“Made
in Azerbaijan” brendinin “Şahdağ”
möhürü
Azərbaycanda qeyri-neft sektorunun inkişafına verilən
dövlət dəstəyi
iqtisadiyyatın neftdən
asılılığını arxa plana keçirib. Bunun bir
səbəbi də ölkəmizin hər yerində bu sektorun inkişafı üçün yollar axtarılması mövcud
potensialdan istifadə edilməsidir.
Onlardan biri də turizmin
inkişafıdır. Təbiət gözəllikləri ilə
zəngin bölgələrimizdə
bunun inkişafı üçün yeni infrastruktur yaradılır,
istirahət mərkəzləri
açılır. Belə rayonlardan
biri də Qusardır.
İlin bütün fəsillərində
ölkəmizin şimal
bölgəsində turistlərlə
rastlaşmaq mümkündür. İsti aylarda
gözoxşayan meşələri,
qışda pambıq
kimi ağappaq qara bürünmüş
dağ və dərələri buraya gələnləri sanki ovsunlayır, onları təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.
Qusarın iqtisadiyyatının əsasını
kənd təsərrüfatı
təşkil etsə də, rayonun inkişafı daha çox turizmlə bağlıdır. Rayonda çoxsaylı mədəniyyət
ocaqları, qalalar, tarixi keçmişimizi yaşadan adət-ənənələr
var. Böyüklü-kiçikli onlarla şəlalənin yerləşdiyi Qusar turistlərin marağına
səbəb olmaqla yanaşı həm də multikultural dəyərləri ilə
seçilən bölgədir.
Quba ilə yanaşı məkanda yerləşməsi
ona olan marağı bir qədər də artırır. Belə ki,
Qusara təşrif buyuran turist yaxınlıqdakı Qubanı
da ziyarət edir. Bu da
turist marşrutlarına
əlavələr deməkdir.
Azərbaycan Prezidenti
İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ərsəyə
gələn "Şahdağ”
Qış-Yay Turizm Kompleksi turistlərin marağını çəkən
ən yaxşı məkanlardan biridir. Turistlərin
axışdığı Qusar
rayonu turizm bölgəsi kimi günü-gündən inkişaf
edir. Bu isə
rayona gələn turistlərin sayında artımla müşahidə
edilir.
Dövlət tərəfindən də
rayonda turizmin potensialının gücləndirilməsinə
böyük maliyyə
dəstəyi göstərilir. Xatırladaq ki,
"Şahdağ” Qış-Yay
Turizm Kompleksinin tikintisinə 2009-cu ildə
başlanıb. Qusar
şəhərindən 30 kilometr
şimalda, dəniz səviyyəsindən 1.300-3.200 metr hündürlükdə,
Şahdağ Milli Parkının ərazisində
inşa edilən
"Şahdağ” Qış-Yay
Turizm Kompleksi bu dəstəyin konkret təzahürüdür.
Bu yerlərdə
turizmin daha geniş miqyas alması, inkişafı üçün hər cür şərait var. Rayonun turizm sahəsində çalışanların
isə əsas vəzifəsi əsrarəngiz
təbiətin qoynunda
mənalı istirahətin
və xidmətin təşkilinin müasir tələblər səviyyəsində
qurulmasına nail olmaqdır. Həm də
dünyanı dolaşan
turist üçün
maraqla qarşılaşacaq
nəyinsə hazırlanması
gərəkdir. Çünki gəzdiyi yerlərdən fərqlisini görəndə
o, buralara bir də dönəcək.
Odur ki, yeni layihələr
həyata keçirilməli,
infrastruktur dəyişiklikləri
aparılmalıdır.
Qusar rayonunda bu sahədə xeyli iş görülüb.
Bu gün rayonda
turizmin dağ, meşə, qış, yay, kənd kimi növləri formalaşmaqdadır. Göstərilən istiqamətlərdə lazımi
şəraitin yaradılması
bu sahəyə cəlb olunanların sayının artmasına gətirib çıxarır.
Əsasən qış aylarında
dağ turizminə üstünlük verənlər
ilin digər fəsillərində də
bu məkana gələrək müxtəlif
turizm marşrutlarından
yararlanmağa çalışırlar.
Yayda rayonun kəndlərində,
hotellərdə boş
yer tapmaq çətin olur. Turizm işi
burada yaxşı təşkil olunub. Rayon mərkəzində, park və xiyabanlarda xüsusi bələdçilər
turistlərə yol göstərmək üçün
fəaliyyət göstərir.
