Görkəmli
torpaqşünas alim
Elm xadimləri
Zəngin və rəngarəng
biomüxtəlifliyi ilə seçilən ölkəmizin
füsunkar təbiəti uca Yaradanın xalqımıza bəxş
etdiyi ən böyük ərməğanıdır. Elm
tariximizə nəzər yetirsək, respublikamızın gözəlliklərini,
təbiətin biz insanlara verdiyi faydanı zamanında dərk
edən, gələcək nəsillərə ətraf
mühitə sevgi hissləri aşılayan elm
adamlarının çox olmadığını görərik.
Onların sırasında görkəmli alim, təbiətşünaslıq
elmimizin iftixarı, akademik Həsən Əlirza oğlu
Əliyevin xüsusi yeri var. O, Azərbaycan xalqının
çox hörmətlə yanaşdığı, dərin rəğbət
bəslədiyi elm xadimi, sadə, zəhmətsevər,
yüksək və həssas duyuma malik ziyalı idi.
Yaradıcılığı
Böyük Qafqazla bağlı idi
Ötən əsrin 30-cu illərində,
respublikamızın iqtisadiyyatının özüllərinin
qoyulduğu bir vaxtda kənd təsərrüfatının
yenidən qurulması təbii sərvətlərin, o cümlədən
torpaq ehtiyatlarının uçota alınmasını və
onların potensial imkanlarının öyrənilməsini tələb
edirdi. Torpaqla bağlı nəzəri və təsərrüfat
məsələlərinin həlli isə böyük diqqət,
gərgin əmək, ağır məsuliyyət demək idi.
Akademik Həsən Əliyevin torpaqşünas alim kimi fəaliyyətə
başlaması məhz bu illərə təsadüf edir.
Qeyd olunan dövrdə, dağətəyi
rayonlarda, xüsusən də Böyük Qafqazın ətəklərində
meyvə bağlarının salınması məqsədilə
əlverişli torpaq sahələrinin ayrılması
aktuallıq kəsb etdiyi üçün Həsən
Əliyev Pirsaatçay, Ağsuçay və Girdimançay
hövzələrində böyükmiqyaslı torpaq tədqiqat
işlərini həyata keçirirdi. Bir müddət sonra,
1940-cı ildə bu tədqiqat işləri
"Pirsaatçay hövzəsinin orta və aşağı
axarlarının torpaq şəraitinin və ondan istifadəyə
dair”, "Ağsuçay və Girdimançay dərələrinin
torpaqları meyvə bağlarının genişləndirilməsi
fondu kimi” və "Böyük Qafqazın cənub-şərq
yamacı çaylarının (Pirsaatçay, Ağsuçay
və Girdimançay) aşağı hissələrinin
torpaqları” və digər əsərlərində öz əksini
tapır. Bu tədqiqatlar sonralar onun elmi fəaliyyətinin əsas
istiqamətlərini təşkil etdi. Belə ki, akademikin elmi
yaradıcılığı daha çox respublikanın
Böyük Qafqaz zonası ilə bağlıdır. Təsadüfi
deyil ki, 1944-cü ildə müdafiə etdiyi namizədlik
dissertasiya işinin mövzusu "Böyük Qafqazın cənub-şərq
yamacında çayların aşağı axarının
torpaqları” olub. Bundan başqa, alim Böyük Qafqaz
torpaqlarının genetik-coğrafi cəhətdən tədqiqinə
dair bir sıra qiymətli əsərlərin müəllifidir.
"Azərbaycanda qəhvəyi meşə
torpaqlarının yayılması”, "Azərbaycanda qara
torpaqların yayılması məsələsinə dair”,
"Yüksək dağlıq zonada torflu torpaqların bəzi
xüsusiyyətləri”, "Böyük Qafqazın şərq
hissəsinin qəhvəyi meşə torpaqları” və
ikicildlik "Böyük Qafqazın torpaqları” (Azərbaycan
Respublikası daxilində) kimi elmi əsərləri buna parlaq
misaldır.
