İdman sahəsində
uğurlarımız beynəlxalq idman qurumları tərəfindən
yüksək qiymətləndirilir
Dekabrın 13-də Milli
Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr
olunan mərasim keçirilib.
AZƏRTAC xəbər verir
ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin
başçısı tədbirdə çıxış
etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Əziz dostlar, 2018-ci il
sona yaxınlaşır. Hər il
idmançılarla görüş zamanı biz ilin idman
yekunlarını müzakirə edirik, gələcək planlar
haqqında danışırıq. 2018-ci il
ölkəmiz üçün çox uğurlu il
olmuşdur. Bütün sahələrdə, o
cümlədən idman sahəsində ölkəmiz
böyük uğurlar əldə etmişdir.
Dünyada isə bildiyiniz
kimi, 2018-ci ildə bir çox təhlükəli proseslər
getmişdir və demək olar ki, beynəlxalq vəziyyət
daha da gərginləşmişdir. Qanlı toqquşmalar,
müharibələr, etiraz aksiyaları və digər hadisələr
demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir.
Azərbaycanda isə sabitlik,
təhlükəsizlik təmin edilmişdir. Azərbaycan
öz yolu ilə uğurla gedir və qarşıda duran
bütün vəzifələri icra edir. Əlbəttə,
biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda,
Yaxın Şərqdə gedən proseslər narahatlıq
doğurur.
Bildiyiniz kimi, bu il
Ermənistanda çox ciddi dəyişikliklər baş
vermişdir. İyirmi il ərzində
hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi
çökdü və bizim dediyimizi indi erməni xalqı
deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində
öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə
tam uyğundur. Onu da deməliyəm ki, bizim
ardıcıl, məqsədyönlü siyasətimiz kriminal
xunta rejiminin çökməsində öz rolunu
oynamışdır. Çünki bizim
siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız
işğal altındadır, biz bütün imkanlardan istifadə
edib Ermənistanı təcrid vəziyyətində
saxlayacağıq və buna nail olduq.
Bizim təşəbbüsümüzlə
reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan
yan keçir.
Bizim siyasətimiz nəticəsində Ermənistanda
demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi
surətdə tərk edir, iqtisadi inkişaf üçün
heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur,
onların beynəlxalq bazarlara çıxışı
çox çətinləşib. Beynəlxalq
müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf
bizik. Yəni, bütün bu və
başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz
Ermənistanı bu ağır vəziyyətə
salmışdır.
İşğal edilmiş
torpaqlarımızın bir hissəsinin iki il
bundan əvvəl işğalçılardan azad edilməsi,
o torpaqlarda Azərbaycan bayrağının
qaldırılması kriminal rejimə çox böyük zərbə
olmuşdur. O vaxtdan bu günə qədər o ölkənin
güclü olmayan dayaqları daha da laxlayaraq sıradan
çıxıb. Yəni, bu, bizim
qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün daha əlverişli vəziyyət yaranıb.
Bir çox amillər bunu deməyə əsas
verir. İlk növbədə, bizim artan
gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi
gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə
əsas verir. Biz bu istiqamətdə öz
ardıcıl siyasətimizi davam etdirəcəyik.
Eyni zamanda, Azərbaycan bu
gün dünya miqyasında çox böyük hörmətə
layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq
nüfuzumuz artır. Mən bunu dəfələrlə
qeyd edirəm və bu, sadəcə olaraq sözlər deyil.
Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar
və qətnamələri olmuşdur. İkitərəfli
sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks
etdirərək öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq
prioritetləri sənədinin imzalanması çox əlamətdar
hadisə idi. Bu sənəddə göstərilir
ki, Azərbaycanın ərazi bütövlüyü,
suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir.
NATO-nun Zirvə görüşündə ərazi
bütövlüyümüzlə bağlı çox önəmli
məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə
daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz
artır, bunu nəzərdə tuturam. Eyni
zamanda, Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta
Ermənistanın üzv olduğu, bizim üzv
olmadığımız təşkilatlarda da bizim
mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda
isterikaya səbəb olur.
