Alovlu vətənpərvər, istedadlı alim

 

Azərbaycanın 1941-1945-ci illər müharibəsi dövrü tarixinin ilk tədqiqatçılarından biri, müharibə veteranı, tarix elmləri doktoru, professor Məzahir Həmid oğlu Abasovun bu il anadan olmasının 100 ili tamam olur.

M.Abasov 1918-ci ilin dekabrında Bakıda qulluqçu ailəsində anadan olmuşdur. 1935-1936-cı illərdə Bakı Sənaye və Mühəndislər Universitetinin hazırlıq kursunda, 1936-1937-ci illərdə Odessa Şəhər Ümumittifaq Konserv Sənayesi Kimya-Texnologiyası İnstitutunda təhsil almışdır. 1937-ci ildə ikinci kurs tələbəsi ikən xüsusi yığım ilə Hərbi Dəniz Donanması sıralarına daxil edilmiş, RF-nin Krasnodar diyarının Yeysk şəhərində aviasiya məktəbində oxumağa göndərilmiş, üç illik təhsildən sonra, 1940-cı ildə təyyarəçi-leytenant rütbəsi ilə SSRİ Hərbi Hava Qüvvələri Qara dəniz donanmasının Krımda yerləşən uçuş heyətinə komandir təyin edilmişdir. Məzahir Abasov 1941-1945-ci illər müharibəsində alman faşist işğalçılarına qarşı qəhrəmanlıqla vuruşan Azərbaycanın şanlı oğullarından biridir. O, Ukraynanın Sevastopol, Odessa şəhərlərinin və Qafqazın hava hücumundan müdafiəsində fəal iştirak etmişdir. Növbəti döyüşlərin birində Məzahir Abasov faşist təyyarəçiləri tərəfindən ağır yaralanır və Qara dənizə düşür. Altı gün yaralı halda dəniz suyu üzərində qalan cəsur təyyarəçi sovet hərbçiləri tərəfindən xilas edilirhospitala yerləşdirilir. İgid təyyarəçinin qəhrəmanlığı haqqında ölkə mətbuatında geniş məlumatlar yayılır. Xalq şairi Səməd Vurğun cəsur təyyarəçi Məzahir Abasovun qəhrəmanlığını vəsf edən "İgid şahinşeirini yazır. Onun hərbi hospitalda müalicə olunduğundan xəbər tutan respublikanın ozamankı rəhbəri Mircəfər Bağırov bu qəhrəmanın Bakıya gətirilməsi və burada müalicə olunması barədə tapşırıq verir. Çox ağır vəziyyətdə vətəninə gətirilən igid təyyarəçinin müalicəsi Azərbaycanın tanınmış alim və həkimləri Əziz Əliyev və Mustafa bəy Topçubaşova tapşırılır. Onların böyük səyləri nəticəsində Məzahir Abasov həyata qaytarılır və o, respublika rəhbərinin tövsiyəsi ilə Bakı Şəhər İcraiyyə Komitəsində işə qəbul edilir. M.Abasov 1942-1964-cü illərdə Bakı Şəhər Xalq Deputatları Sovetində işləyir, bir sıra rəhbər və seçkili vəzifələrdə çalışır.

Həmin illərdə M.Abasov Bakı şəhəri və paytaxtın rayon sovetlərinə bir neçə çağırış üzrə deputat seçilir. 1955-ci ildə V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan M.Abasov sovet dövlət orqanlarında öz fəaliyyətini davam etdirməklə bərabər, elmi ilə də məşğul olmağa başlayır. 1957-ci ildə o, BDU-nun Sov.İKP tarixi kafedrasında dissertant olur və 1960-cı ildə "Azərbaycan partiya təşkilatının Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər) cəbhəyə köməyi” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edir.

Bu dövrdə M.Abasov tədqiqat mövzusu üzrə bir çox məqalələr yazır və 1960-cı ildə "Azərbaycan Kommunist Partiyası cəbhəyə köməyin gücləndirilməsi uğrunda mübarizədə” adlı kitabını çap etdirir.

Alim 1963-cü ildə Azərbaycan EA-nın A.A.Bakıxanov adına Tarix İnstitutuna işə qəbul edilirömrünün axırınadək burada çalışır. Həmin illərdən başlayaraq onun qələmindən 1941-1945-ci illər müharibəsi dövründə Azərbaycan xalqının göstərdiyi əmək qəhrəmanlığını işıqlandıran bir neçə sanballı elmi əsər və məqalə çıxmışdır.

