Bakıda Qətərin milli bayramı qeyd edilib

 

Qətərin milli bayramı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi dekabrın 17-də rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfirliyin müvəqqəti işlər vəkili Xalid Məhəmməd əl-Malki tədbirdə çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.

Ölkələrimiz arasında əlaqələrə toxunan diplomat Azərbaycan-Qətər münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə öz yerini daha da möhkəmləndirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov əlamətdar gün münasibətilə Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından təbrik edib. Nazir bildirib ki, Qətər dövləti dünyada ən sabit inkişafa malik ölkələrdən biridir. Azərbaycan və Qətər arasında xoş münasibətlər var. Beynəlxalq maraqların üst-üstə düşməsi əlaqələrimizi daha da möhkəmləndirir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Qətər həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Qarşılıqlı rəsmi səfərlər iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli rol oynayır.

Nazir Kəmaləddin Heydərov qeyd edib ki, ölkələrimiz arasında zəruri müqavilə-hüquq bazasının yaradılması, o cümlədən 2016-cı ildə dövlətlərimizin başçılarının müvafiq qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya uğurlu əməkdaşlıq üçün mühüm platforma yaradıb.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2018.-18 dekabr.- S.3.