Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib

 

Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

DSX-nin mətbuat mərkəzindənAZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2019-cu ildə Xidmətin qarşısında duran əsas vəzifə və tapşırıqları diqqətə çatdırıb.

Bildirilib ki, dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqəti nəticəsində mümkün olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 30-da DSX Sahil Mühafizəsinin gəmi inşası zavodunda inşası yekunlaşan beşinci "Tufantipli sərhəd gözətçi gəmisi ilə tanış olması, bu tipli daha bir gəminin təməlini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi Xidmətin bütün silahlı birləşmələrində və digər struktur qurumlarında ruh yüksəkliyinə səbəb olub. Bundan başqa, dövlətimizin başçısının mayın 16-da DSX Sərhəd Qoşunlarının "Naxçıvan” əlahiddə sərhəd diviziyasının 13-cü sərhəd zastavasında sərhədçilərlə görüşməsi, Xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarının təkmilləşdirilməsi, sərhədçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əlavə vəsaitlərin ayrılması barədə qərarlar verməsi, DSX əməkdaşlarına ali hərbi rütbələrin verilməsi, onların 3 orden, 41 medal və 8 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında son illər dövlət sərhədlərinin etibarlı mühafizəsi, hərbi hissə və bölmələrin döyüş hazırlığının gücləndirilməsi, yeni silahların və döyüş texnikasının xidməti fəaliyyətdə tətbiqi, şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi sahəsində ciddi nailiyyətlərin əldə olunmasını, 2017-ci ildə mühüm struktur islahatlarının keçirilməsi, DSX-nin tərkibində dörd silahlı birləşmənin - Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəaliyyətin daha da optimallaşdırılmasını, nəticə etibarilə Azərbaycan Sərhəd Mühafizəsində qarşıya qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadir olan ciddi hərbi potensialın formalaşdırılmasını xüsusi vurğulayıb.

Böyük qürur hissi ilə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin QazaxAğstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin DSX tərəfindən təhvil alınması tapşırığını verib. Sərhədçilərimizə yüksək etimadın ifadəsi olan və Azərbaycan Respublikasının dövlət sərhədlərinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin DSX-nin Sərhəd Qoşunları tərəfindən təşkil edilməsi, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlər həyata keçirilir.

General-polkovnik Elçin Quliyev Ali Baş Komandanın bu qərarının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəldiyini deyib.

Bildirilib ki, 2018-ci ildə DSX tərəfindən bir sıra mühüm nailiyyətlər əldə olunub. Belə ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət və Rusiya Federasiyası ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi nəticəsində 2010-cu il sentyabrın 3-də imzalanmış "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilənin icrası üzrə fevralın 22-də müstəqillik illərində ilk dəfə olaraq, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının təməli qoyulub, demarkasiya işlərinə başlanılıb. İndiyədək 78 sərhəd nişanı quraşdırılıb.

Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında dövləti maraqlarımız üçün xüsusi əhəmiyyət kəsb edən "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə dəniz sərhədlərinin mühafizəsi üzrə xidmət-döyüş fəaliyyəti yeni mərhələyə qədəm qoyub. DSX xüsusi məktəbinin yeni inşa olunmuş korpusunun açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edib. Bu korpusun istifadəyə verilməsi ilə məktəbin kursantlarının sayının üç dəfəyədək artırılması üçün əlverişli şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Silahlı Qüvvələrinin və Bakı şəhərinin erməni-daşnak hakimiyyətindən azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, döyüş texnikası və sərhəd gözətçi gəmiləri qürur və şərəflə iştirak edib. Dahi öndər Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan dövlətçiliyinin 100 və 15 iyun - Milli Qurtuluş Gününün 25 illik yubileyləri münasibətilə sərhəd xətti boyu süvari və gəmi yürüşlərində dövlət bayrağımız dalğalandırılıb. Heydər Əliyev və İlham Əliyev zirvələrinə sərhədçi yürüşləri, Yevlax şəhərində 2 kilometr uzunluğunda dövlət bayrağımızla "Zəfərə doğruyürüşü keçirilib. Həmçinin 47 ali təhsil müəssisəsinin iştirak etdiyi "Heydər Əliyev və Azərbaycan tarixi” V Ümumrespublika bilik yarışında DSX Akademiyası ardıcıl ikinci dəfə qalib adını qazanıb.

Qeyd edilib ki, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyət yüksək tələblər səviyyəsində təşkil olunub. Dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması və viza prosedurları sadələşdirilib, sərhəd nəzarəti sahəsində xidmətə 300-dən çox yeni əməkdaş cəlb edilib. Avropa İttifaqı, NATO, Beynəlxalq Miqrasiya Təşkilatı, GUAM, Frontex Agentliyi kimi beynəlxalq təşkilatlar və Rusiya, İran, Türkiyə, Gürcüstan, ABŞ, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Yaponiya, Belarus, Pakistanın sərhəd xidmətləri ilə qarşılıqlı münasibətlər inkişaf etdirilib, xarici şirkətlərlə hərbi-texniki əməkdaşlıq münasibətləri möhkəmləndirilib.

Vurğulanıb ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib. Həmçinin xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanılıb. Bundan başqa, 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Xidmət rəisi bildirib ki, genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib.

Sərhəd xəttində xüsusi işarəverici texniki qurğuların, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub. Elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsi, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etdirilib.

Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 119 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi həyata keçirilib. "Göytəpə” və "Xudat” sərhəd dəstələrində iki sərhəd zastavası üzrə 18 binaqurğunun tikintisi başa çatdırılıb və şəxsi heyətin xidməti istifadəsinə verilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixində ilk dəfə DSX tərəfindən sərhəd bölmələrində tətbiq edilən "Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilib. Hesabat dövründə 101 belə görüş keçirilib.

Diqqətə çatdırılıb ki, il ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı üç halda silahlı müqavimət göstərilib, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub. Hadisə yerində iki halda avtomat silah, bir halda iki ədəd gecəgörmə cihazı aşkarlanıb. O cümlədən iyunun 21-də DSX Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib. Əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində noyabrın 29-da dövlət sərhədinin pozulmasının qarşısı alınarkən baş vermiş atışma zamanı sərhədçilər tərəfindən şəxsi şücaət nümayiş etdirilib, çavuş R.Kurupova atəş açmış sərhəd pozucusu ayağından güllə yarası alaraq saxlanılıb.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzərilərinə düşən vəzifələri və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daim şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.

 

Azərbaycan.- 2018.-15 dekabr.- S.5.