Ləki-Qəbələ dəmir yolu bölgənin turizm imkanlarını genişləndirməklə bərabər, iqtisadi inkişafını da sürətləndirəcək

 

Dünyada ölkələrin inkişaf göstəriciləri bir sıra parametrlərlə ölçülür. Onlardan biri infrastrukturun inkişafıdır. Son vaxtlar görülən tədbirlər sayəsində Azərbaycan dünyanın bu sahədə də inkişaf etmiş ölkələri sırasındadır. Son faktlardan biri: Dünya İqtisadi Forumunun reytinq cədvəlində yol infrastrukturunun inkişafına görə Azərbaycan dünyada 36-cı yerdədir.

137 ölkə arasında 36-cı, MDB məkanında isə birinci olmaq böyük nailiyyətdir.

Dövlət başçısı 11 dekabr 2018-ci ildə sözügedən sahə üzrə daha bir sərəncam imzalayıb. "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” olan bu sərəncam ölkədə həm dəmir yolu nəqliyyatının, həm də turizm sektorunun inkişafına hədəflənib. Sərəncamda deyilir ki, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, digər sahələrdən gələn gəlirlərin artırılması, qeyri-neft sektorunun sürətli inkişafı Azərbaycanda aparılan iqtisadi islahatların əsas istiqamətlərindəndir: "Qeyri-neft sektorunun iqtisadi cəhətdən ən sərfəli sahələrindən biri hesab edilən turizmin inkişafı ilə bağlı son illər həyata keçirilən tədbirlər nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə edilmiş, o cümlədən turizm obyektlərinin sayı çoxalmış, xidmət sahəsi yüksəlmiş, yerli əhalinin milli turizmə marağı, eləcə də ölkəyə səfər edən turistlərin sayı xeyli artmışdır”.

Bu baxımdan ölkənin əsas turizm mərkəzlərindən olan Qəbələ şəhərinə və əks istiqamətdə dəmir yolu ilə sərnişindaşımaların həyata keçirilməsi üçün Ağdaş rayonu ərazisində yerləşən Ləki stansiyasının yaxınlığından uzunluğu 43 kilometr olan yeni dəmir yolu xəttinin tikintisi turizm infratstrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə yetərliyin təmin olunmasına xidmət edir.

Prezidentin qeyd olunan sərəncamı ilə Ləki-Qəbələ dəmir yolunun tikintisini həyata keçirmək məqsədilə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 30 milyon manat ayrılmışdır. Xatırladaq ki, Ləki-Qəbələ dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin həyata keçirilməsi "Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə olunub.

Prezident İlham Əliyev ölkə üzrə həyata keçirilən bu cür infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq demişdir: "Bu ilin birinci yarısında həm nəqliyyat, həm energetika sahələrində önəmli hadisələr baş vermişdir. May ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Bu, çox böyük hadisədir. Deyə bilərəm ki, bu, keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra nəqliyyat sektorunda ikinci böyük hadisədir. Ələt limanı indi uğurla fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün bu limanın çox böyük əhəmiyyəti var... Gələn ildən başlayaraq biz Bakı-Astara yolunun modernləşməsinə başlamalıyıq. Beləliklə, biz "Şimal-Cənub nəqliyyat dəhlizi”ni daha da sürətləndirəcəyik. Düzdür, indi dəmir yolu var, yüklər gedir, ancaq sürət aşağıdır. Sürəti artırmaq üçün bu istiqamətdə işlər görüləcək”.

Göründüyü kimi, ölkəmizdə yerli əhəmiyyətli dəmir yolu xətlərinin yenidən qurulması və çəkilməsi istiqamətində də işlər davam edir. Bu sırada Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsinin, eləcə də icrası gələn ildən başlanacaq Bakı-Astara dəmir yolunun modernlşdirilməsi layihələrini qeyd etmək olar. Bundan əlavə, gələcəkdə Xaçmaz rayonu ərazisindən Qusar rayonuna dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu layihələrin icrası, o cümlədən Ləki-Qəbələ dəmiryol xəttinin inşası bölgələrdə həm turizmin, həm də iqtisadiyyatın inkişafına geniş imkanlar yaradacaq.

 

R.KAMAL

 

Azərbaycan.- 2018.- 19 dekabr.- S.1; 5.