Nüfuzlu beynəlxalq qurumlar Azərbaycanla əməkdaşlıqda
maraqlıdır
FAO ölkəmizi özünün
etibarlı tərəfdaşı sayır
Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 1945-ci ildə yaradılıb. Həmin il İkinci Dünya müharibəsi də başa çatmışdı. Bu müharibənin insanlara gətirdiyi bəlalardan biri ərzaq çatışmazlığı idi. Yaranan problemin aradan qaldırılması üçün FAO dünyada kənd təsərrüfatı məhsulları ilə təminatın yaxşılaşdırılması məqsədilə fərdi və kollektiv fəaliyyət proqramlarını həyata keçirmək, həmçinin bu sahədə hökumətlərarası təşkilatların işlərinin əlaqələndirilməsi üzrə ixtisaslaşdı.
Məlumdur ki, Azərbaycan dünyanın bütün beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq edir, bunun sayəsində etibarlı tərəfdaş statusunu qazanıb. Belə təşkilatlardan biri də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır. Ölkəmiz 20 oktyabr 1995-ci ildən bu qurumun üzvüdür. Ötən dövr ərzində FAO tərəfindən Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın artırılması, aqrar islahatların həyata keçirilməsi və intensivləşdirilməsi, ərzaq təhlükəsizliyi ilə bağlı bir sıra problemlərin həllinə yönəlmiş layihələr həyata keçirilib. FAO ölkəmizə etimad göstərərək 2007-ci ildə Azərbaycanda nümayəndəliyini açıb. Yeri gəlmişkən qeyd edək ki, bu təşkilat dünyanın 191 ölkəsində fəaliyyət göstərsə də, 130 ölkəsində nümayəndəliyə malikdir.
Dünyada elm, texnika və texnologiyaların inkişaf etdiyi bir dövrdə hələ də aclıq çəkənlər var. Özü də onların sayı milyonlarladır. İnkişaf etmiş ölkələr əhalinin ərzaqla təminatı üçün kənd təsərrüfatına müxtəlif güzəştlər tətbiq edirlər ki, ərzaq çatışmazlığı problemi ilə qarşılaşmasınlar. Çünki ərzaq çatışmazlığı sosial partlayış yarada biləcək çox həssas problemdir. Digər tərəfdən, inkişaf etmiş ölkələrdə ərzaq bolluğu ərzaq itkisinə səbəb olur. Bu da, bir növ, dünyanın o biri başında ərzaq qıtlığından əziyyət çəkənlərin sayını artırır.
Odur ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ərzaq itkilərinin və ərzaq tullantılarının azaldılması təşəbbüsü ilə çıxış edir. BMT-nin Xəbərlər Mərkəzi bildirir ki, bu təşəbbüsün həyata keçirilməsi aclıq çəkən insanlara kömək etməyə yönəlib.
Məlumat üçün bildirək ki, hazırda hər il dünyada istehsal edilən ərzağın təqribən 30 faizi itirilir və ya tullanır. FAO-nun bəyanatında deyilir: "Bir milyarda yaxın insanın aclıq çəkdiyi bir vaxtda bu, yolverilməz israfçılıqdır. Üstəlik, bu vəziyyət ərzaq istehsalında istifadə edilən əmək, enerji, torpaq, su ehtiyatlarının və digər resursların itkisinə gətirib çıxarır”. FAO-nun həmin sənədində daha sonra qeyd edilir ki, ərzaq itkisinin qarşısının alınması layihələrinə vəsait qoyulması həm də yoxsulluğa qarşı mübarizəyə sərmayə yatırılması deməkdir. Belə layihələr sabit ərzaq sistemləri yaradılmasına kömək edir.
Bu gün dünyada aclıq çəkən insanların sayı təqribən 815 milyon nəfərdir. Çox qəribədir ki, onların əksəriyyəti kənd yerlərində yaşayır. Ümumiyyətlə, ərzaq itkisi məhsul yetişdirilərkən, tədarük və emal edilərkən, ən başlıcası isə son istifadə zamanı baş verir. Buna görə də həmin problemin həllinə kompleks yanaşılmalıdır. Ərzaq israfçılığının qarşısının alınması ilkin prosesdən son anadək düzgün aparılmalıdır.
Ən böyük məsuliyyət isə istehlakçıların üzərinə düşür. Təcrübə göstərir ki, ərzaq itkisi iaşə xidmətləri obyektlərində və ailələrdə baş verir. Bu da təbiidir. Çünki ərzaqdan son istifadə bu yerlərdə olur. Ölkəmizdə xüsusilə toy və yas mərasimlərində ərzaq itkisinə yol verilməsi barədə dəfələrlə həyəcan təbili çalınıb. Hələ ki, konkret irəliləyiş müşahidə edilmir. Ərzaq israfçılığı ölkəmizin maliyyə və maddi resurslarına da zərbə vurur. Unutmayaq ki, bir çox ərzaq məhsullarını valyuta ilə xaricdən idxal edirik. Əgər ərzaqdan istifadə edərkən itkiləri minimum endirsək, bir o qədər həm ölkə, həm də büdcəmizə qənaət etmiş olarıq.
Məsələnin ciddiliyini nəzərə alaraq, FAO-nun yeni təşəbbüsü BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli tədbirdə geniş müzakirə olunub. Tədbir iştirakçıları ərzaq itkisinin və ərzaq tullantılarının azaldılması məsələlərinə bütün ölkələrdə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, problemin həlli üçün 17 bənddən ibarət Davamlı İnkişaf Hədəflərindən ikinci hədəfə nail olmaq lazımdır. Ərzaq itkisi təkcə aclıqla nəticələnmir. FAO-nun baş direktoru Joze Qrasianu de Silva deyib ki, itkilərin qarşısının alınması böyük iqtisadi əhəmiyyət kəsb edir. Aparılan hesablamalara görə, ərzaq itkisinin və ərzaq tullantılarının azaldılması tədbirlərinə qoyulan 1 dollar son nəticə etibarilə 14 dollar qazanc gətirir. Yəni bu sahədə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər icra olunarsa, dünyada maddi resursların və insan əməyinin boş yerə xərclənməsinin qarşısı alına bilər.
Azərbaycan FAO ilə səmərəli əməkdaşlıq edir. Hazırda FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində ailələrin ərzaq təhlükəsizliyinə, kənd yaşayışının yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına hesablanan yeni layihə icra olunur. FAO ölkəmizdə aqrar sektorda həyata keçirilən islahatları da yüksək qiymətləndirir. Təşkilatın baş direktoru Joze Qrasianu de Silva Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürdüyünü və Azərbaycanın yoxsulluğu 5 faizədək aşağı salmağa nail olan azsaylı ölkələrdən biri olduğunu qeyd edib.
Rüstəm KAMAL
Azərbaycan.-
2018.-13 dekabr.- S.1; 7.