Azərbaycana
olan yüksək beynəlxalq etimadın nümunəsi
Bakı bu il
ikinci dəfədir ki, Rusiya-NATO yüksək hərbi rəhbərliyinin
danışıqlarına evsahibliyi edir
NATO Müttəfiq Qüvvələrinin
Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
Valeri Gerasimov arasında növbəti görüş
dekabrın 12-də yenə Bakıda keçirildi.
Bundan əvvəl isə bu iki
general arasında görüş aprel ayında Bakıda
baş tutmuşdu. Valeri Gerasimovun 2017-ci ilin fevralında
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah
rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford,
2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri,
general Petr Pavel ilə görüşlərinə də
evsahibliyini Bakı etmişdi.
Risklərin
qarşısının alınmasına xidmət edən
görüşlər
Rusiya ilə NATO və ABŞ
arasında aparılan danışıqlar dünyanın
siyasi-hərbi gündəmində kifayət qədər ciddi
hadisələrdən biridir. Ona görə ki, bu
danışıqları aparanlar qarşı qütblərdə
dayanan, beynəlxalq münasibətlərdə xüsusi
çəkisi və iddiası olan tərəflərdir. Belə
görüşlərdə hansısa sıradan olan məsələlər
deyil, olduqca vacib, Avropanı, Amerikanı və
bütövlükdə dünyanı narahat edən məsələlər,
hərbi-siyasi nüfuz uğrunda mübarizədə yaranan
ziddiyyətlər müzakirə olunur.
Hər gün kütləvi
informasiya vasitələrində NATO və Rusiya hərbçilərinin
üz-üzə gəldiyi, təyyarələrinin bir-birinin
hava zonasına, gəmilərinin isə dəniz sularına
yaxın məsafələrdə manevrlər etdiyi barədə
xəbərlər oxuyuruq. Gün kimi aydındır ki,
hansısa qığılcım, tərəflərdən
birinin emosiyalarını cilovlaya bilməməsi dəhşətli
müharibənin başlanmasına səbəb ola bilər.
Ona görə istər Rusiya ilə NATO, istərsə də
ABŞ ali hərbi heyətləri arasında aparılan
danışıqlar potensial hərbi toqquşmaların baş
verməməsi üçün mühüm əhəmiyyət
daşıyır. Bütövlükdə bu
danışıqlar risklərin qarşısının
alınması, qarşılıqlı etimadın möhkəmlənməsi
işinə xidmət edir.
NATO və Rusiya arasındakı
ziddiyyətlər Azərbaycanı narahat etsə də,
aparılan danışıqların əslində ölkəmizə
heç bir aidiyyəti yoxdur. O baxımdan ki, bu
görüşlərdə Azərbaycanla bağlı məsələlər
müzakirə olunmur. Bununla belə, bütün
dünyanın izlədiyi son görüş ölkəmiz
üçün də vacib əhəmiyyət
daşıyır. Çünki bu görüş yenə də
Bakıda keçirilir.
Müstəqil
siyasətin təzahürü
Artıq Bakıda
dördüncü dəfədir ki, bu səpkili
görüş keçirildi. Belə görüşlər
üçün tərəflər ya hansısa NATO
üzvü olan ölkəni, ya Rusiyanı, ya da
üçüncü ölkəni seçməli idilər.
Amma söhbət tarix boyu bir-biri ilə rəqabətdə
olan tərəflərdən getdiyindən
görüşün keçirilmə məkanının
seçilməsi də siyasi əhəmiyyət kəsb edir.
Görünən odur ki, NATO komandanının Moskvaya, onun
rusiyalı həmkarının isə NATO üzvü olan dövlətə
getməsi məqbul sayılmır. Deməli, bu
görüş üçün üçüncü
dövlətin seçilməsi zərurəti yaranıb.
Üçüncü dövlətlərin sayı isə
kifayət qədər çox olsa da, tərəflər hər
dəfə məhz Bakını seçirlər. Bunun səbəbləri
müxtəlifdir.
