TANAP
Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən
möhtəşəm layihə
2018-ci il iyunun 12-də Türkiyədə - Əskişəhərdə TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Bu, "Cənub qaz dəhlizi” layihəsinin salnaməsində ən önəmli yerlərdən birini tutan hadisədir. Çünki TANAP bu dəhlizi yaradan üç kəməri birləşdirən möhkəm halqadır. Onu "Cənub qaz dəhlizi”nin onurğa sütunu, möhkəm qolu da adlandırırlar.
TANAP "Cənub qaz dəhlizi”nin ən böyük hissəsidir, bir tərəfdən CQBK-ya (Cənubi Qafqaz Boru Kəməri), digər tərəfdən TAP-a (Transadriatik Qaz Boru Kəməri) bağlanır. Belə ki, "Şahdəniz” qazını Azərbaycanın və Gürcüstanın ərazisi ilə daşıyan CQBK Gürcüstan-Türkiyə sərhədində TANAP-la birləşir.
TANAP Türkiyənin 20 vilayətindən, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan vilayətlərindən keçir. Marşrut boyu kəmər Türkiyənin 67 rayonunu və 600 kəndini arxada qoyub Türkiyə-Yunanıstan sərhədinə çatır və oradakı Kipoi məntəqəsində TAP-a qovuşur.
TANAP üzrə Hökumətlərarası Sazişi 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışlar.
2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdır. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqaviləsi imzalanmış və kəmərin detallarının layihələndirilməsinə başlanmışdır. 2015-ci il martın 17-də isə Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməli qoyulmuşdur. Mərasimdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçıları iştirak etmişlər.
Lakin TANAP təkcə region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün önəm daşıyan layihədir. Azərbaycan qazının Avropaya yolu məhz
TANAP-ın vasitəsilə Türkiyədən keçir. Avropanın bu qaza böyük ehtiyacı var. Ümumiyyətlə, dünyada qaza olan tələbat getdikcə artır. Müxtəlif neft regionlarında istismar olunan qaz yataqlarının ehtiyatları getdikcə azalır. Yeni yataqlar isə heç də tez-tez kəşf olunmur. Bu baxımdan Xəzərin Azərbaycan sektorundakı zəngin "Şahdəniz” qaz-kondensat yatağının ehtiyatları daha mühüm əhəmiyyət kəsb edir. O, 1,2 trilyon kubmetr mavi yanacaq sərvətinə malik olan, "Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyini təşkil edən möhtəşəm yataqdır.
"Şahdəniz-2” çərçivəsində ildə 16 milyard kubmetr qazın əldə olunacağı gözlənilir ki, bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri
TANAP vasitəsilə TAP-a ötürülərək Avropaya ixrac ediləcək. Daha sonra nəql olunan qazın həcmi artacaq, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə 31 milyard kubmetrə çatacaq.
Başqa sözlə, TANAP Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən layihədir. Bu layihə ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatını daha da təkmilləşdirmişdir. Belə ki, layihədə Azərbaycanın SOCAR, Türkiyənin BOTAŞ və Böyük Britaniyanın BP şirkətləri tərəfdaşlıq edirlər. Daha önəmli bir faktın biri odur ki, TANAP-ın əhəmiyyəti təkcə Türkiyədəki istehlakçılara mavi yanacaq çatdırmaqla bitmir. Kəmərin Türkiyədən keçirərək Avropaya ixrac etdiyi qazın 9 iri şirkət tərəfindən alınması nəzərdə tutulub. Bunlar ingilis-holland "Shell” şirkəti, Bolqarıstanın "Bulgargaz”, Yunanıstanın DEPA, Almaniyanın "Uniper”, Fransanın "Engie”, İtaliyanın "Hera Trading”, "Edison” və "Enel”, İsveçrənin AXPO şirkətləridir.
2020-ci ildə TANAP-ın nəql edəcəyi mavi yanacağı hazırda tikintisi müvəffəqiyyətlə aparılan TAP qəbul edəcək. Azərbaycan qazının ixrac yolları şaxələnəcək. Hazırda "Cənub qaz dəhlizi”ndə 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya iştirak edir. Daha üç Balkan ölkəsinin - Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinanın da növbəti mərhələlərdə layihəyə qoşulacaqları istisna deyil. "Cənub qaz dəhlizi” gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi ölkələrə çatdırılması üçün də böyük imkanlar yaradır.
TANAP-ın açılışında Prezident İlham Əliyev bununla bağlı demişdir: "TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP 7 ölkəni, bir çox şirkətləri birləşdirir. "Cənub qaz dəhlizi”nin ayrılmaz hissəsi olan
TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da TANAP-ı Azərbaycanla Türkiyə arasında etimadın, çoxtərəfli əməkdaşlığın göstəricisi adlandırmışdır. Bildirmişdir ki, Türkiyə və Azərbaycan TANAP layihəsinin reallaşdırılmasını elan edəndə bir çoxları buna inanmamışdı. Lakin bu iki ölkə indiyədək bir sıra mühüm, strateji layihələr həyata keçirmişdir. O cümlədən TANAP da regionun inkişafına kömək edəcək: "TANAP-ın sayəsində Türkiyə enerji bazarının vacib oyunçularından birinə çevrilib. Mən Azərbaycan Prezidenti İlham Əliyevə belə mühüm layihənin reallaşdırılmasına görə təşəkkürümü bildirirəm”.
Azərbaycan qazının bir çox ölkələrdəki istehlakçılar üçün çox gərəkli olduğunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də vurğulamış, "Cənub qaz dəhlizi”nin ən uzun hissəsi olan TANAP-ın istismara verilməsini mühüm mərhələ kimi dəyərləndirmişdir: "Xəzər təbii qazı artıq kommersiya əsasında Türkiyə bazarına çatdırılır... Bu gün biz niyyətləri reallığa çeviririk və Enerji İttifaqı ilə daha bir nəzərəçarpacaq nəticəni veririk. "Cənub qaz dəhlizi” enerji təchizatçıları və marşrutlarını şaxələndirməklə Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi ən həssas bölgələr də daxil olmaqla Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarı arasındakı bu "körpü”dən yararlana bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq doğurur”.
TANAP möhkəm təmələ əsaslanan kəmərdir və onun uğurla istismar ediləcəyinə şübhə yoxdur. Çünki yaranan böyük dəhlizin başlanğıcında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm layihələrin təcrübəsi dayanır. TANAP fəaliyyət göstərdiyi qısa müddətdə artıq özünü təsdiq etmişdir. Yarım ildən çoxdur ki, bu boru xətti ilə "Şahdəniz-2” layihəsinin qazı ahəngdar və təhlükəsiz nəql olunur.
Flora SADIQLI
Azərbaycan.- 2018.- 15 dekabr.-
S.1; 8.