Qərb siyasətinin “miqrasiya” adlı böhranı

 

Qələm silaha bərabərdir, hətta ondan daha güclü və kəsərli də ola bilir. Yetər ki, o qələmi tutan adam yüksək bir ideyanı çatdırmaq üçün yazacağı sözü yerində və zamanında desin, sözün daşıdığı məna yükünü olduğu kimi çatdıra bilsin. Yalnız bu halda hədəf düzgün vurulur və qələmin də, sözün də qüdrəti adamı heyran edir.

Bu günlərdə Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun ideya müəllifliyi və baş redaktorluğu ilə ərsəyə gəlmiş "Qlobal miqrasiya böhranı: beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində” adlı yeni bir kitab nəşr olunmuşdur. Kitabla ilk tanışlıqdan belə məlum olur ki, çoxüzlü Qərb siyasətinin əsl simasını və mahiyyətini açmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Tahirə Allahyarova, Şahmar Hacıyev, Elnarə Qəribova, Ayaz Rzayev və Orxan Bağırov kimi sanballı tədqiqatçılar məsələyə dərindən nüfuz etmiş, neçə-neçə xarici ədəbiyyatı, sənədləri araşdırmışlar. Hər dövr üçün aktual olan, müasir dövrdə isə siyasi oyunların tərkib hissəsinə çevrilmiş miqrasiya problemi bu əsərdə maraqlı bir baxış bucağından təhlil edilir və bir çox qaranlıq məsələlərə işıq salınır. Düzdür, bu gün miqrasiya haqqında kifayət qədər yazılır, dialoqlar aparılır, beynəlxalq konfranslar keçirilir, təkliflər irəli sürülür. Bununla belə, bu kitabın əhəmiyyətini artıran bir neçə xüsusi məqam vardır ki, üzərində mütləq dayanmaq lazımdır.

Hər şeydən əvvəl diqqəti kitabın bir-birini tamamlayan iki ideyası cəlb edir. Birincisi, miqrasiya böhranı işığında uzunəsrlik Qərb siyasətinin inkişaf mərhələləri, Qərb təfəkkürünün ümumiləşdirilmiş Şərqə hedonist münasibəti və bunun acınacaqlı nəticələridir. Başqa sözlə desək, söhbət yalnız bu gün dünyanın üzləşdiyi humanitar faciədən deyil, onların kökü, yaranma səbəbləri, Qərbin Şərq üzərində keçirdiyi uğursuz sınaq-səhv metodlarından gedir. İkincisi isə, Azərbaycanın Qərbin bu siyasətində yeri və mövqeyidir. Axı Azərbaycan zəngin təbii sərvətləri, əlverişli coğrafi ərazisi, islam əqidəli, yenicə müstəqillik qazanan və inkişafda olan bir dövlət kimi Qərbin maraq dairəsində olub və buna görə də daim problemlərlə üzləşib. Bununla belə, Azərbaycan üzləşdiyi bu problemlərin əksəriyyətini nəinki uğurla həll edə bilmiş, üstəlik artıq öz təcrübəsini bu gün böhranla üzləşən Avropayla bölüşən bir ölkədir. Hər iki ideya ilə ayrıca tanış olaq.

Qeyd etdiyimiz kimi, kitabda miqrasiya problemi bugünün hadisəsi kimi deyil, XVI-XVII əsrlərdən, yəni Qərb təfəkkürünün identikləşdiyi dövrdən başlayan bir siyasətin tərkib hissəsi kimi təqdim edilir. Çox əhəmiyyətli bir məqam kimi onu da əlavə edək ki, söhbət yalnız miqrasiyadan - insanların məcburi şəkildə öz yaşayış yerlərini dəyişməklərindən, vətənlərindən qovulmaqlarından və üzləşdikləri maddi çətinliklərdən deyil, ümumiyyətlə humanitar faciədən - insanların öz hüquqlarını, mənəvi dəyərlərini, ən sonunda isə şəxsiyyətlərini itirməklərindən gedir.