1953-cü ildə rus dilində
işıq üzü görmüş "Azərbaycan
SSR-nin torpaqları” monoqrafiyasının əsas müəlliflərindən
və məsul redaktorlarından biri də Həsən
Əliyev olmuşdur. Kitabda digər komponentlər nəzərə
alınmaqla respublikada torpaqəmələgəlmə şəraiti
dərindən təhlil edilmiş, ilk dəfə bütün
toksonomik torpaq vahidlərinin hərtərəfli elmi təhlili
verilmişdir. Bir qədər sonra çap etdirdiyi
"Böyük Qafqazın şimal-şərq hissəsinin
meşə və meşə bozqır torpaqları” adlı
monoqrafiyasında torpaqəmələgəlmə şəraitini,
bu torpaq ehtiyatlarının dayanıqlı, davamlı və səmərəli
istifadə olunmasının elmi əsaslarını səciyyələndirmişdir.
Qeyd edək ki, Həsən Əliyevin elmi tədqiqatlarının
nəticələri 1957-ci ildə bir neçə
torpaqşünas alimlə birgə xidməti istifadə
üçün hazırladığı "Azərbaycan
SSR-nin torpaq xəritəsi”ndə öz əksini
tapmışdır.
Həsən Əliyev
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər
üzrə direktor müavini, AEA Botanika İnstitutunun direktoru,
AEA Coğrafiya İnstitutunun direktoru, Ümumittifaq
Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan
filialının sədri, AEA Təbiəti Mühafizə
üzrə Komissiyanın sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin
prezidenti, Azərbaycan Təbiəti Mühafizə
komissiyasının sədri vəzifələrində
çalışdığı illərdə ciddi ictimai və
pedaqoji fəaliyyətlə məşğul olmasına
baxmayaraq, böyük elmi potensialından da səmərəli
istifadə etmiş, tədqiqatlarını uğurla həyata
keçirmişdir. Torpaqşünaslıq elminin elmi-nəzəri
və praktiki problemlərini incəliklərinə kimi bilən
alim, torpaq coğrafiyasını
torpaqşünaslığın ən mühüm sahəsi
kimi qiymətləndirir və "Ayrı-ayrı relyef elementlərinə
görə torpaq örtüyünün səciyyəsi” məqaləsində
əslində bu elmi istiqamətin ölkəmizdə əsasını
qoyur.
Torpaq vətəndir
Alim hələ Azərbaycan
EA-nın akademik-katibi vəzifəsində işləyərkən
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şöbə
müdiri kimi respublika torpaq fondunun
pasportlaşdırılmasına rəhbərlik etmişdir. Elə
həmin illərdə elmi fəaliyyətinin əsas istiqamətini
meşə torpaqlarının öyrənilməsinə
yönəltmiş və bu sahədə ilk olaraq meşə
torpaqları laboratoriyası yaratmışdır.
Akademik Həsən Əliyevin rəhbərliyi
altında meşə torpaqşünaslığı üzrə
respublikada geniş tədqiqatlar aparılırdı.
Torpaqların zonal yayılma qanunauyğunluqları,
nomenklaturası və sistematikası müəyyən edilirdi.
