Azərbaycanın irəli sürdüyü
“İtkin düşmüş
şəxslər” adlı qətnamə BMT Baş
Assambleyasında qəbul edilib
Dekabrın 17-də BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib.
Bu barədə AZƏRTAC-a Xarici İşlə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, 62 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub.
Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir.
Qətnamədə dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur. Qeyd edilir ki, itkin düşmüş şəxslər problemi onların ailələrinə böyük iztirablar gətirir və münaqişələrə son qoyulması sahəsində həyata keçirilən səylərə mənfi fəsadlar törətməkdə davam edir.
Qətnamə dövlətləri beynəlxalq humanitar hüququn müddəalarına hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımı tədbirləri həyata keçirməyə, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etməyə çağırır. Qətnamə itkin düşmüş şəxslərin ailələrinin əzizlərinin taleyi barədə məlumat əldə etmək hüququnu təsdiq edir. Qətnamə dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.
Qətnamədə
BMT baş katibinin Baş Assambleyanın 75-ci sessiyasına (2020) və
BMT-nin İnsan
Hüquqları Şurasının müvafiq
sessiyasına onun icrasına dair praktiki tövsiyələrin
də yer aldığı müfəssəl
hesabat təqdim edilməsi
çağırışı yer
alır.
Azərbaycan.- 2018.- 19 dekabr.- S.4.