Kitabın "Müasir dövrün miqrasiya prosesləri haqqında” ön söz əvəzində ideya müəllifi miqrasiya proseslərini müstəmləkəçilik siyasəti çərçivəsində nəzərdən keçirərək onu üç mərhələyə bölür: XVI əsrdən başlayan və XX əsrin ortalarına kimi davam edən birinci mərhələ "miqrasiya axınının kütləviliyi baxımından deyil, daha çox prosesin özünə təkan verəcək tendensiyaların formalaşması baxımından diqqəti cəlb edir”; ikinci mərhələ "soyuq müharibə” illəri və siyasi arenaya üçüncü dünya ölkələrinin daxil olması ilə xarakterizə olunur; üçüncü mərhələ isə tam "dominant gücə çevrilən və heç bir ciddi rəqiblə qarşılaşmayan Qərbin” bütün dünyaya öz maraqlarını diktə etməsi ilə səciyyələnir. Əhəmiyyətli bir fakt kimi xatırladaq ki, fəlsəfə tarixində məhz XVI-XVII əsrlərdən başlayaraq Şərq və Qərb təfəkkürləri fərqli inkişaf yolu tutur, əks qütblərə doğru istiqamət götürür - məsələlərə yanaşma tərzi, dəyərlər dəyişməyə başlayır. Təbii ki, təfəkkür səviyyəsində yaşanan parçalanma get-gedə reallıqda da yaşanmalı idi. Müəllif çox vacib bir məqama diqqət çəkir - Şərqin elmi kəşflərini, mütərəqqi ideyalarını mənimsəyən Qərb onları həyata keçirməyə, öz gücünü artırmağa və həmin gücü elə həmin Şərqin üstündə sınaqdan keçirməyə başlayır. Müstəmləkəçilik Avropa ölkələrinə yalnız coğrafi ərazisinin genişlənməsinə imkan vermirdi, həm də ucuz işçi qüvvəsi, az qala havayı təbii sərvətlər sayəsində özlərinin sosial rifahlarının yüksəlməsinə şərait yaradırdı. Novruz Məmmədov haqlı bir sual verir: "Görəsən, Britaniya, Fransa, İspaniya, Portuqaliya və digər ölkələrin bir neçə yüzil ərzində müstəmləkəsi olmuş bəzi Asiya və Afrika ölkələrində nə üçün bu gün də vəziyyət acınacaqlıdır?! Nə üçün bu ölkələr ötən əsrlər ərzində nəzərəçarpacaq inkişafa nail ola bilməmişlər?!” Novruz müəllimin əslində ritorik sualına, yəqin ki, bir vaxtlar ingilislərin Hindistana gəlişinə böyük ümidlə baxan, bunu ölkəsi üçün yeni üfüqlərin açılışı, hətta maarifçilik kimi dəyərləndirən Rabindranat Taqor sonradan daha düzgün cavab verər: "Əgər ingilislər bizim üçün arzuolunmaz qonaqdırlarsa, əgər ürəklərimizdə onlara yer yoxdursa, bu onların yadelli olmaqları ilə bağlı deyil, bizim böyük xalqımızı aldatdıqlarına görədir. Yalandan özlərini bizim xeyrimiz üçün çalışdıqlarını göstərə-göstərə ingilislər hind xalqının xoşbəxtliyini bir ovuc ingilis kapitalistinin cibini doldurmaq üçün qurban verdilər”. Dahi mütəfəkkirin dedikləri yalnız Hindistana deyil, bütün Şərqə, Afrika ölkələrinə aiddir. Aldıqlarının əvəzində verdikləri isə, yenə də Taqorun məktubundan çıxış eləsək, "ingilis ədəbiyyatının tör-töküntüsü”, "öz mədəniyyətlərinə olan məhəbbətin məhvi”, qandallı qollar, səfalət oldu. Bəli, Qərb əvvəlcə torpaqların özünü, altındakı sərvətləri, bunların sırasında yerli əhalinin fiziki varlığını ucuz qiymətə "mənimsədi” və bununla inkişaf elədi, "elitləşdi”, zənginləşdi. Sonra da növbə parlaq beyinlərə gəldi. Bu faktı dolğunluğu ilə araşdıran "Qlobal miqrasıya böhranı...” kitabında verilən məlumata görə, "Nobel mükafatı laureatlarının əksəriyyəti miqrant”dır. Düzdür, tədqiqatçı nobelçilərin "öz mükafatını məhz ABŞ-da alması da düşündürücüdür”, - deyə bildirir. Lakin sonra S.V.Sokolovskinin sözləri ilə sanki özünə cavab verir: "İndi başa düşmək olar ki, Amerika nə üçün miqrantarı strateji sərmayə hesab edir və miqrasiya siyasətinə bu qədər önəm verir”. Əsərdəki təhlillərdən belə bir məntiqi nəticə çıxır ki, əsrlər boyu tədricən sahib, ağa, yüksək mədəniyyət daşıyıcıları tərəfindən soyulan Asiya və Afrika xalqları, Taqorun dediyi kimi, tör-töküntü içində və əliboş səfil kimi qalanda, təbii ki, ilk növbədə öz "ağalarına” üz tutur, xilaskar kimi onları görür. Bu, əhəmiyyətli bir məqamdır: həmin xalqlar qonşu ölkəyə getmir, özləri kimi başqa xalqlarla birləşib bir çıxış yolu axtarmır, dənizdə batmaq təhlükəsini belə gözə alıb Avropa ölkəsinə gəlməyə çalışır. Burada Etel Lilian Voyniçin "Ovod” əsərində Ovodun pamfletindən bir səhnə yada düşür: "Qurban başını öz qatilinin dizləri üstünə qoyub ağlayır”, ondan imdad istəyir. Kitabda miqrasiyanın inkişaf mərhələləri faktlarla və məntiqli ardıcıllıqla elə təqdim edilir ki, istər-istəməz "Yaşasın beyin axını! Miqrant axını rədd olsun!” şüarı Qərbin sanki varlıq kredosu kimi təsdiqlənir, onun nəyi xilas, nəyi məhv etmək niyyəti aydın görünür.