Subtropik və xüsusən üzümçülük məqsədilə
ehtiyat torpaq fondu müəyyən edilirdi. Dövlət sahəqoruyucu
meşə zolaqlarının salınması layihəsinin
hazırlanması məqsədilə Gəncə,
Ceyrançöl zolağı və Qazan göl massivi boyu
torpaq tədqiqatı aparılırdı. Meşəsalmaya
yararlı torpaqların meşə və meşə-kol bitkilərinin
inkişafı üçün yararlı ekoloji şəraiti
nəzərə alınmaqla xəritəçilik
materialları tərtib olunurdu. Dövlət sahəqoruyucu
meşə zolaqlarının salınması və bu məqsədlə
yamaclarda terrasların salınması dövlət əhəmiyyətli
işə çevrilirdi. Həsən Əliyev 1968-ci ildə
Azərbaycan EA Coğrafiya İnstitutuna direktor təyin edildikdən
sonra XX əsrin ortalarında Azərbaycan Elmlər
Akademiyasının Torpaqşünaslıq və Aqrokimya
İnstitutunda yaratdığı Meşə torpaqları
laboratoriyası böyük bir şöbə kimi
formalaşmışdır. O, Coğrafiya İnstitutuna rəhbərlik
etdiyi dövrdə torpaq-ekoloji tədqiqatlarına geniş yer
ayırmış, respublikamızda 50 min hektardan artıq
şabalıdı və boz-qəhvəyi torpaqlarda
üzüm plantasiyalarının salınmasını təklif
etmiş və bunun həyata keçirilməsinə nail
olmuşdur. Akademik Həsən Əliyev ömrünün son
illərində də bu institutdan ayrılmamış, təbiəti
mühafizə və meşə torpaqlarının
coğrafiyası şöbələrinə rəhbərlik
etmişdir.
Görkəmli alimin
sağlığında bir sıra kitabları xarici dillərə
də tərcümə edilmişdir. Təbiətin mühafizəsinin
müxtəlif problemlərinə həsr etdiyi
çoxsaylı əsərləri ABŞ, Fransa, Yaponiya,
Belçika, Almaniya, Vyetnam və əksər Şərqi
Avropa ölkələrində nəşr olunmuşdur. Məşhur
"Qəhvəyi meşə torpaqları” kitabı 1969-cu ildə
Yerusəlim Universiteti tərəfindən ingilis dilində
çapdan çıxmışdır. Akademikin biogeosenologiya,
biocoğrafiya, torpaqşünaslıq sahələrində
apardığı elmi araşdırmalar ömrünün ən
dəyərli anları kimi diqqəti cəlb edir. Bu illərdə
o, tələbələri ilə birlikdə yorulmaq bilmədən
Böyük Qafqazın meşə biosenozunda maddələr
mübadiləsi və onun ritmik sərfi üzərində
sistematik müşahidələr aparmışdır.
1960-cı ildə Brüsseldə "Azərbaycan SSR-in
dağlıq rayonlarında torpaq eroziyasının
inkişafı və bu prosesin qarşısının
alınması cəhdi” adlı monoqrafiyası çap
olunmuşdur.
Respublika torpaqlarının
mühafizəsi Vətənə bağlı bir insan kimi
akademikin həmişə diqqət mərkəzində
olmuşdur. O qeyd etmişdir: "Təbiətin bizə bəxş
etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim
"çörək ağacımız” olmaqla yanaşı,
həm də yaşayışımızın ibtidaisini təşkil
edir. Məhz buna görə də torpaq bizim üçün əzizdir,
doğma və müqəddəsdir..., torpaq vətən deməkdir”.
Həsən Əliyev
torpağın üst münbit qatının eroziyaya
uğrayaraq dağıldığına, müxtəlif maddələrlə
çirkləndirildiyinə, məhsuldar torpaqların üzərində
tikinti inşaat işlərinin aparılmasına görə təəssüfləndiyini
bildirərək torpağı ona ciddi ziyan vuran antropogen amillərin
mənfi təsirindən qorumağa, bütün cəmiyyəti
torpağın qayğısına qalmağa
çağırırdı. O 1970-ci ildən
ömrünün sonuna qədər əsas diqqətini
respublikanın torpaq fondunun qorunması, torpaq eroziyası,
çirklənməsi və rekultivasiyası məsələlərinə
yönəltmişdir.
Meşə
var-dövlət, bolluq deməkdir
Akademik Həsən Əliyev digər
təbii sərvətlər arasında meşə sərvətini
həmişə ön plana çəkmiş,
respublikamızda meşələrin mühafizəsi və bərpası
məsələləri daima onun diqqət mərkəzində
olmuşdur. Onun bu sahədə böyük xidmətləri
hamıya məlumdur. Həsən Əliyev yazırdı ki,
"meşə su, var-dövlət, bolluq deməkdir, meşə
olmayan yerdə nə torpaq, nə su, nə məhsul ola bilməz”.
