Fövqəladə
Hallar Nazirliyinin yaradılmasının 13-cü
ildönümü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin
(FHN) yaradılmasının 13-cü ildönümü
münasibətilə dekabrın 15-də nazirlikdə geniş
kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki,
iclası açan fövqəladə hallar naziri,
general-polkovnik Kəmaləddin Heydərov FHN-in
yaradılmasının 13-cü ildönümü və
peşə bayramı münasibətilə şəxsi heyəti
təbrik edib, onlara uğurlar arzulayıb.
Kəmaləddin Heydərov bildirib
ki, ötən müddət nazirliyin kollektivi üçün
əlamətdar olub. FNN-in yarandığı 13 il ərzində
əldə etdiyimiz bütün nailiyyətlər ümummilli
lider Heydər Əliyevin daxili və xarici siyasətini
uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin adı ilə
bağlıdır. Ötən illər ərzində FHN
dövlətimizin başçısının diqqət və
qayğısı ilə əhatə olunub. Nazirliyimizin bu
günə qədər əldə etdiyi ən böyük
nailiyyət dövlətimizin başçısının
etimadını doğrultması, xalqın etibarını
qazanmasıdır.
Qeyd olunub ki, cari ildə FHN
qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində işlər davam etdirilib. Hesabat
dövründə də nazirlik insanlarımızın həyat
təhlükəsizliyinin qorunması sahəsində öz fəaliyyətini
uğurla davam etdirib. Həmişə olduğu kimi,
yanğından mühafizə sahəsində əməliyyat
şəraiti diqqət mərkəzində saxlanılıb.
Yanğın hadisələrinin qarşısı çevik
şəkildə alınaraq yayılmasına və
ağır fəsadlarla nəticələnməsinə imkan
verilməyib.
Vurğulanıb ki, Azərbaycan
Prezidentinin hər il dekabrın 16-sının Fövqəladə
Hallar Nazirliyi işçilərinin peşə bayramı
günü kimi qeyd edilməsi barədə 2006-cı ildə
imzaladığı Sərəncam FHN-ə və onun
kollektivinə dövlət qayğısının bariz
nümunəsidir. Nazir deyib: "FHN-in şəxsi heyəti həmişə
olduğu kimi, ölkə rəhbərliyinin qarşıya
qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə,
operativ və sədaqətlə yerinə yetirəcək.
Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə hər
zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət
və qayğıya görə nazirliyin bütün şəxsi
heyəti adından Prezident, Ali Baş Komandan İlham
Əliyevə dərin təşəkkürümüzü
bildiririk. Azərbaycan Prezidentini əmin edirəm ki, ölkə
əhalisinin və ərazilərin təhlükəsizliyinin təmin
olunması, maddi və mədəni sərvətlərimizin
qorunması, vətəndaşlarımızın firavan həyat
və fəaliyyətinin davam etdirilməsi kimi şərəfli
vəzifənin yerinə yetirilməsi üçün bundan
sonra da bütün qüvvə və
bacarıqlarımızı səfərbər edəcəyik.
Ali Baş Komandanın əmr və
tapşırıqlarını yerinə yetirməyə hər
an hazır olacağıq”.
Sonra nazirliyin bir qrup əməkdaşına
ali hərbi rütbələrin, orden və medalların, fəxri
adların verilməsi haqqında Azərbaycan Prezidenti İlham
Əliyevin imzaladığı sərəncamlar oxunub.
Prezidentin ötənilki sərəncamlarına əsasən təltif
olunan bir qrup əməkdaşa mükafatlar təqdim edilib. Həmçinin
FHN-in xidmətdə fərqlənən əməkdaşları
da nazirin əmri ilə təltif olunublar.
Sonda tədbir
iştirakçıları adından Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevə müraciət qəbul edilib.
Azərbaycan. - 2018.- 16 dekabr.- S.2.