Bəli, tədqiqatdan belə məlum olur ki, uzun əsrlər boyu davam edən miqrasiya prosesi sanki axın kimi Şərqi Qərbə daşıyıb. Kitabın ön sözündə Novruz Məmmədov diqqəti belə bir acı fakta yönəldir: "Bu gün Avropanın muzeylərində və əsas meydanlarında yerləşdirilmiş zəngin tarixi-mədəni irs nümunələrinin əksəriyyətinin Asiya və Afrika ölkələrinə məxsus olması danılmaz faktdır”. Bu, yağmalanmış tarixi-mədəni irs! Kitabın başqa bir səhifəsində isə Almaniya kansleri Angela Merkelin bu fikrinə rast gəlirik: "60-cı illərin əvvəllərində ölkəmizə digər dövlətlərdən olan fəhlələri dəvət etmişdik. Bir vaxt onların "nə vaxtsa ölkəni tərk edəcəkləri” ümidi ilə özümüzü aldadırdıq. Bu isə baş vermədi”. Bu da müasir dövr! Belə məlum olur ki, Qərb həm mütərəqqi zehninə, həm maddi varlığının gözəlliyinə görə indi qəbul etmək istəmədiyi, təhlükə mənbəyi hesab etdiyi Şərqə borcludur. Bir insan öz tarixi keçmişinə, mənəvi dəyərlərinə, yaratdığı əsərlərə görə öz kimliyini tanıyır və tanıdır. Deməli, şərqli miqrantın sövq-təbii ilə Qərbə üz tutması bir qanunauyğunluqdur! O öz dəyərlərinin, qurub-yaratdığının, öz beyninin məhsulunun yanında olmaq istəyir ki, ondan güc, enerji alsın. Bunu Qərb də anlayır və ona görə də miqrantları yaxına buraxmaq, onların güclənməsini istəmir. Əks halda öz varlığı təhlükə qarşısında qalar. Məhz bunu dərk etdiyinə görə Avropa ölkələrində sayından asılı olmadan miqrantların səs hüququ yoxdur, yerli sakinlərlə eyni mövqeli hesab edilmirlər. Maraqlıdır ki, hələ ötən əsrin ortalarında ölkəyə gələn və quruculuqda yaxından iştirak edən miqrantlardan tam assimilyasiya tələb edilirdi, bir ərəbin, bir hindlinin ingilisləşməsi, fransızlaşması lazım idi ki, ona yerli əhaliyə bərabər (!) hüquqlar verilsin. Əks halda o, ikinci, hətta üçüncü dərəcəli insan sayılırdı. Bu siyasət iflasa uğrayanda isə daha dəhşətli bir addım atıldı - miqrantın kimliyi əlindən alındı. Məsələn, Yutt Klausenin "İslam faktoru” əsərinə istinadən kitabda verilən məlumata görə, "Avropadakı 15 milyon müsəlmanın vur-tut 30 nəfəri Avropa dövlətlərinin parlamentlərinin üzvüdür. ...Bir çox Avropa şəhərlərində müsəlman əhalinin yalnız 20-25%-i səs verə bilər. ...Birləşmiş Krallıq və İtaliyada müsəlman əhalinin cəmi 10%-nin seçilmək hüququ var. Almaniyada 3,5 milyon türkün yalnız yarım milyonu səs verə bilər. Britaniyada müsəlmanların yarısı öz milli identikliyini sənədlərdə ingilis, irland, şotland və s. kimi göstərir”. Məntiqli bir sual yaranır: bu faizlərdən kənarda qalan miqrantların xilas olmaq üçün Avropaya köç edəndə dənizdə batan, adı heç kimə bəlli olmayan bir körpədən fərqi nədir?! Humanitar faciə budur! Bir insanın simasında tədricən bir xalqın və bütün insanlığın məhvi budur! Əslində, qalan faizlər üçün də Qərbin öz siyasəti var: miqrantları "ədalətli və demokratik Qərb” üçün təhlükəli elan etmək, islamofobiya toxumlarını səpib cücərtmək, öz maraqlarına uyğun nəticə əldə etmək üçün Şərqdə istənilən zəmində münaqişə ocaqları yaratmaqdan çəkinməmək. Maraqlıdır, kitabda gətirilən faktlardan belə məlum olur ki, "Avropanın bir sıra aparıcı ölkələrinin nümunəsində multikulturalizm böhranının səbəbi müsəlman icmaları ilə bağlı deyil, əksinə, islamofobiya ilə bilavasitə əlaqədardır”. Yenə də yada ədəbiyyatdan bir nümunə düşür: Mixail Bulqakovun "İt ürəyi” əsərində professor Preobrajenskinin itdən süni şəkildə yaratdığı yoldaş Şarikov hər nə qədər müəyyən dairələrin marağına xidmət eləsə də, sonda professorun özünü də "qapmağa” hazır olur. Bəli, Qərbin öz siyasəti bu gün onun "rahat mövcudluğuna və rifahına” təhlükə yaradıb və belə görünür ki, ondan xilas olmaq üçün yeganə yol yaratdığı şarikovları təkrar itə çevirməkdir.