Ona görə də o, respublikamızın meşələrində
geniş elmi-tədqiqat işlərinin aparılmasını,
meşələrin qorunması və bərpası üzrə
elmə əsaslanan tədbirlərin hazırlanmasını
tövsiyə edirdi.
Həsən Əliyev ətraf
mühitin mühafizəsində, insan
sağlamlığında və kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığının yüksək
olmasında meşə örtüyünün mühüm rol
oynadığını göstərərək "Həyəcan
təbili” kitabında yazırdı: "Meşələr
böyük sərvətdir, əvəzsiz xəzinədir...”;
"...Respublikamızın ərazisində olan meşələr
sözün əsl mənasında "gübrə zavodudur”.
Tarlaların münbitliyi bu meşələrdən çox
asılıdır. Meşələr torpağın
yuyulmasının qarşısını alır,
çayların mənbəyini su ilə təmin edir, qar
sularını torpağa hopdurur, iqlimi tənzim edir, havanı
təmizləyir”. Həsən Əliyev Azərbaycanda meşə
sahələrinin getdikcə azalmasını "Həyəcan
təbili” əsərində təəssüf hissi ilə qeyd
edirdi. Respublikamızın ayrı-ayrı bölgələrində
meşələrin vəziyyəti ilə tanış olaraq
ağacların özbaşına kəsilməsi və
meşədə mal-qara otarılması nəticəsində
meşə örtüyünün pozulması və
yavaş-yavaş sıradan çıxması həmişə
akademiki narahat etmişdir. "Həyəcan təbili”
kitabında Lənkəran meşələrini təsvir edərək
yazırdı: "... bu diyarı təbii botanika və ya
dendroloji parka bənzətmək olar... Lakin...
Gözümüzün qabağında belə canlı
muzey-Hirkan meşəsi məhv olub getməkdədir”.
Həsən müəllim
respubikamızda meşə sahəsinin azalması ilə
heç cür barışmır və Almaniyada olarkən bir
meşəçinin meşə haqqında dediyi
aşağıdakı sözləri xatırlayırdı:
"Meyvəni başqa ölkələrdən almaq olar, lakin
meşəni heç yerdən gətirmək olmaz”.
Göründüyü kimi, akademik Həsən Əliyev
respublikamızda təbiətin mühafizəsi problemi ilə
ciddi məşğul olan əvəzedilməz bir ziyalı, vətəndaş
alim olmuşdur. Bu ciddi problemlərlə dərindən məşğul
olan və ilk dəfə respublikamızda həmin problemlərin
həll edilməsinin vacibliyi ilə bağlı həyəcan
təbili çalan da Həsən Əliyev olmuşdur. Bu təbilin
əks-sədası bu gün də qulaqlarımızda cingildəyir,
bizi ana təbiətlə ehtiyatlı davranmağa səsləyir.
Təbiəti
Mühafizə Cəmiyyəti
Akademik Həsən Əliyevin
elmi-təşkilati fəaliyyəti nəticəsində
1959-cu ildə Azərbaycan EA-da təbiəti mühafizə
üzrə komissiya yaradılmış və o bu komissiyaya sədr
seçilmişdir. 1963-cü ildə isə alimin təşəbbüsü
ilə respublika Təbiəti Mühafizə Cəmiyyəti
yaradılmışdır. 20 ildən artıq rəhbərlik
etdiyi bu cəmiyyət Azərbaycan təbiətinin
qorunması və təbliği sahəsində çox
böyük işlər görmüş, bitki
örtüyünün, meşələrin mühafizəsi və
bərpası, həmçinin respublikanın ayrı-ayrı
rayonlarında yaşıllaşdırma üzrə
böyük tədbirlər həyata keçirmişdir.
