Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov dekabrın 14-də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa Avrasiya bürosu üzrə administratorunun müavini Brok Birmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Novruz Məmmədov Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında çox sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər barədə qonağa məlumat verən Baş nazir deyib: "Bildiyiniz kimi, hazırda beynəlxalq münasibətlərdə müəyyən gərginliklər müşahidə olunur. Ancaq buna baxmayaraq, Azərbaycan müəyyənləşdirdiyi inkişaf yolu ilə inamla irəliləyir demokratik tərəqqi xəttinə sadiqdir”.

Azərbaycan hökuməti ilə USAID arasında da yaxşı münasibətlərin olduğunu qeyd edən Novruz Məmmədov bildirib ki, 1992-ci ildən qurulan bu əlaqələr müxtəlif sahələri əhatə edir. "Hesab edirəm ki, ötən illər ərzində bizim kənd təsərrüfatı, səhiyyə, humanitar digər sahələrdəki əməkdaşlığımız səmərəli olub. Biz bundan sonra da əməkdaşlığımızı konstruktiv əsaslarda davam etdirmək əzmindəyik,- deyə Baş nazir vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Novruz Məmmədov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin hələ yerinə yetirilmədiyini təəssüflə qeyd edib, ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatlarının bu münaqişənin sülh yolu ilə nizamlanması istiqamətindəki səylərinin bundan sonra da davam etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Görüşdə Brok Birman ölkəmizə səfəri müddətində keçirdiyi görüşlər barədə məlumat verib.

Söhbət zamanı Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Azərbaycan.- 2018.- 15 dekabr.- S.3.