Bakıda ikinci Avrasiya
Hüquq Qurultayı işə
başlayıb
Dekabrın 17-də Bakıda ikinci Avrasiya Hüquq Qurultayı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə 40 ölkədən 250 nümayəndə iştirak edir.
Türkiyə Hüquq Platformasının sədri Ahmet Akcan Türkiyə ilə Azərbaycan arasında hüquq sahəsində əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Qeyd edib ki, 2014-cü ildə Türkiyə-Azərbaycan hüquq platformasının yaradılması iki ölkə arasındakı yaxşı əlaqələrin nəticəsidir.
Birinci Avrasiya Hüquq Qurultayının 2014-cü ildə Bosniya-Herseqovinanın paytaxtı Sarayevoda keçirildiyini xatırladan Ahmet Akcan bildirib ki, həmin tədbir çərçivəsində birlikdə yaşamaq mədəniyyəti mövzusu haqqında müzakirələr aparılıb. O, bu il Bakıda “beynəlxalq ədalət üçün beynəlxalq hüquq” mövzusunda keçirilən ikinci Avrasiya Hüquq Qurultayında insanlığa qarşı cinayətlərlə, terrorizmlə mübarizə kimi məsələlərin müzakirə ediləcəyini deyib.
Ədliyyə nazirinin müavini Azər Cəfərov çıxışında Qurultayın əhəmiyyətindən bəhs edərək deyib: “Avrasiya Hüquq Qurultayı məhz Azərbaycan Xalq Cümhuriyyətinin, həmçinin Azərbaycan ədliyyə sisteminin qurulmasının 100 illiyinin qeyd olunduğu bir zamana təsadüf edir”. Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini qeyd edən nazir müavini bildirib ki, Sovet İttifaqı dövründə Azərbaycanda hüquq sistemində qanunun aliliyi təmin olunmurdu və hüquqları təmin edən müstəqil məhkəmə hakimiyyəti mövcud deyildi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik cəmiyyətə xas Məhkəmə-Hüquq Şurası, məhkəmə-hüquq sistemi yaradılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilib. Qanunvericilik əsaslı surətdə yenilənib, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilib, müvafiq infrastruktur konseptual baxımdan müasirləşdirilib. Bu gün də davamlı xarakter daşıyan məhkəmə islahatları Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Hakimlərin seçimində tətbiq edilən prosedurlar Avropa Şurası tərəfindən digər dövlətlərə tövsiyə edilir.
A.Cəfərov diqqətə çatdırıb ki, beynəlxalq təşkilatların fəaliyyətində bəzən beynəlxalq hüquq prinsiplərinin gözlənilməməsinə, pozulan insan hüquqlarının bərpasının sonadək nail olunmamasına, ikili standartların tətbiqinə rast gəlinir. “Məsələn, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması açıq şəkildə tələb olunur. Lakin işğalçı ölkə bu qətnamələrin tələblərinin yerinə yetirilməsinə məcbur edilmir. Buna oxşar sənədlər Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilib”, - deyə nazir müavini söyləyib.
Beynəlxalq Hüquqşünaslar Birliyinin
sədri vəkil Necati Ceylan
deyib ki, bu Qurultay Avrasiya
və İslam ölkələri ilə
bağlı günümüzün əsas
mövzusunu əhatə edir.
Beynəlxalq Hüquqşünaslar
Birliyi barədə məlumat verən sədr
deyib ki, bu təsisat 40 ölkədən yüzlərlə
hüquqşünası birləşdirən, dünyada
hüququn, insan
haqlarının və ədalətin bərqərar
olmasına töhfə verən qeyri-hökumət təşkilatıdır.
Təşkilat dünyada ədalətin, hüququn, bəşəri dəyərlərin
qorunması istiqamətində fəaliyyət göstərir. Dünyada ədalətsizliklərin
olduğunu təəssüflə qeyd edən Necati Ceylan bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində bir milyondan
çox insan evsiz-eşiksiz qalsa da, bu ədalətsizliyə
beynəlxalq birlik tərəfindən hələ
də lazımi qiymət verilmir.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli bildirib ki, ölkəmiz Cənubi Qafqaz regionunun ən inkişaf etmiş, güclü dövlətidir. Eyni zamanda, Azərbaycan Avrasiya bölgəsində həyata keçirilən iqtisadi, siyasi, mədəni əlaqələrdə həm də vasitəçi rol oynayır. Bu, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Əgər ölkələrdə qanunun aliliyi təmin olunmasa, ədalət mühakiməsi həyata keçirilməsə, siyasi, mədəni və iqtisadi inkişaf da olmaz.
“Azərbaycan torpaqlarının 27 ildir işğal altında qalması ən böyük ədalətsizlikdir”, - deyən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması beynəlxalq hüquqa ziddir.
Türkiyə Böyük Millət Məclisinin deputatı Cahid Özkan bu tədbirin bölgənin hüquq və məhkəmə sisteminin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirilib ki, müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyev qısa vaxtda ölkədə ədaləti, iqtisadi inkişafı, sabitliyi təmin edərək Azərbaycanı dünyanın qibtə etdiyi bir dövlətə çevirib.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu tədbirin bütövlükdə region üçün böyük bir hadisə olduğunu deyib. O bildirib ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası öz beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirməkdədir. Qurultayın əsas məqsədlərindən biri də məhz eyni coğrafiyada yaşayan, ortaq mədəni və tarixi dəyərləri olan cəmiyyətlərin bir-birinə həm ictimai, həm də dövlətlər səviyyəsində yaxınlaşdırılmasıdır.
Türkiyə ədliyyə nazirinin müavini Yıldız Səfərinoğlu qeyd edib ki, qurultay fərqli coğrafiyalarda yaşayan, bənzər problemlərə məruz qalan, onları həll etmək üçün çalışan hüquqşünasların bir araya gəlməsi, fikir mübadiləsi aparması baxımından böyük əhəmiyyətə malikdir. Türkiyə-Azərbaycan əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu deyən Türkiyə ədliyyə nazirinin müavini regionda sülhün və təhlükəsizliyin təmin olunmasında ölkələrimizin həmrəyliyinin xüsusi rol oynadığını vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Çingiz Əsgərov Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların pozulmuş hüquqlarından danışıb.
Qurultay
işini panel
müzakirələrlə davam etdirib.
Azərbaycan.-
2018.-18 dekabr.- S.6.