1957-ci ildə Həsən
Əliyevin təşəbbüsü ilə Bakıda
keçirilən Zaqafqaziya təbiəti mühafizə
müşavirəsində ilk dəfə dövlət təbiəti
mühafizə xidmətinin yeni təşkilati formaları, təbiəti
mühafizə üzrə komissiyanın fəaliyyəti təhlil
edilmiş və əməli təkliflər irəli
sürülmüşdür. Bir vaxtlar respublikada fəaliyyət
göstərmiş Ətraf Mühitə Nəzarət və
Təbiəti Mühafizə Komitəsi, Təbiəti
Mühafizə Cəmiyyəti bilavasitə böyük alimin
şəxsi təşəbbüsü ilə
yaradılmışdır.
Həsən Əliyevin
redaktorluğu ilə çap edilən "Azərbaycan təbiəti”
adlı elmi-kütləvi jurnal təbiətimizin mühafizəsinin
təbliğində mühüm rol oynamışdır. Bu
jurnalda təbiət humanizm, mənəvi paklıq, vətənpərvərlik
hisslərinin daşıyıcısı kimi öz qiymətini
tapmışdır. Jurnalın birinci nömrəsi Həsən
Əliyevin "İlk addım” məqaləsi ilə
açılır. Azərbaycanda Təbiəti Mühafizə
Cəmiyyətinin yaradılması, bir çox qoruqların təşkil
edilməsi məhz görkəmli elm xadiminin adı ilə
bağlıdır. O yazırdı: "Qoruq” sözü
varsa, deməli, təbiətimiz qorunur. Qorunursa, daha da gözəlləşəcək
və zənginləşəcək”. Akademikin təşəbbüsü
ilə Kürboyu tuqay meşələrinin və onun canlı
aləminin qorunub saxlanılması üçün
"Qarayazı”, "Ağgöl”ün bataqlıq-su ekosistemlərinin
və heyvanlarının mühafizəsi üçün
"Ağgöl”, respublikamızın yeganə Şərq
çinarı ağaclığının qorunması məqsədilə
"Bəsitçay”, arid saqqız-ardıc meşə ərazisinin,
onun heyvanlarının mühafizəsi üçün
"Türyançay”, Böyük Qafqazın cənub
yamacının şərq hissəsində meşə
landşaft kompleksini qorumaq üçün
"İsmayıllı”, astroiqlimə mənfi təsir
göstərən havanın tozlanmasının və
çirklənməsinin qarşısını almaq və
meşənin şərq hüdudunda meşə
landşaftlarının saxlanılması üçün
"Pirqulu”, Kiçik Qafqazda "Göygöl”, Qarabağ
vulkanik yaylasının cənub hissəsində
"Qaragöl” və nəsli kəsilmək təhlükəsi
olan ceyranların mühafizəsi, artırılması
üçün "Şirvan” dövlət qoruqları
yaradılmışdır.
Həsən Əliyev
respublikanı qarış-qarış gəzib onun gözəlliklərini
lentə köçürər və bu lentləri Bakıdan
başlamış dünyanın əksər ölkələrində
keçirilən elmi məclislərdə söylədiyi məruzələrində
nümayiş etdirərdi. Eyni zamanda dünyanın başqa
ölkələrində səfərdə olarkən lentə
aldığı gözəl təbiət süjetlərini də
əyani şəkildə ali məktəb tələbələri
və orta məktəb şagirdləri qarşısında çıxış
edərkən göstərərdi.
