Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal
Konfransı işə başlayıb
Dekabrın 14-də Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə Parlamentlərarası İttifaqın bu mötəbər toplantısı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini və xoş arzularını iştirakçılara çatdırıb. Sədr deyib ki, ötən yüzilliyin sonlarında bəşəriyyətin mövcudluğunu qorxu altına alan qlobal təhlükələrin hamılıqla dərk edilməsi dünya sivilizasiyasının inkişafının xarakterini dəyişdirməyə yönələn beynəlxalq səylərin artmasına gətirib çıxarıb. Bu gün bir çox tədqiqatçılar dayanıqlı inkişaf prinsiplərinə keçidi sosial mühəndisliyin xüsusi bir metodu və "ekoloji politologiya” adlandırırlar. Söhbət qloballaşmanın və böhranlı halların mənfi nəticələrini aradan qaldırmağa yönələn siyasi fəaliyyətdən və ekoloji tarazlığa nail olmaq yolu ilə dayanıqlı və təhlükəsiz inkişafı təmin etməkdən gedir. Nəticə etibarilə, bütün bunlar indiki və gələcək nəsillər üçün daha etibarlı, ədalətli və humanist bir dünya qurulmasına gətirib çıxarmalıdır. "Bu baxımdan inanıram ki, konfransın sessiyalarında aparılacaq fikir mübadilələri və müzakirələr dayanıqlı inkişafın təmin edilməsində gənclərin, xüsusən gənc parlament üzvlərinin rolunun gücləndirilməsi yollarını müəyyən etməyə imkan verəcək”, - deyə o əlavə edib.
Oqtay Əsədov bildirib ki, dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər ən dinamik sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə dəyərli töhfələr verə bilərlər. Çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər. Sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin gücləndiyi dövrdə gənclər müxtəlif mədəniyyətlərə xas dəyərləri və yeni ideyaları daha tez mənimsəyirlər. Bununla əlaqədar xüsusi qeyd edilməlidir ki, bəşər sivilizasiyasının inkişafının müasir mərhələsində milli eqoizm və müstəsnalıq düşüncəsinin aradan qaldırılması, müharibə və zorakılıq fəlsəfəsinin sülh və əməkdaşlıq fəlsəfəsi ilə əvəz edilməsi üçün obyektiv imkanlar yaranıb. Yeni dünya nizamının formalaşmasında məhz gənclər həlledici rol oynamalıdırlar.
Milli Məclisin sədri deyib ki, bu gün Azərbaycan Respublikasında gənclər sosial, humanitar, iqtisadi və siyasi fəaliyyətə yaxından cəlb olunurlar. Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.
Gənclərin Azərbaycan parlamentində də önəmli mövqelərə malik olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, onlar qanunvericilik və qanunyaratma prosesi ilə bağlı gündəlik işlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarının fəaliyyətində də yaxından iştirak edirlər. Həmçinin Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün ağır nəticələri, ölkə ərazisinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsi barədə məlumatları xarici ölkələrdən olan həmkarlarına çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər. "Yeri gəlmişkən qeyd edim ki, beynəlxalq təşkilatlar bu münaqişəyə həsr olunmuş bütün qərarlarında Azərbaycan ərazilərinin işğalına son qoyulması zərurətinə istinad edirlər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, eləcə də 2008-ci ildə BMT Baş Məclisinin qətnaməsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Bu sənədlərdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib”, - deyə parlament sədri vurğulayıb. O əlavə edib ki, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatı kimi digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Sədr həm ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin hərtərəfli inkişafına mane olan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll ediləcəyinə əminliyini bildirib.
Parlamentlərarası İttifaqın bu mötəbər toplantısının Bakıda keçirilməsinin ölkəmizin siyasi həyatında çox önəmli hadisə olduğunu diqqətə çatdıran sədr deyib: "İnanıram ki, qlobal konfransda 4 qitəni, 44 ölkəni təmsil edən gənc parlament üzvləri Şərq və Qərb dünyaları arasında körpü rolunu oynayan Azərbaycan haqqında dolğun məlumat alacaq, müxtəlif mədəniyyətlərin vətəni olan ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar”.
Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron Bakının bu konfransa ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. O deyib ki, Azərbaycan gənclərlə bağlı və bu günün çağırışlarını qət etmək üçün yeni innovasiyalı həll yollarına dair təkliflər irəli sürür və onların həyata keçirilməsinə yaxşı şərait yaradır. Bu sahədə mövcud olan çağırışların aradan qaldırılması istiqamətində Azərbaycanda mühüm addımlar atılır.
Qabriela
Kuevas Barron konfrans çərçivəsində
aparılan müzakirələrin dünyadakı
çağırışların dəf edilməsinə öz töhfəsini verəcəyinə əminliyini
ifadə edib. "Bu gün dünyada gedən
dəyişikliklər göstərir ki, bundan sonra torpaq,
su, enerji
resurslarına daha çox
ehtiyac olacaq. Biz bilirik ki,
iqlim dəyişikliyi nəticəsində
qlobal temperatur 1,5 dərəcə
artıb. Bu statistik məlumatları
nəzərə almalı, ətraf mühitə yaranan təhdidlərin həyatımıza təsirlərini
bilməliyik. Dünya əhalisi növbəti
40 il ərzində 60 faiz
artacaq. Bu baxımdan ətraf
mühitə olan təsirlər gələcəkdə
vəziyyəti daha da
çətinləşdirəcək, ərzaqla bağlı
çətinliklər yaranacaq. Son bir neçə ildə altı milyard tona yaxın
balıq ehtiyatı məhv olub. Buna görə
də biz gələcəyimiz
naminə seçimlərimizi
doğru etməli, qərarlarımızı düzgün
hesablamalıyıq”, - deyə
o bildirib.
Parlamentlərarası İttifaqın Gənclər
Forumunun sədri Mourine Osoru deyib
ki, qəbul edilən siyasi qərarların gənclərə
təsir göstərməsi
təmin edilməlidir. Çünki onlar cəmiyyətin aparıcı qüvvələridir.
O bildirib ki, gənclər səylərini
birləşdirməli, təcrübələrini
bölüşərək qlobal səviyyədə səslərini eşitdirməlidirlər.
"Biz ikigünlük konfrans çərçivəsində
gələcək addımlarımızı
müəyyənləşdirməliyik.
Dayanıqlılığın təşviqi, gələcək
nəsillərin maraqlarının
müdafiəsi mövzusunda
keçirilən bu konfrans dialoq və məlumat mübadiləsi üçün
yaxşı platformadır”,
- deyə o bildirib.
Gənclərin parlamentdə iştirakçılığının
artırılmasının vacibliyini qeyd edən Mourine Osoru bildirib ki, onlar dayanıqlı
qərarlar qəbul edə bilmələri üçün səlahiyyətləndirilməlidir.
Gənclər və idman naziri
Azad Rəhimov çıxışında
Azərbaycanın gənclər
siyasəti, ölkəmizdə
gənclərə göstərilən
diqqət və qayğı barədə məlumat verib. Azərbaycanın gənc ölkə olduğunu söyləyən
nazir deyib ki, bizim əhalinin
60 faizi 30 yaşdan aşağıdır. Bu isə əhalinin üçdəiki hissəsi
deməkdir. Nazir bildirib
ki, ölkəmizdə
2001-ci ildə gənclərlə
bağlı qanun qəbul edilib, 2007-ci ildə ona düzəlişlər
edilib. Bundan əvvəl isə
1994-cü ildə Gənclər
və İdman Nazirliyi yaradılıb.
1996-cı il fevralın 2-də ölkəmizdə
ilk Gənclər Forumu
keçirilib. 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə
Gənclər Fondu yaradılıb. 2015-ci ildən Milli Məclisdə gənclər
və idman komitəsi fəaliyyət
göstərir.
