“Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi
"Şahdəniz-2” layihəsi üçün
yekun investisiya qərarının
verildiyi vaxtdan 5 il keçir
"Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi olan "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarının verilməsindən 5 il keçir. Ötən müddət ərzində layihə nəzərdə tutulduğu qaydada irəliləyib və artıq yarım ildən çoxdur ki, "Şahdəniz-2” qazı genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə TANAP-a (Transanadolu Qaz Boru Kəməri) ötürülür.
"Şahdəniz-2” çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil ediləcəyi gözlənilir. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropaya nəql olunacaq. Ümumilikdə isə "Şahdəniz” 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan çox kondensat ehtiyatı olan nəhəng yataqdır. Azərbaycan 2006-cı ildən etibarən yatağın işlənməsinin birinci mərhələsində Gürcüstana, 2007-ci ildən Türkiyəyə qaz ixrac edir. İkinci mərhələdə Azərbaycan qazını dünya bazarlarına aparan yollar xeyli şaxələnəcək. "Şahdəniz-2” layihəsini yüksək dəyərləndirən Prezident İlham Əliyev 2013-cü il dekabrın 17-də yekun investisiya qərarı verilərkən demişdir: "Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablamalarımıza görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir”.
Odur ki, "Şahdəniz-2”ni "XXI əsrin layihəsi” adlandırırlar. Mütəxəssislər bu layihəni bir neçə amilə görə önəmli sayırlar. Əvvəla, ilk dəfədir Azərbaycan və onun timsalında bütün region belə nəhəng miqyaslı bir layihə reallaşdırıb.
Azərbaycan həmin layihə ilə zəngin qaz ehtiyatlarının istismarına başlayıb ki, bu da regionun gələcəyinə geniş yol açacaq. İkincisi, sözügedən layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirəcək. Nəhayət, "Şahdəniz-2” Xəzər regionu ilə Avropa bazarlarını bir-birinə bağlayacaq. Xəzər dənizindən Avropanın mərkəzinə qədər olan ərazidəki bir çox ölkələr bundan mənfəət götürəcəklər.
"Şahdəniz-2”nin qazı Xəzərdə bir-birinə körpü vasitəsilə birləşdirilmiş iki yeni nəhəng qurğu - Yaşayış Blokları və Texnoloji Təchizat Platforması, eləcə də Hasilat və Dikborular Platforması vasitəsilə əldə olunur. Bu qoşa qurğuya "Şahdəniz Bravo” adı verilib. Platformaların tikintisi beynəlxalq standartlara uyğun şəkildə tam yenidən qurulmuş və müasirləşdirilmiş istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) və Bibiheybət ərazisindəki "AMEK-Tekfen-Azfen” (ATA) sahəsində həyata keçirilib. Hər iki platformanın dayaq blokları BDÖZ-də, üst hissələri ATA-da inşa edilib.
Bundan əlavə, yatağın ərazisində qazma işləri aparılıb, qazı sahilə nəql etmək üçün sualtı infrastruktur yaradılıb, mavi yanacağı qəbul etmək üçün Səngəçal terminalında yeni qurğular tikilib.
"Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda bütün əsas müqavilələr üzrə işlərə 24 min nəfərdən çox insan cəlb olunmuşdu ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşları idi.
Təqdirəlayiq haldır ki, yerli işçi qüvvəsi üçün tikinti və istismar dövründə ən çox ehtiyac duyulan peşələr üzrə geniş təlim proqramları həyata keçirilib. Proqramın əsas məqsədi paslanmayan polad və sualtı konstruksiyaların quraşdırılması zamanı qaynaq işlərini bacarıqla görən ixtisaslı fəhlələrin hazırlanması olub. BDÖZ-də hətta qaynaqçılar üçün xüsusi təlim mərkəzi açılıb. ATA sahəsində, Səngəçal terminalında isə qaynaqçılar üçün əlavə təlimlər təşkil edilib. CQBK-nın genişləndirilməsi layihəsində işləyən ixtisaslaşdırılmış boru kəməri qaynaqçılarının yetişdirilməsi üçün də təlimlər keçilib.
"Şahdəniz-2”nin salnaməsində ən önəmli hadisələrdən biri də "Xankəndi” gəmisinin istifadəyə verilməsi olub. "Xankəndi” keçən ilin sentyabr ayında istismara verilib. Texnikanın ən son nailiyyətlərini özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq "Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. 378 milyon ABŞ dolları dəyərində olan gəminin Bakıda keçirilmiş rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.
"Şahdəniz” yatağı ərazisində artıq öz uğurlu "debüt”ünü etmiş "Xankəndi” ən azı daha 10 il orada işləyəcək. Bundan əlavə, sualtı və dəniz-gəmi əməliyyatlarında STB-1 daşıma, "İsrafil Hüseynov” borudüzmə barjlarından, "Azərbaycan” kran və "Akademik Tofiq İsmayılov” dalğıc gəmilərindən də istifadə olunur.
3500 kilometrlik "Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi Xəzərin qoynunda, "Şahdəniz-2” müqavilə sahəsində, yeni platformaların quraşdırıldığı, "Xankəndi” gəmisinin işlədiyi ərazidədir. Buradan sualtı xətlərlə sahilə çıxarılan mavi yanacaq Səngəçal terminalındakı qurğuların köməyi ilə Avropaya doğru uzun bir yol başlayır. "Cənub qaz dəhlizi”nin bu il mayın 29-da Səngəçalda keçirilən rəsmi açılış mərasimində Prezident İlham Əliyev "Şahdəniz”in əhəmiyyətini bir daha vurğulayaraq demişdir: "1994-cü ildən sonra ikinci böyük kontrakt "Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu kontrakt 1996-cı il iyunun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdır. Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu tarixi gündə "Cənub qaz dəhlizi”nin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. "Şahdəniz” qaz yatağı "Cənub qaz dəhlizi”nin əsas resurs bazasıdır”.
Flora SADIQLI
Azərbaycan.-
2018.-16 dekabr.- S.1; 3.