Kitabın ikinci əhəmiyyətli ideyası, qeyd etdiyimiz kimi, Azərbaycanın miqrasiya böhranı dövründə yeri və mövqeyidir. İlk baxışda kitabın yalnız ikinci fəslinin sonuncu paraqrafı - "Cənubi Qafqazda miqrasiya proseslərinin episentri kimi Azərbaycan: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və həll edilməsi aspektində miqrasiya amilinin yeri və rolu” birbaşa Azərbaycanın adı ilə bağlıdır. Əsərlə tanışlıqdan sonra belə məlum olur ki, əslində kitab Azərbaycanın 30 il - 1988-2018-ci illər ərzində yaşadığı bütün problemlərin təhlilidir. Təəssüflə qeyd etmək lazımdır ki, miqrasiya tarix boyu Azərbaycanın hər zaman qarşılaşdığı bir problem olub və hələ də davam etməkdədir. "Qlobal miqrasiya böhranı...” kitabında Azərbaycanın miqrasiya tarixi 1828-ci ildə Türkmənçay və 1829-cu ildə Ədirnə müqavilələri nəticəsində fərqli məkanlardan erməni əhalinin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə başlayır. Ən yeni tarixdən o da məlumdur ki, 1988-ci ildə, cəmi 160 il sonra azərbaycanlılar artıq Ermənistan adlanan öz doğma ata-baba yurdlarından məcburi, silah gücünə çıxarıldılar. Daha sonra 1989-cu ildə Azərbaycan daha bir miqrant axınına - Fərqanədən qovulan məshəti türklərinə qucaq açmalı oldu. Növbəti 3-4 il ərzində isə erməni ordusunun və onların havadarlarının təzyiqi ilə Azərbaycan torpaqlarının 20%-i işğal olundu və bir milyona yaxın əhali öz vətənində, müasir terminlərlə desək, miqranta çevrildi. Tədqiqatçının da vurğuladığı kimi, "hazırkı miqrasiya böhranı baş verənə qədər Azərbaycan dünyada ən çox qaçqın əhalinin yaşadığı ölkə olmuşdur”. Maraqlıdır ki, kitabda Qərbin miqrasiya siyasəti ilə tanış olduqca illər əvvəl eyni böhranı yaşamış Azərbaycanla müqayisə aparmalı olursan. Belə müqayisələrdən bir neçəsi ilə tanış olaq.

