Oqtay Əsədov: “Azərbaycan və Gürcüstan strateji tərəfdaşlardır”

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov gürcü xalqını yeni prezidentin seçilməsi münasibətilə təbrik edib. Milli Məclisin Sədri deyib ki, Gürcüstan Azərbaycana qardaş ölkədir. Gürcüstanın bayramı Azərbaycanın bayramıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Prezident Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak edən Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan xalqını yeni prezidentin seçilməsi münasibətilə təbrik edib, xoşbəxtlik və firavanlıq arzulayıb. Azərbaycan parlamentinin sədri deyib ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında sıx münasibətlər var. Gürcüstanın yeni dövlət başçısının andiçmə mərasimində iştirak etmək bizim üçün vacibdir. Biz Gürcüstanla həmrəyliyimizi ifadə edirik. Burada olmağımızdan məmnunuq.

Xatırladaq ki, ki, Salome Zurabişvilinin andiçmə mərasimində Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, deputatlar Əflatun Amaşov və Hikmət Babaoğlu daxil olub.

 

Azərbaycan.-2018.-18 dekabr.- S.3.