Həsən Əliyevin ən
başlıca keyfiyyətlərindən biri onun intuitiv olaraq gələcəyi
duyması və elmi araşdırmaları, gənc alimlərin
istedad və bacarığını həmin yönə
istiqamətləndirməsi idi. Özü də iş təkcə
bununla bitmirdi, həmin istiqamətdə çalışan tələbələri
Həsən müəllim elmdə və ictimaiyyət
arasında olan böyük nüfuzundan istifadə edərək
bütün məsələlərdə himayə edirdi. Məhz
onun təşəbbüsü ilə Azərbaycanda torpaq
kadastrı, torpaqların qiymətləndirilməsi,
torpaqların ekoloji qiymətləndirilməsi məsələləri
kimi o zaman olduqca yeni olan, hətta bəzi alimlərə
abstrakt görünən bu elmi sahələrin Azərbaycanda təməli
qoyuldu və inkişaf etdirildi. Təsadüfi deyil ki,
hazırda bu sahələrsiz torpaqşünaslıq elmini təsəvvür
etmək qeyri-mümkündür. Əgər həmin vaxt Həsən
Əliyevin təşəbbüsü və təkidi ilə
torpaqşünaslıq elminin bu sahələri Azərbaycanda
inkişaf etdirilməsə idi, müstəqillik dövründə
aparılan torpaq islahatlarında torpaqların iqtisadi qiymətləndirilməsi,
onun bonitirovkası və torpaq kadastrı ilə bağlı məsələləri
həll etmək üçün uzun illər vaxt lazım
olacaqdı. Nəticə etibarı ilə bu gün aqrar sahədə
əldə etdiyimiz uğurlara gec nail olacaqdıq.
Gənclərə
qayğı
Həsən müəllim
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda
Torpaqların aqroekologiyası və bonitirovkası
laboratoriyası yaratdıqdan sonra məni bura istiqamətləndirdi.
Həmin müdrik məsləhət mənim gələcək
elmi araşdırmalarımın istiqamətini və taleyini həll
etdi. Beləliklə, mən Torpaqşünaslıq və
Aqrokimya İnstitutunda işləməyə başladım.
Sonradan isə zaman özü göstərdi ki, Həsən
Əliyev nə qədər böyük uzaqgörənliklə
aqroekologiya və bonitirovka elminin gələcəyini və
onun Azərbaycan üçün vacibliyini müəyyənləşdirə
bilmişdi.
Həsən Əliyevin bu
uzaqgörənliyi, eyni zamanda həmin sahələrin
inkişafını və bu sahədə çalışan
gənc alimləri himayə etməklə tamamlanmırdı.
1974-cü il idi, Moskvada Dünya Torpaqşünas alimlərinin
beynəlxalq konfransı keçirilirdi. Konfransda iştirak etmək
üçün Fransa, Yaponiya, Macarıstan, Kanada, Hollandiya
kimi ölkələrdən, o cümlədən sovet
respublikalarının hər birindən nüfuzlu alimlər gəlmişdi.
Şaquli zonalılığı müşahidə etmək
üçün Azərbaycana bir neçə marşrut təyin
edilmişdi. Bu qrupun rəhbəri isə akademik Həsən
Əliyev idi. O zamana qədər kitablardan, dərsliklərdən
tanıdığımız alimlərlə əyani surətdə
tanış olmaq, onlarla söhbət etmək, elmi tövsiyələrini
dinləmək fürsəti yaranmışdı. Mən bundan
faydalanmaq üçün nümayəndə heyəti ilə
birlikdə zonalara çıxmaq məqsədi ilə institutun
o zamankı rəhbərliyindən icazə istədim. Mənim
bu təşəbbüsüm çox kəskin rədd
cavabı ilə qarşılandı. Mən isə mütləq
görkəmli alimlərlə birlikdə olmaq, onların elmi
polemikalarını dinləmək, söhbətlərini
eşitmək istəyirdim. Bu istək məni Həsən
Əliyevin yanına getməyə vadar etdi. Arzumu və rəhbərliyin
mənə verdiyi cavabı ona dedim. O isə mənim istəyimi
alqışladı. Gənc alimlərin məhz bu ruhda
olmasına sevindiyini bildirdi və dedi ki, sabah
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun
qabağında üç avtobus olacaq. Oraya gəl və
birinci avtobusun qabağında məni gözlə. Ertəsi
gün Həsən Əliyev gəldi və məni yola
çıxmağa hazır olan avtobusa mindirərək dedi ki,
ön cərgədəki birinci yer mənimdir, orada, mənim
yerimdə əyləş. Özü isə xidməti
avtomobili ilə Zaqatalaya yola düşdü. Həmin alimlərlə
Zaqatalada olan görüşlər bu günə qədər
də mənim yadımdan çıxmayıb. Ancaq ən
unudulmaz hadisə Həsən Əliyevin mənə, mənim
timsalımda elmlə məşğul olmaq istəyən gənclərə
göstərdiyi qayğı və himayəsi idi.