Azərbaycan əhalisi Türkmənçay müqaviləsindən əvvəl də müxtəlif işğallar nəticəsində yurdundan didərgin düşmüş, yaxud özü başqa xalqların nümayəndələrinə sığınacaq verməli olmuşdur. Bu proseslərdə diqqətəlayiq olan fakt Azərbaycan mədəniyyətinin, milli düşüncənin gücüdür. Belə ki, başqa ölkələrə sürgün edilən mütəfəkkirlər, sənətkarlar orada da öz ruhunu qoruyub, getdikləri bölgənin ənənəsini mənimsəməklə yanaşı, ilk növbədə öz doğma mədəniyyətlərini də öyrədirdilər, tətbiq edirdilər. Kitabdan da göründüyü kimi, Avropanı qorxudan məhz miqrantın öz dəyərinə sahib çıxması, istənilən şəraitdə öz kimliyini qorumasıdır. Bunu da vurğulamadan keçməyək ki, bu gün Avropaya üz tutan miqrantlardan fərqli olaraq, eyni problemi yaşayan Azərbaycan öz dəyərlərini yerində qorumaqla həm də gücünün pərən-pərən olmasının qarşısını aldı və böhranı həll etmək üçün özünü doğrulda bildi.

Qeyd etdiyimiz kimi, Azərbaycan çox paradoksal tarix yaşamalı olub: öz əhalisi miqrant olmaqla yanaşı, həm də miqrant qəbul edib. Bu fakt özü də Azərbaycanı özünün siyasi iradəsini, eyni zamanda mənəvi gücünü səfərbər etməyə, özü zəif ola-ola ona üz tutanlara dəstək durmağa məcbur edib. Bu səbəbdən o, qəbul etdiyi miqrantlara öz güclü ruhunu tanıtmaqla yanaşı, həm də onlara mənəvi azadlıq verib. Məsələn, XIX əsrdə Cənubi Qafqaza miqrant kimi yerləşdirilən ermənilərin adlarından, soyadlarından, oğurladıqları mədəniyyətdən, tarixdən də bəlli olur ki, onlar daha güclü bir xalqın müsbət təsirini ömür boyu hiss etmiş, bəhrələnmişlər, inkişaf etmişlər. Lakin onların xain xislətləri onlara sığınacaq verən xalqın paxıllığını çəkib, onlara verilən azadlıqdan sui-istifadə etməyə sövq edib.