Nazir qeyd edib ki,
Azərbaycanın dövlət
büdcəsindən gənclər
sahəsinə ayrılan
vəsait 2003-cü ildən
indiyədək 100 dəfə
artırılıb. Son 10 il
ərzində 41 gənclər
mərkəzi yaradılıb,
ölkədə gənclərlə
bağlılığı olan 300-dən çox qeyri-hökumət təşkilatı
var. Gənc sahibkarlar dəstəklənir və
onların öz bizneslərini yaratmalarına
lazımi kömək
göstərilir. Eyni zamanda,
Azərbaycan dövləti
2007-ci ildən bu günə kimi dünyanın 100 universitetində
3600-dən çox tələbənin
təhsil alması üçün maliyyə
yardımı göstərib.
Azərbaycan gəncləri Avropa
Şurası, BMT, Avropa
İttifaqı və
30-dan çox beynəlxalq,
humanitar təşkilatda
təmsil olunurlar.
Sonra birgə foto çəkdirilib.
Konfransın "Planetimizin
gələcək üçün
mühafizəsi: ətraf
mühitin qorunmasında
gənclərin rolu” mövzusunda birinci sessiyasında Təbiət
Qanunu Fondunun prezidenti Toni Oposa "Danışıq vaxtı
bitdi: gələcək
nəsillər üçün
iqlim ədaləti” adlı videomüraciətlə
çıxış edib.
Konfrans panel müzakirələrlə
davam edib.
Panel müzakirələrdə
Boliviya parlamentinin deputatı, Parlamentlərarası
İttifaqın Gənc
Parlament Üzvlərinin
idarə heyətinin üzvü Rut İtamari Betsaida Çok, "Təmiz Şəhər”
ASC-nin idarə heyətinin sədri Etibar Abbasov, Zambiyanın Yaşıl Partiyasının baş katibi Daniel Siçilonqo mövzu ilə bağlı çıxış
ediblər. Etibar Abbasov bildirib
ki, tullantıların
idarə olunması ətraf mühitin qorunmasında böyük
rol oynayır. Azərbaycanda bu sahəyə
xüsusi diqqət yetirilir. İnkişaf
etmiş ölkələrdə
il ərzində
adambaşına düşən
tullantıların miqdarı
400-500 kiloqram arasında
dəyişir. Azərbaycanda isə bu, 350 kiloqramdır. Ekologiya və
Təbii Sərvətlər
Nazirliyi polietilen paketlərin istifadəsinin
azaldılması istiqamətində
optimal variantlar axtarışındadır.
Yaxın
gələcəkdə həmin
məhsulların məişətdə
istifadəsinin tədricən
azaldılması nəzərdə
tutulur.
Panel iştirakçıları
planetin ekoloji cəhətdən daha yaxşı qorunması ilə bağlı təkliflər irəli sürüblər.
"Paradiqmanın dəyişdirilməsi: gələcək nəsillər üçün davamlı istehlak və istehsal” mövzusunda ikinci sessiyada Kanadanın ətraf mühit və davamlı inkişaf üzrə komissarı Cudi Gelfandın videomüraciəti səslənib.
Panel müzakirələrdə Kosta-Rikanın deputatı Viales Villeqas, çinli deputat Zigang Yu, Ruandanın parlament üzvü Albert Ruhakana, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova mövzu ilə bağlı çıxış ediblər.
"Güclü gələcək: sabahın təhsili” mövzusunda üçüncü sessiyada fələstinli yazıçı, vəkil Çaker Xazzal məruzə ilə çıxış edib.
Müzakirələrdə UNESCO-nun nümayəndəsi Meirgul Alpisbayevanın, Küveytdən olan deputat Omar Altabtababeenin, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin, Qazaxıstan parlamentinin üzvü Bəxtiyar Makenin və digərlərinin çıxışları dinlənilib.
Sonra gənc deputatlar Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə söz verərək and içiblər.
Toplantıda azərbaycanlı deputatlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ekoloji mühitə külli miqdarda ziyan vurduğunu deyiblər. Eyni zamanda, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının region, bütövlükdə dünya üçün yaratdığı təhlükədən danışılıb.
Gənc deputatlar dünyada baş verən münaqişələrə, fəlakətlərə, müharibələrə son qoyulması üçün müxtəlif təkliflərlə çıxış ediblər.
Konfrans
işini dekabrın 15-də davam etdirəcək.
Azərbaycan.-
2018.- 15 dekabr.- S.3.