

 

Azərbaycan.- 2018.-13 dekabr.- S.7.