3 korpus, 18 mindən artıq eksponat

 

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva Azərbaycan milli incəsisnt muzeyində olublar

 

Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldular.

Mədəniyyət naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verdi.

Qeyd edildi ki, Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrdə inşa edilən iki yanaşı tarixi binada yerləşir. 1891-1893-cü illərdə Bakının baş memarı Nikolay fon der Nonne tərəfindən inşa edilən binada ayrı-ayrı vaxtlarda müxtəlif idarə və təşkilatlar yerləşib. 1936-cı ildə əsası qoyulan İncəsənət Muzeyi 1951-ci ildən bu binada fəaliyyətini davam etdirib. Burada çox sayda qiymətli sənət əsərinin yerləşdirilməsi və ekspozisiyanın ildən-ilə zənginləşdirilməsi bu sənət məbədinə marağı daha da artırıb. Zaman keçdikcə təbii aşınmalar nadir sənət nümunələrinin toplandığı bu binanın təmiri zərurətini yaradıb. Əvvəllər burada belə genişmiqyaslı təmir işləri aparılmayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə muzeydə əsaslı təmir və yenidənqurma işləri görülüb. "Mariinski Qadın Gimnaziyası" adlanan birinci korpus 2009-cu ilin sentyabrında istifadəyə verilib.

2014-2018-ci illərdə isə muzeyin "De Burun malikanəsi" adlanan korpusunda İtaliya və Azərbaycan mütəxəssislərinin birgə səyləri ilə əsaslı təmir işləri həyata keçirilib. Bərpa-təmir işlərinə başlamazdan əvvəl muzey binasında xüsusi tədqiqat aparılıb. Binanın fizikitexniki vəziyyəti öyrənilib. Ölkə əhəmiyyətli bu memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm bəzək və digər işlər ilkin vəziyyətə gətirilib. Memarlıq və bəzək elementləri təmizlənib, bərkitmə işləri yerinə yetirilib. Uzun illər ərzində cari təmir işləri aparmaqla tavandivarlarda yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci rəng qatı müəyyən edilib. Əsas giriş qapıları və bir çox daxili qapılar təmizlənərək bərpa olunub. Milli İncəsənət Muzeyində yeni yaradılan şərait sərgi zallarında yerləşdirilən əsərlərin bütün təsiredici amillərdən - nəmişlik, temperatur, ultra şüalar və digər amillərdən qorunmasını və təhlükəsizliyini təmin edir, bununla bərabər, muzeyə gələn insanların rahatlığına, eyni zamanda, baxdıqları əsərlərdən zövq almalarına şərait yaradır.

Binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həm də texnoloji baxımdan lazım olan innovativyeni funksionallığı təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb. On səkkiz mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyində rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri nümayiş olunur. Üçüncü korpusda isə 2 mindən çox eksponat saxlanılır.

Bildirildi ki, Azərbaycan Milli İncəsənət Muzeyinin mövcud binaları arasında mərkəzləşdirilmiş giriş yaratmaq üçün 2013-cü ildə açılışı olan keçid korpusu da var. Bina memarlığın həm ampir, həm də barokko üslublarının istifadə edildiyi tarixi memarlıq abidəsidir. Xüsusi sifariş edilmiş güzgülər, çıraqlar və sobalar bu məkana gözəllik verir.

Muzeydə dünya incəsənəti nümunələri də nümayiş etdirilir. Ekspozisiya planına əsasən kolleksiyanı Qərbi Avropa, o cümlədən İtaliya, Hollandiya, Almaniya, Fransa, həmçinin RusiyaÇin, Türkiyə, İranHindistan da daxil olmaqla Şərq incəsənəti təşkil edir. İlk dəfə olaraq yeni ekspozisiyada qədim dünya incəsənəti də təqdim olunur: buraya qədim Misir, qədim Yunanıstan, qədim Roma və qədim İran incəsənətləri daxildir. Bununla yanaşı, ilk dəfə olaraq Fransa zallarında fransız impressionistlərin əsərlərini görmək mümkündür. Bundan başqa, muzeyin ekspozisiyasında Rusiya avanqardı ilə yanaşı, avanqard çini məmulat və əsərləri də seyr etmək imkanı olacaq. Dünyanın istənilən muzeyi burada təqdim olunan əsərlərlə fəxr edə bilər.

Binada aparılan yenidənqurma və əsaslı təmir işləri, nümayiş etdirilən zəngin kolleksiya ilə yaxından tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət ocağının fəaliyyətinə uğurlar arzuladılar.

 

Azərbaycan.- 2018.-19 dekabr.- S.1-2.