Bundan əlavə, əgər qonaq gedəcəyi yeri müəyyənləşdiribsə,
ona əvvəlcədən
hazırlanmış xəritə
təqdim edirlər.
Artıq
istirahət edəcəyi
yeri bilən turist birbaşa istədiyi əraziyə yollana bilir.
Amma turistlərin ən çox dincəlmək istədiyi yer "Şahdağ” Qış-Yay
Turizm Kompleksidir. O, dünyadakı
bu tipli komplekslərdən nadirliyi
və unikallığı
ilə fərqlənir.
Adıçəkilən turizm kompleksinin Qusarda işsizlik probleminin həllində, rayonda, sahibkarlığın,
sənətkarlığın inkişafında, büdcə
gəlirlərinin artmasında,
infrastruktur sahələrinin
sürətlə yenidən
qurulmasında əsaslı
rolu var. Bu layihə ölkəmizin turizm sektoruna qoyulan ən böyük sərmayədir. Kurort fəaliyyətə başlayandan
bərı yüzlərlə
yeni iş yeri açılıb. Hazırda turizm kompleksində yaxın rayonlardan da xeyli sayda
gənc çalışır.
Respublikamızda keçirilən idman turnelərində, I Avropa və IV İslam Həmrəyliyi Oyunları
zamanı bu kompleksi seçən turistlər özlərilə
ölkələrinə qucaq
dolusu sevinc aparmış, çoxları
yenidən qayıdaraq
dəfələrlə bu
istirahət guşəsinə
səyahət etmişlər.
"Şahdağ”
Qış-Yay Turizm Kompleksində ilin bütün fəsillərində
hər kəsin maraq dairəsinə və bacarığına
uyğun müxtəlif
əyləncələr təşkil
olunur. Məsələn,
aktiv əyləncəyə
üstünlük verənlər
üçün xüsusi
dağ velosipedi və ya sərbəst
velosiped turu, fərqli əyləncə
növlərini və
sürəti sevənlər
üçün trottinet,
seqvey - mobil platforma, kvadrotsikl, bob kart kimi nəqliyyat vasitələri, sadəcə
təmiz dağ havası, ruhu dinləndirən sakitlik və möhtəşəm
mənzərələrdən zövq almaq istəyənlər üçün
at sürmə, dağlarda
gəzinti, adrenalin sevənlər
üçün kanatla
yüksəklikdən sürüşmə
- ziplayn, macəra parkı, peyntbol, azyaşlı turistlər üçün isə hava qəsrlərindən ibarət mini kvadrotsikllər
kimi əyləncə
növləri təklif
olunur.
Bundan əlavə ailəvi istirahət etmək istəyənlər üçün
də bir neçə əyləncə
növünün daxil
olduğu xüsusi paketlər hazırlanıb. Şahdağda
ən maraqlı əyləncələrdən biri
isə paraplan uçuşları vasitəsilə
2250 metr hündürlükdən
bütün ərazini
seyr edə, eləcə də bu adrenalin dolu anları və inanılmaz görüntüləri
GoPro kamerası ilə çəkib dostlarla paylaşmaqdır.
Kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan böyük vətəndaşlar, veteranlar
və fiziki məhdudiyyətli insanlar üçün pulsuz olaraq fəaliyyət göstərir. Qeyd edək ki, bütün əyləncələrdən
istifadə zamanı turistlər hər cür təhlükəsizlik
vasitələri ilə
təmin edilir və daim bələdçilərin
nəzarəti altında
olurlar.
Ötən qış mövsümündə
"Şahdağ” Qış-Yay
Turizm Kompleksini 40 mindən artıq turist ziyarət edib. Səudiyyə Ərəbistanı,
BƏƏ, Pakistan, Rusiya, Küveyt
və İsrail kimi ölkələrdən
olan turistlər bu siyahıda üstünlük təşkil
edirlər.
Qış qapının ağzındadır. Yəqin ki,
qış fəslində
bu kompleksi hələ çox insan görməyə gələcək və turizm ənənələrinə
yiyələnən Qusarı
gəzəcəklər. Beləliklə, turistlərin dillərində
və gözlərində
xatirəyə çevrilən
Şahdağ möhürü
Azərbaycan brendi olaraq daha da
genişlənəcəkdir.
Akif ƏLİYEV
Azərbaycan.-
2018.- 16 dekabr.- S.5.