XX əsrin sonunda yenicə müstəqillik qazanan gənc bir respublika kimi Azərbaycan bəlkə də tarixinin ən ağır sınaqlarını yaşamalı oldu. Azərbaycan Respublikasının Prezidenti "Suriyaya və regiona dəstək” adlı konfransda bunu "humanitar fəlakət” adlandırır və böhrandan uğurla çıxmış bir ölkənin rəhbəri kimi onu da əlavə edir ki, "biz bu böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilirik. Biz iş yerlərinin yaradılmasında təcrübəmizi paylaşa bilərik. Humanitar böhranın idarə olunması üzrə təcrübəmizi paylaşa bilərik və biz bunu edəcəyik”. Çox əhəmiyyətli bir məqamdır. Tarix boyu həm özü miqrantlara evsahiblliyi edən, həm də öz əhalisi qaçqın və köçkün düşən, üstəlik, bir vaxtlar miqrant kimi sığınacaq verdiyi erməni tərəfindən ərazisi işğal olunan bir xalq nəinki özünü doğrulda bilir, həm də təcrübəsini paylaşmaq istəyir, başqalarını da xilas etməyi təklif edir. Çox maraqlı və mühüm bir detalı da vurğulayaq. "Qlobal miqrasiya böhranı...” kitabının ilk səhifəsi ölkə Prezidentinin sözləri ilə başlayır və orada belə bir cümlə diqqəti cəlb edir: "Miqrantlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir”. Bəli, bu kitabda aparılan tədqiqatlardan da belə məlum olur ki, Avropanın uğursuz siyasəti nəticəsində iflasa uğrayan multikulturalizmə Azərbaycan yeni bir nəfəs və məzmun verə bildi, miqrantı tikanlı məftillə deyil, qayğı ilə qarşılamaq təcrübəsini bölüşmək və bununla da bütün dünyada humanitar faciənin qarşısını almaq təklifini irəli sürdü, Qərbdə qara rəngə boyamağa çalışdıqları islamın uca, ədalətli və humanist mahiyyətini üzə çıxarmağı öhdəsinə götürdü. Onu da mütləq əlavə etmək lazımdır ki, bütün bunları Azərbaycan özünün elə həmin Qərbin "ikili standart”ından əziyyət çəkdiyi bir vaxtda edir.

Kitabın vurğulanmalı olan əhəmiyyətli tərəflərindən biri də tədqiqatçıların miqrasiya böhranının açar məqamlarına toxunması, onları təhlil etməkləridir. Miqrasiya dövrün ən aktual və ağrılı bir problemidir. Bunu nəzərə alaraq müəlliflər bu problemi yaradan amillərdən heç birini diqqətdən kənarda saxlamamağa cəhd ediblər və buna nail olublar. Əvvəla, kitabda miqrasiya prosesinin təhlilini kökündən başlayaraq bu günə kimi keçdiyi mərhələləri məntiqi ardıcıllıqla verirlər və bununla oxucunun tək ideya boyu irəliləməsinə şərait yaradırlar. Belə ki, burada "Miqrasiya siyasəti: Qərb fenomeni kimi yaranması və XX əsrə qədər inkişaf mərhələləri”ndən başlayaraq "XX əsrdə Qərb dövlətlərinin miqrasiya siyasətinin modelləri”, "XXI yüzilliyin əvvəllərində qlobal humanitar fəlakət: Qərb miqrasiya siyasətinin beynəlxalq hüquq və beynəlxalq münasibətlərinin iflasına təsiri”, "Miqrasiya böhranı Qərb demokratiyasının siyasi-ideoloji və iqtisadi siyasətinin süqutu kimi”, "Miqrasiya böhranı Qərbdə sosial dövlətin və mədəni siyasətin tənəzzülü kimi” problemlər ard-arda təhlil edilir. Fəsillərin adlarından da göründüyü kimi, eyni məsələyə bir neçə baxış bucağından qiymət verilir və belə bir mürəkkəb problemin qaranlıq məqamları maksimum dərəcədə işıqlandırılmağa cəhd edilir. Bunlarla yanaşı, kitabda bəzi incə faktlara toxunulur ki, ilk baxışda kiçik görünsə də, beynəlxalq münasibətlərdə xüsusi əhəmiyyətə malikdir. Məsələn, diqqəti cəlb edən faktlardan biri miqrasiya probleminin düşünülmüş bir siyasət olması və bunun nəticəsində supergüclərin daha da güclənməsidir. Kitabda deyilir: "...İnsanın ağlını sarsıdan odur ki, insan faciəsinin baiskarları həm də BMT QAK-ın ən böyük donorları və sponsorlarıdır. Təşkilat olduqca vacib missiyanı yerinə yetirir. Bununla belə, qurumun yarandığı 1950-ci ildən onun fəaliyyəti ilə bağlı proseslərin ssenarisi eyni cür dövr edir. Qlobal güclər hegemonluq savaşında müstəqil dövlətlərin daxili işlərinə müdaxilə edir, işğal, yaxud çevriliş baş verir. Münaqişə ocağı yaranır. Sonra fəlakətdən qaçanlara maliyyə ayırmaq və onu ildən-ilə artırmaq üçün donorlara müraciət edilir”. Sonrakı təhlillərdən də belə görünür ki, humanitar faciə superdövlətlərin sanki gəlir əldə etmək üçün "yatırım forması”dır. Məhz buradan da çıxış edərək diqqət mədəniyyətlərarası, sivilizasiyalararası, bir sözlə, münaqişələrin həllinə və dövlətlərarası barışığın əldə olunmasına ünvanlanan dialoqlara yönəlir. Kitabın ideya müəllifinin vurğuladığı kimi, "miqrasiya axını müstəmləkəçiliklə birlikdə yaranıb və onun qalığıdır. Bu gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin siyasətinin nəticəsidir”. Maraqlıdır, hər insandan, xüsusilə onun faciəsindən gəlir əldə etmək istəyən dövlətlə hansı dialoqdan söhbət gedə bilər? Postmodernizm fəlsəfəsinin görkəmli nümayəndəsi Umberto Ekonun da qeyd etdiyi kimi, burada söhbət bir tərəfin digərinin rəyi, fikirləri ilə tanış olmasından, ona anlayış göstərməsindən deyil, onu inandırmasından və öz mövqeyini qəbul etdirməsindən gedir: "Müasir həyat haqqında gedən diskussiyaların əksəriyyətindən məlumdur ki, iştirakçılar hər hansı bir məsələyə öz xüsusi mövqelərindən yanaşırlar. Buna görə də hər iştirakçı yerdə qalanları inandırmaq üçün də ritorikadan istifadə etmək məcburiyyətində olur”. Belə ünsiyyətin kökü, təbii ki, inkara, hətta bir sıra hallarda, təhrifə əsaslanır. Umberto Eko ədaləti pozan belə tip dialoqların psevdoritorika üzərində qurulduğunu bildirir və bunun klassik nümunəsi kimi Fedrin (e.ə.I əsrin sonu - I əsrin əvvəli) məlum quzu və canavar təmsilini göstərir. Yeri gəlmişkən, hələ keçən əsrin axırlarında Ekonun miqrant probleminin həlli yollarını axtaranda özünün "Tam sürətlə geri! "Qaynar müharibələr” və KİV-də popullizm” əsərində irəli sürdüyü "təkliflər”dən biri Qərb üçün təhlükə mənbəyi olan bu şəxsləri Aralıq dənizində batırmaq idi. Bu gün o ssenari üzrə neçə miqrant ailə məhv olur.