Dünən Bakıda Rusiya və
NATO-nun ali hərbi rəhbərlərinin
növbəti görüşü olmuşdur. Bu,
birinci görüş deyil. Bundan əvvəl
Amerika və Rusiya baş qərargah rəislərinin Bakıda
görüşü olmuşdur. NATO-Rusiya
hərbi rəhbərlərinin görüşü də
mütəmadi olaraq Azərbaycanda keçirilir. Bu, çox əlamətdar hadisədir. Dünyada BMT-yə üzv olan 200-ə yaxın
ölkə var və bu ölkələr arasında bu
görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu
görüş Azərbaycanda keçirilir. Nəyə görə? Bunun bir
neçə səbəbi var. İlk növbədə, bizə
olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır,
sözümüzlə əməlimiz arasında heç bir fərq
yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və
sözümüzün arxasında dayanırıq. Digər tərəfdən, bizə olan hörmət.
Bu gün apardığımız siyasət bizə
dünyada çox böyük hörmət qazandırıb,
Azərbaycana çox böyük rəğbət var.
Müstəqil siyasət apararaq, sözün əsl mənasında,
müstəqil ölkə kimi özümüzü təsdiq
edə bilmişik. Hesab edirəm ki, bu,
ikinci səbəbdir. Üçüncü
səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO
ilə bizim sıx əlaqələrimiz var. Rusiya ilə
strateji tərəfdaşlıq əlaqələrimiz gündən-günə
güclənir. NATO ilə bir çox
proqramlar əsasında işləyirik, Əfqanıstana
sülhməramlı əməliyyatların keçirilməsi
üçün böyük dəstək oluruq, yardımlar
edirik və digər amillər burada rol oynayıb. Amma bir daha Azərbaycan ictimaiyyətinin diqqətini
bu məsələyə cəlb etmək istəyirəm ki, məhz
Azərbaycanda bu dünya üçün çox
böyük əhəmiyyət daşıyan görüş
keçirilir.
Azərbaycan iqtisadi sahədə
bütün vəzifələri uğurla icra edir. İqtisadiyyatımız
artır, sosial məsələlər öz həllini
tapır. 2018-ci ildə bir çox önəmli
infrastruktur layihəsi uğurla icra olunmuşdur, nəqliyyat və
neft-qaz sahələrində tarixi nailiyyətlər əldə
edilmişdir. Bütün bunları biz
etmişik, Azərbaycan xalqının böyük dəstəyi
ilə buna nail olmuşuq.
Beləliklə, ilə yekun vuraraq
qeyd etmək olar ki, bu il də çox
uğurlu olmuşdur, o cümlədən idman sahəsində.
İdmançılarımız bizi hər il
sevindirir. Bizim cəmiyyətimiz buna artıq
öyrəşib. Bu il
idmançılarımız tərəfindən dünya,
Avropa çempionatlarında və digər beynəlxalq
yarışlarda 800-ə yaxın medal, o cümlədən 263
qızıl medal əldə edilmişdir. Bu,
böyük nəticədir, böyük qələbədir.
Bu qələbə münasibətilə
idmançılarımızı təbrik edirəm.
Bu qələbələr,
sadəcə olaraq, idman qələbələri deyil. Çünki
hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin
vətənpərvərlik ruhunu artırır, Azərbaycanı
dünyada güclü idman ölkəsi kimi
tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə
aparır, idmanın kütləviliyini təmin edir. Yəni, idman qələbələri,
idmançılarımızın uğurları çox
böyük məna daşıyır. Buna
görə biz idmançılarımıza minnətdarıq.
Eyni zamanda, onu da böyük məmnunluq hissi ilə
elə qeyd etməliyəm ki, bizim
idmançılarımızın mütləq əksəriyyəti
həyatda da, məişətdə də gözəl
nümunə göstərir, vətənpərvərlik, ləyaqət
nümunəsi göstərir. Əlbəttə
ki, idmançılara cəmiyyətdə olan hörmət
çox yüksək səviyyədədir. Uşaqlar, yeniyetmələr bizim
çempionlarımıza oxşamaq istəyirlər. Bu da təbiidir. Mən əminəm
ki, bundan sonra da idmançılarımız bizi,
xalqımızı sevindirəcəklər.
Gözəl gənc nəsil
yetişir. Gənclər arasında keçirilmiş beynəlxalq
yarışlarda da biz gözəl nəticələr göstəririk.