1980-ci ildə çox böyük
zəhmət hesabına ilk dəfə olaraq relyef plastikası
nəzərə alınmaqla Azərbaycanın torpaq xəritəsini
hazırlamışdım. Ancaq bu xəritənin çap
edilməsinə heç cür nail ola bilmirdim. İşlədiyim
doğma Torpaqşünaslıq və Aqrokimya İnstitutunda
belə bu işə olduqca qısqanc yanaşılır, xəritəni
tematik plana salmırdılar. Mən yenə də elmimizin
hamisi, yeniliyin müdafiəçisi Həsən Əliyevə
üz tutmalı oldum. O məni qəbul edib, xəritəyə
baxdı, əlavələr və düzəlişlər
etdi. Öz xəritəsində olan bəzi vacib hissələri
xəritəmdə nəzərə almağımı zəruri
bildi. Yeni xəritənin çox əhəmiyyətli bir
iş olmasını bildirdi və tematik plana
saldırmağımı tövsiyə etdi. Ancaq yenə xəritənin
çap edilməsinə icazə verilmədi. Mən növbəti
dəfə Həsən müəllimin yanına gələrək
xəritənin çap edilmədiyini bildirdim. Belə olduqda Həsən
müəllim müavini, akademik Budaq Budaqova tapşırdı
ki, həmin xəritəni çap edilməsi
üçün tematik plana salsın. Nəhayət xəritə
çap olundu.
Həsən Əliyev
bugünkü anlamda həm də böyük demokrat idi. O mənada ki, rasional fikri və
elmi yenilikləri dərhal qəbul edirdi. Adətən
elmdə olan qısqanclıq ona tamamilə yad idi. Aydındır ki, Həsən müəllimin
araşdırmalarının böyük bir qismi də meşə
və meşəaltı torpaqların tədqiqatı ilə
bağlı idi. Həmin mövzuda mən
də müəyyən araşdırmalar aparmaq niyyətinə
düşdüm və bir sıra tədqiqatlardan sonra "Azərbaycanın
meşə kadastrında meşə torpaqlarının
bonitirovkası” mövzusunda məruzə hazırladım.
Məruzəni dərc etdirmək məqamı
çatanda hamı bir nəfər kimi mənə bildirdi ki,
bu sahə Həsən Əliyevin sahəsidir, ona görə də
bu mövzunu işləməyin onun xoşuna gəlməyəcək.
Həsən müəllim nəinki mənim işimi bəyəndi,
hətta çox lazımlı məsləhətlər və
səmərəli, elmi tutumlu tövsiyələr də verdi. Məqalənin çap
olunmasına isə şəxsən təqdimat yazdı.
Məqalə dərc edildi. Həmin
təqdimat bu gün də Azərbaycan Milli Elmlər
Akademiyasının "Məruzələr” jurnalının
arxivindədir.
***
Xatirələr Həsən
Əliyevin böyüklüyünün,
ziyalılığının, alimliyinin,
insanlığının, müdrikliyinin yalnız kiçik
bir hissəsidir. Həm də hamıya örnək ola
biləcək qədər əhəmiyyətlidir. Həsən müəllimin əziz xatirəsini yad
edir, böyük ehtiramımızı bildiririk.
Qərib
MƏMMƏDOV,
AMEA-nın aqrar məsələlər
üzrə müşaviri, akademik
Azərbaycan.- 2018.- 15 dekabr.- S.7.