İlk növbədə bu hadisə
Azərbaycanın müstəqil siyasətinin olduqca
mühüm uğurudur. Belə ki, generalların
görüş yeri üçün Azərbaycanın
seçilməsi rəsmi Bakının həyata keçirdiyi
müstəqil siyasətin dünyanın güc mərkəzləri
və böyük ölkələri tərəfindən
hörmətlə qarşılanmasının və qəbul
edilməsinin əyani təsdiqidir. Prezident İlham Əliyevin
müstəqil xarici siyasəti nəticəsində Azərbaycan
həm NATO, həm də Rusiya ilə ötən 15 ildə
qarşılıqlı faydalı əməkdaşlıq və
tərəfdaşlıq əlaqələrini inkişaf
etdirib. Üstəlik Azərbaycan Prezidentinin həm NATO
üzvü olan dövlətlərin rəhbərləri, həm
də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı
hörmətə və etimada əsaslanan yüksəksəviyyəli
əlaqələri var. Prezident İlham Əliyev Amerikada və
Avropada etibarlı tərəfdaş, dünya səviyyəli
siyasi lider kimi qəbul edilir. Bu mənada generalların
görüş yeri üçün Bakının seçilməsi
Prezident İlham Əliyevə olan etimadın, eyni zamanda Azərbaycanın
dünya miqyaslı nüfuzlu ölkə olmasının və
ona böyük hörmətlə
yanaşıldığının təzahürüdür.
Bu görüş
üçün Bakının seçilməsi həm də
təhlükəsizliklə bağlıdır. Təbii ki,
söhbət iki böyük dövlətin ordusunun baş qərargah
rəisinin görüşündən getdiyindən təhlükəsizlik
məsələləri də önə çəkilir. Bu mənada
görüş üçün Bakının seçilməsi
Azərbaycanda təhlükəsizliyin də yüksək səviyyədə
olmasının göstəricisidir.
Təhlükəsizlik
məsələlərinin müzakirə olunduğu strateji mərkəz
Prezident İlham Əliyev
dekabrın 12-də Rusiya Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi
nümayəndə heyətini qəbul edib. Söhbət
zamanı dövlət başçısı bildirib ki, Rusiya
ilə NATO-nun yüksək hərbi rəhbərliyi
arasında görüşün keçirilməsi
üçün Bakının seçilməsi bizim ölkəyə
hörmətin, etimadın göstəricisidir və bir daha Azərbaycanın
dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə
xidmət edən mühüm beynəlxalq tədbirlərin
müntəzəm olaraq keçirildiyi məkana
çevrildiyini göstərir. Azərbaycan bunu yüksək
qiymətləndirir. Öz növbəsində NATO və
ABŞ nümayəndələri ilə artıq neçənci
dəfədir ki, Bakıda görüşdüklərini qeyd
edən Valeri Gerasimov paytaxtımızın bunun
üçün çox münasib bir məkan olduğunu və
bu cür görüşlər üçün burada hər
cür şəraitin yaradıldığını
vurğulayıb.
NATO Müttəfiq Qüvvələrinin
Avropadakı Baş komandanı Körtis Skaparrotti də
Prezident İlham Əliyevlə görüşdə onu və
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
etdiyinə və Rusiya Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi ilə görüşə evsahibliyinə
görə dövlətimizin başçısına minnətdarlığını
bildirib. O, Bakının NATO-Rusiya formatında
görüşünün keçirilməsi
üçün tam münasib məkan olduğunu, Azərbaycanın
artıq ikinci dəfədir ki, belə bir tədbirə
evsahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.
Bakı artıq dünyada sammitlər,
konfranslar, forumlar, multikulturalizm, mədəniyyətlərarası
və dinlərarası dialoq mərkəzi kimi tanınır.
İndi isə Bakı həm də Rusiya-NATO və
Rusiya-ABŞ ali hərbi rəhbərlikləri arasında
yüksəksəviyyəli görüşlərin
keçirilməsi üçün mühüm şəhərdir.
Bu da onu göstərir ki, Azərbaycan həm NATO və Rusiya
üçün eyni dərəcədə önəmli, həm
də qlobal təhlükəsizlik məsələlərinin
müzakirə olunduğu strateji mərkəzdir.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-
2018.-14 dekabr.- S.1; 7.