Məzahir Abasov 1967-ci ildə "Bakı Böyük Vətən müharibəsi illərində” adlı ilk irihəcmli monoqrafiyasını çap etdirironun əsasında doktorluq dissertasiyasını müdafiə edir. Onun ikinci irihəcmli monoqrafiyası 1990-cı ildə "Bakı şəhər partiya təşkilatı 1941-1945-ci illərdə” adı ilə nəşr olunurburada Məzahir müəllim təkzibedilməz sənədlər əsasında tarixşünaslığımızda ilk dəfə 1941-1945-ci illər müharibəsi dövründə Bakının SSRİ-nin əsas yanacaq mənbəyi olduğunu sübut edir. Bu məsələ ilə bağlı o, Moskvada 1979-cu ildə keçirilən konfransda çıxış etdikdən sonra rus-erməni elmi siyasi dairələrinin qəzəbinə tuş gəlsə də, fikrindən dönmür. Döyüşən sovet ordusunun hərbi texnikasının 85-90 faizinin Bakı yanacağı ilə hərəkətə gəlməsi və burada 130-dan çox hərbi silah növlərinin hazırlanıb cəbhəyə göndərilməsi məsələlərini ilk dəfə bir tədqiqatçı kimi məhz M.Abasov öz əsərlərində göstərmişdir.

Alim bir hərbi təyyarəçi kimi 1975-ci ildə çap etdirdiyi "Mərdlik qanadlarında” adlı monoqrafiyasında ilk dəfə Azərbaycanın hərbi təyyarəçilərindən söhbət açır, onların qəhrəmanlıqlarından nümunələr verir.

M.Abasov 1976-1977-ci illərdə çapdan çıxmış ikicildlik "Azərbaycan SSR Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər)” sənədlər toplusunun tərtibçisi və müəlliflərindən biridir. O, həmçinin "Veteranlar yada salır” (1985), "Şöhrət və ölməzlik məktubları” (1987) adlı məcmuələrin yazılıb tərtib edilməsində bilavasitə iştirak etmişdir.

Ümumiyyətlə, Məzahir Abasov 3 irihəcmli monoqrafiyanın, 10 kitabın müəllifi və 18 külliyyatın tərtibçisi və redaktorlarından biri olmuşdur. O, 9 nəfər tarix üzrə fəlsəfə doktoru hazırlamış, bir neçə doktorluq və fəlsəfə doktoru dissertasiyalarına opponentlik etmişdir.

M.Abasov H.Əliyevin "Azərbaycan qanadları” (1980-ci il) və Y.Məmmədovun "Qəhrəman oğul və qızlarımız” (1983), Y.Q.Aqarunovun "Neft və qələbə” (1991) əsərlərinin redaktoru olmuşdur.

Alim öz elmi fəaliyyətini ictimai işlə sıx şəkildə əlaqələndirirdi. O, 1984-1987-ci illərdə "Azərbaycan SSR-in tarixi və mədəniyyət abidələri” toplusunun şöbə rəhbəri işləmişdir.

Bu illər ərzində Məzahir müəllim bir neçə doktorluq, fəlsəfə doktoru dissertasiyalarına, kitablarakitabçalara rəylər yazmışdır. O, həm də 7 cildlik "Azərbaycan tarixinin VII cildinin müəlliflərindən biri olmuşdur.

M.Abasov müharibədə iştirakına görə "Qırmızı Bayraq” və "1 dərəcəli Vətən müharibəsi” ordenləri, 14 hərbi və yubiley medalları və müstəqil dövlətimizin "Şöhrət” ordeni ilə təltif edilmişdir.

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin təklifi ilə 1995-ci ilin mayında Faşizm üzərində Qələbənin 50 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunan zaman Paris, LondonMoskva şəhərlərində keçirilən təntənəli mərasimlərdə iştirak edən Azərbaycan Respublikasının nümayəndə heyəti tərkibinə Sovet İttifaqı qəhrəmanları Ziya Bünyadov və Məlik Məhərrəmovla yanaşı müharibə qəhrəmanı Məzahir Abasov da daxil edilmişdi.

Bu, ulu öndərin Məzahir Abasov şəxsiyyətinə, onun keçdiyi şərəfli həyat yoluna olan böyük hörmətinin göstəricisi idi. M.Abasov Bakı şəhəri Səbail Rayon Veteranlar Şurasının uzun müddət sədri olmuşdur.

İstedadlı alim, gözəl insan, alovlu vətənpərvər Məzahir Abasovun əziz və unudulmaz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

 

Cəbi BƏHRAMOV,

 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Elmar MƏHƏRRƏMOV,

 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

İnformasiya Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2018.- 19 dekabr.- S.7.