“Azərbaycan Respublikası Milli Məclisi
deputatının etik davranış
qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
3-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Milli Məclisi deputatının
etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 8, maddə
1515) aşağıdakı dəyişikliklər edilsin:
1. 10.1-ci maddəsində
"Korrupsiyaya qarşı
mübarizə haqqında”
Azərbaycan Respublikasının
Qanununda” sözləri
"bu qanunun 10.1-1-ci maddəsində” sözləri
ilə əvəz edilsin.
2. Aşağıdakı
məzmunda 10.1-1-ci və
10.3-cü maddələr əlavə
edilsin:
"10.1-1. Deputat
xidməti vəzifələrinin
icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi
şəxsdən ümumi
məbləği əlli
beş manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin
icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi
şəxsə təklif
edə bilməz.”;
"10.3. Deputata
qanunsuz olaraq maddi və sair
nemətlər, imtiyazlar
və ya güzəştlər təklif
olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər,
imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə,
o, bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və bu qanunun
10.1-1-ci maddəsində nəzərdə
tutulmuş məbləğdən
yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.”.
3. 11-ci maddənin
mətni aşağıdakı
redaksiyada verilsin:
"11.1. Deputat
səlahiyyət müddətində
maraqlar toqquşmasına
yol verməməli, öz səlahiyyətlərindən
maraqları üçün
istifadə etməməli,
maraqlarının onun
deputatlıq fəaliyyətinə
təsir göstərməsinə
şərait yaratmamalı,
həmçinin səlahiyyət
müddətində deputatlıq
səlahiyyəti müddətindən
sonrakı dövrlərdə
digər sahədəki
fəaliyyətinə dəstək
yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik)
etməməlidir. Deputat hər hansı
maraqlı tərəflə
ünsiyyət zamanı
şəffaflıq və
dürüstlük prinsiplərini
rəhbər tutmalıdır.
11.2. Deputatın xidməti vəzifələrinin
icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməli və İntizam komissiyasının
rəyini öyrənməlidir.
Deputat, Milli Məclisin İntizam komissiyasının
rəyinə müvafiq
olaraq, onun marağının yarandığı
məsələ ilə
bağlı çıxış
etməkdən və ya səsvermədə iştirak etməkdən çəkinməlidir. Deputat maraqlar
toqquşmasının həlli
zamanı ictimai mənafeni həmişə
öz maraqlarından üstün tutmalıdır.
Milli Məclisin İntizam komissiyasının maraqlar
toqquşması barədə
rəyi Milli Məclisin rəsmi internet
səhifəsində dərc
edilir.
11.3. Bu qanunun
11.2-ci maddəsində maraqlar
toqquşmasının qarşısının
alınması ilə
bağlı müəyyən
edilən tələblərdən
asılı olmayaraq, deputat Milli Məclisin,
onun komitə və komissiyasının iclası və ya ictimai müzakirə
zamanı çıxışından
əvvəl müzakirə
edilən məsələ
ilə bağlı yarana biləcək marağını açıqlamalı,
bu barədə iclas sədrinə şifahi formada məlumat verməlidir. Deputatın maraqlar toqquşması ilə bağlı açıqlaması Milli
Məclisin iclaslarının
stenoqramına daxil edilir və Milli Məclisin rəsmi internet səhifəsində
dərc edilir.
11.4. Deputat normayaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş
cəmiyyəti nümayəndələri
və ya digər şəxslərlə
keçirdiyi görüşü,
həmin görüşün
mövzusunu və bununla bağlı onun tərəfindən göstərilən dəstək
barədə məlumatları
ictimaiyyətə açıqlamalıdır.
Bu məlumatlar protokollaşdırılaraq Milli
Məclisin Aparatında
saxlanılır. Belə görüşlər
zamanı təqdim olunmuş rəy və təkliflər Milli Məclisin rəsmi internet səhifəsində
dərc edilir.
Qeyd: Bu maddədə
"maraqlar toqquşması”
dedikdə deputatın
səlahiyyətlərinin icrası
çərçivəsində özünün və ya yaxın qohumlarının
əldə edə biləcəyi maddi və sair nemətlər,
imtiyazlar və güzəştlər, habelə
onun mənafeyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının
həmin deputatın səlahiyyətlərinin obyektiv
və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət
başa düşülür.”.
4. 12-ci maddədən
"şəxsi” sözü
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 19 dekabr.-
S.3.