Gənc nəslin yetişməsi nəticəsində
biz bu uğurları əldə edirik. Biz Rio Olimpiya
Oyunlarında 18 medal qazanmışıq. Bu medalları qazanan
həmin o gənclərdir ki, beş-altı il
bundan əvvəl yeniyetmələrin yarışlarında
iştirak ediblər. Biz medalların sayına
görə Rioda 14-cü yerə qalxa bilmişdik. Bu, tarixi nailiyyətdir. Bunu təkrarlamaq
çox çətin olacaq. Onu da qeyd etməliyəm ki,
növbəti Yay Olimpiya Oyunlarına hazırlıq gələn
il həlledici mərhələyə qədəm
qoyacaq. Əlbəttə, biz çox ciddi
hazırlaşmalıyıq ki, ölkəmizi Olimpiya
Oyunlarında ləyaqətlə təmsil edək.
Bilirsiniz ki, idman
infrastrukturunun yaradılması işində böyük
uğurlar əldə edilib. Ancaq rayonlarda 44 Olimpiya
İdman Mərkəzi tikilib və fəaliyyət göstərir.
Bu il bir mərkəz tikilib, gələn il
isə üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə
tutulur. Beləliklə, onların sayı 47-yə
çatacaqdır.
Ölkəmizdə beynəlxalq
idman yarışlarının keçirilməsi ənənəyə
çevrilib.
Əlbəttə ki, biz Avropa, İslam Həmrəyliyi
oyunlarını xatırlaya bilərik. Bu il
ölkəmizdə dünya, Avropa çempionatları
keçirilmişdir. Formula 1 yarışı
üç ildir Azərbaycanda, Bakıda keçirilir. Bu
il və keçən il ümumi rəyə
və bu məsələ ilə məşğul olan ictimai
qurumların fikrinə görə, bizim
yarışımız – Bakı yarışı ən
gözəl yarış olmuşdur. Bu da
çox gözəl hadisədir. Çünki
bu da göstərir ki, bizim qəbul edilmiş hər bir qərarımız
düzgün qərardır, gözəl nəticə verir.
Bilirsiniz ki, ölkəmizə
turistlərin axını davam edir. Turistlərin sayı 2016-cı ildə
22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında 6 faizdən
çox artmışdır. Düzdür, əvvəlki
illərə nisbətdə artım bir qədər
aşağıdır, ancaq biz bilməliyik ki, baza artır.
Yəni, hər il bundan sonrakı ildə
bu yüksək artımı əldə etmək daha çətin
olacaq. Ancaq bu istiqamətdə də çox
ciddi işlər aparılır. Deyə
bilərəm ki, şəhərin mərkəzində
keçirilən Formula 1 yarışının turistlərin
cəlb edilməsində xüsusilə çox böyük
rolu, payı var.
Azərbaycanın idman sahəsində
uğurları beynəlxalq idman qurumları tərəfindən
yüksək qiymətləndirilir. Həm Beynəlxalq Olimpiya Komitəsi,
həm də Avropa Olimpiya Komitəsi bizim fəaliyyətimizə
çox yüksək qiymət verir. Gələn il Bakıda Avropa Gənclər Olimpiya
Festivalı keçiriləcəkdir. Bu, gənclər
arasında Avropa Oyunlarının bir növüdür. Biz bu yarışa da ciddi hazırlaşırıq.
Bizdə əldə edilmiş təcrübə
deməyə əsas verir ki, bu yarış yüksək səviyyədə
keçiriləcək.
Gələn il
tarixdə ilk dəfə olaraq, Bakıda futbol üzrə
Avropa Liqasının final görüşü keçiriləcəkdir.
Bu görüşü Bakıda keçirmək
o qədər də asan məsələ deyil. Bir çox şəhərlər bu istiqamətdə
mübarizə aparır. Məhz ölkəmizin ümumi
inkişafı, mövcud olan infrastruktur, idman obyektləri,
gözəl Olimpiya Stadionu, gözəl otellər, təhlükəsizlik,
xalqımızın qonaqpərvərliyi və digər amillər
bu qərarın verilməsində rol oynayıb.
Yəni, biz inamla irəliyə
gedirik. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir.
İdmançılara hər zaman yüksək
qiymət verilir, diqqət göstərilir. Mən 21 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin
prezidenti kimi həmişə çalışmışam ki,
idmançılara qayğı, diqqət göstərim,
onların problemlərini həll edim, onların gözəl
çıxışları üçün şərait
yaradım. Əlbəttə ki, hər bir
nəticə, hər bir uğur gərək qiymətləndirilsin.
