Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi
açılıb
Dekabrın 14-də Bakı Ekspo Mərkəzində dünya
şöhrətli rəssam
Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərginin açılışı
olub.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Tahir Salahovun keçdiyi həyat yoluna və zəngin yaradıcılığına nəzər
salınıb.
Ulu öndər Heydər Əliyevin dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığına daim yüksək diqqətlə yanaşdığını deyən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yubilyara təbrik məktubları ünvanladıqlarını, dövlət başçısının xalq rəssamı Tahir Salahovu şəxsən qəbul edərək onu 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif etdiyini xatırladıb. O, Tahir Salahovun Azərbaycanın ali mükafatları ilə yanaşı, beynəlxalq səviyyədə layiq görüldüyü mükafatları da qeyd edib. Artıq bir neçə gündür ki, sərginin açılışına hazırlıq işlərinin getdiyini bildirən nazir görkəmli rəssamın ömür-gün yoluna nəzər salıb. Bildirib ki, onun həyatı və yaradıcılığı olduqca maraqlı və zəngin hadisələrlə doludur.
Sonra Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlət başçısının Tahir Salahova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2011-ci ildən Prezident İlham Əliyevin sərəncamı ilə İçərişəhərdə Tahir Salahovun ev-muzeyinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, paytaxtımıza gələn xarici qonaqlar, məktəblilər, gənclər dünya şöhrətli rəssamın ev-muzeyini böyük maraqla ziyarət edirlər.
Sonra Azərbaycanın və SSRİ-nin xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahov çıxış edib. Bildirib ki, 90 illik yubileyi münasibətilə onu ilk təbrik edən Prezident
İlham Əliyev olub. Dövlət başçısına və birinci xanıma ona göstərilən diqqətə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirən Tahir Salahov ulu öndər Heydər Əliyevin də həmişə ona qayğı ilə yanaşdığını vurğulayıb. "Tale bizi bu gün bu zala toplayıb”, - söyləyən görkəmli fırça ustası sərginin keçirildiyi məkanın Bakı Ekspo Mərkəzi seçilməsinin təsadüfi olmadığını bildirib. O deyib: "Bu məkan Bakının qədim, tarixi və müasir abidələrinə, tikililərinə yaxın yerləşir. Xoşbəxtəm ki, bu gün sizinlə birlikdəyəm”.
Sonra sərgi ilə tanışlıq olub.
Qeyd edək
ki, Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən
sərgi dekabrın 24-dək davam edəcək.
Azərbaycan.- 2018.- 15 dekabr.- S.2.