Beləliklə, "Qlobal miqrasiya böhranı: beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində” kitabı ilə tanışlıq bir çox mətləblərə işıq salır. Faktlar üzərində qurulan təhlillər təsdiqləyir ki, Qərbin əsrlər ərzində yürütdüyü və xeyrini gördüyü bir siyasətin birdən-birə nəzarətdən çıxması, "davranış kodeksi”nin "söz və bəyanat formasında bəzi sənədlərdə görüntü yaratması xatirinə qeyd olunması”, "insanlar və dövlətlər səviyyəsində ədalət anlayışının iflasa uğraması”, multikulturalizm adı ilə insanların şəxsiyyətinin yox edilməsi və s. - bütün bunlar miqrasiya böhranı kimi böyük və mürəkkəb bir prosesin tərkib hissələridir. Başqa sözlə desək, kitab ənənəvi şəkildə miqrasiyanın bugünündən və görünən faciələrindən deyil, daha dərinə və uzaq tarixi keçmişə uzanan köklərinə nüfuz etməyə çalışır və buna uğurla nail olur. Ən azından "vəziyyət nə qədər mürəkkəb olsa da, çıxış yolu kifayət qədər aydındır. Artıq beynəlxalq birlikdə gedən proseslərdə dünyaya köhnə "müstəmləkə eynəyi” ilə baxmaqdan imtina etməyin, ədalət anlayışını öz maraqları çərçivəsində həyata keçirməyə çalışmaqdan əl çəkməyin vaxtı çatmışdır” kimi çağırışla müraciət edir. Bu çağırışın ən böyük əhəmiyyəti isə ondadır ki, Azərbaycandan - belə bir böhranı yaşamış və uğurla ondan çıxmış bir ölkədən edilir.

 

Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü

 

Azərbaycan.- 2018.-15 dekabr.- S.6.