Ənənəvi olaraq, biz ilin sonunda
idmançıları yüksək dövlət
mükafatları ilə, pul mükafatları ilə və mənzillərlə
mükafatlandırırıq. Bu il də
bu mükafatlar verilir, o cümlədən görkəmli idman
nümayəndələrimizə 25 mənzil veriləcəkdir.
Mən bir daha Azərbaycan
idmançılarını əldə edilmiş uğurlar
münasibətilə təbrik edirəm. Əziz
idmançılar, sizə yeni qələbələr,
uğurlar arzulayıram. Sağ olun.
***
Sonra Azərbaycanda bədən
tərbiyəsinin və idmanın inkişafında xidmətləri
olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan
idmançılara və idman mütəxəssislərinə
mükafatlar təqdim edildi.
Azərbaycan Prezidenti ölkəmizdə
bədən tərbiyəsi və idmanın inkişafında
xidmətlərinə görə İsmayıl Həşimova,
Tanziliya Deminaya, Yaqub Məmmədova, Vahid Məmmədova,
Şamil Əlimzanova, İbrahim İbrahimova və Svetlana
İşməmmədovaya "Əməkdar bədən tərbiyəsi
və idman xadimi” fəxri adının döş
nişanlarını və vəsiqələrini təqdim
etdi.
Dövlətimizin
başçısı Azərbaycanda idman səhiyyəsinin
inkişafında xidmətlərinə görə Esmiralda
Ələkbərovaya "Əməkdar həkim” fəxri
adının döş nişanını və vəsiqəsini
təqdim etdi.
Ölkəmizdə
idmanın inkişafında xidmətlərinə görə
Elşad Nərimanova, Elxan Əliyevə və Ağasəlim
Mircavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
verilməsi haqqında sənədlər təqdim olundu.
Sonra Prezident İlham
Əliyev Elçin Zeynalova "Olimpiya” ordenini təqdim etdi.
Tədbirdə, həmçinin Oktay
Mehtiyev, Azər Aslanov, Vüqar Qasımov, Mustafa Əhmədov,
Azad Əsgərov və Ceyhun Əşrəfov Milli Olimpiya
Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif
olundular.
Daha sonra Prezident İlham
Əliyev 2018-ci ildə yüksək nailiyyətlər göstərmiş
bir qrup idmançıya və idman mütəxəssisinə
yeni mənzillərin orderlərini təqdim etdi.
**
Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının professoru
Elşad Nərimanov Prezident İlham Əliyevin diqqət və
qayğısı sayəsində akademiyada uğurlu
islahatların aparıldığını bildirdi. Qeyd etdi ki, həyata
keçirilən islahatlar çərçivəsində Azərbaycan
Gimnastika Federasiyası Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının idman zalını təmir
etdirib və bu zal zəruri gimnastika avadanlığı və
alətləri ilə təchiz olunub. Akademiyanın
bütün beynəlxalq tədbirlərdə
iştirakına, icra olunan layihələrə verdiyi dəstəyə
görə birinci xanım, Azərbaycan Gimnastika
Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlıq
edən Elşad Nərimanov ona təqdim olunan mükafata
görə Prezident İlham Əliyevə təşəkkürünü
bildirdi.
***
Əməkdar bədən tərbiyəsi
və idman xadimi Elçin Zeynalov ulu öndər Heydər
Əliyevi dərin ehtiramla xatırladı, onunla
görüşlərini yada saldı. Ümummilli Liderin idman
ictimaiyyətinə hər zaman qayğı ilə
yanaşdığını, bunun Azərbaycan
idmançılarının beynəlxalq yarışlarda
uğurla çıxış etmələrinə stimul
verdiyini bildirdi.
Elçin Zeynalov Prezident
İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
ölkədə idmanın inkişafına və
idmançılara göstərdikləri diqqət və
qayğıya görə təşəkkürlərini
çatdırdı.
***
Daha sonra Milli Olimpiya Komitəsinin
İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab
Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar
incəsənət xadimi Zərifə Salahova Azərbaycan
Prezidenti İlham Əliyevə xatirə hədiyyələri
təqdim etdi.
Azərbaycan. - 2018.-14 dekabr.- S.1-2.