Müqəddəs Taxt-Tacın apostol
nunsisi: “Azərbaycan multikulturalizmi
bütün dünyaya
parlaq nümunədir”
Dünyanın əksər ölkələrində insanlar islamofobiya, ksenofobiya ilə qarşılaşırlar. Azərbaycanda isə bütün dinlərə mənsub insanlar azad, rahat şəkildə yaşayırlar. Bu baxımdan Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rassel Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.
QMİ sədri Azərbaycanın çoxmillətli və çoxdinli ölkə olduğunu, dövlətimizin milli siyasətinin müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması, dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini söyləyib. O, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli-mədəni, həmçinin dini münasibətlərin mövcud olduğunu qeyd edib.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmimi dostluq münasibətlərinin mövcudluğunu qeyd edən Allahşükür Paşazadə bunun Prezident İlham Əliyevin qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində gördüyü işlərin nəticəsi olduğunu bildirib.
Şeyxülislam deyib ki, millətləri
və dinləri bir-birinə daha yaxın edən mühüm siyasi təşəbbüslərdən başqa, Azərbaycan dünyanın ayrı-ayrı
yerlərində müxtəlif
humanitar və xeyriyyə layihələri
həyata keçirir. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü
ilə İtaliyada bir
çox tarixi abidələrin
bərpasını buna bariz
nümunə kimi göstərmək olar.
Azərbaycan.- 2018.- 15 dekabr.- S.3.