Sabitlik,
davamlı inkişaf və yüksək rifah dövrü
İlin
uğurlu yekunu
Azərbaycan Prezidenti İlham Əliyevin ilin əvvəlində səsləndirdiyi əsas tezislərindən biri bu idi ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu, Azərbaycana mənfi təsir etmədi, tam əksinə, valyuta ehtiyatları 2017-ci ildə 4,5 milyard dollardan çox artdı. Bəzi bədbin proqnozlara görə, neftin qiymətlərinin düşməsi Azərbaycanda inflyasiyanı artıracaqdı. Bu proqnozlar özünü doğrultmadı. Üstəgəl, neftin qiyməti nisbətən sabitləşdi. Azərbaycan iqtisadiyyatında islahatlar davam etdirildi, qeyri-neft sektoru kimi kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildi.
Məhsuldarlıq yüksək oldu. Məsələn, təkcə elə pomidor və fındıq ixracatından yüz milyonlarla dollar gəlir əldə edildi. Pambıq istehsalı da artdı. Azərbaycan pambığı əvvəlki şöhrətini geri qaytarır. Bu həm əlavə gəlir, qeyri-neft sektorunun inkişafı, həm də bölgələrdə məşğulluğun artması deməkdir. Azərbaycanda abadlıq, quruculuq işləri davam edir, şəhərlər, kəndlər, regionlar inkişaf edir.
Prezident İlham Əliyev 2018-ci ildə iqtisadiyyatda daha böyük nəticələrin əldə ediləcəyinə ümidli idi və bu, özünü doğrultdu. Önəmli olan 2018-ci ildə də Azərbaycanda siyasi və iqtisadi sabitliyin davamının təmin edilməsi idi. Cənab İlham Əliyevin prezident seçkisində növbəti qələbəsi cəmiyyətin dövlət başçısına olan böyük inamının təcəssümü idi. Xalq növbəti dəfə sabitliyə və inkişafın davamına "hə” dedi.
Seçkidən sonra idarəetmədə dəyişikliklər özünü gözlətmədi. Cənab Prezident zəruri dəyişikliklər etdi.
Prezident son illər kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərir. Bunun səbəbi odur ki, dövlət başçısı iqtisadiyyatı şaxələndirmək, neft və qaz satışından asılılığı azaltmaq istəyir. Bunun üçün isə kənd təsərrüfatı da sürətlə inkişaf etdirilməlidir. Prezidentin təşəbbüsü ilə yaradılan "ASAN xidmət” ölkədə ən mükəmməl struktura, dünyada Azərbaycan brendinə çevrilib. ASAN işə düşdükdən sonra vətəndaşlara bütün sənədlər vaxt itirilmədən verilir, heç bir rüşvət hallarına da rast gəlinmir.
Prezident İlham Əliyevin sosial müdafiə siyasəti də təqdirəlayiqdir. Hazırda bu sahədə yeniliklərə üstünlük verilir. Gələn il ASAN sisteminin bənzəri - "DOST xidməti” işə düşəcək. "DOST” sosial müdafiə sistemindəki neqativ halları ortadan qaldırmalıdır. Vətəndaşlar bu xidmət vasitəsilə onları maraqlandıran suallara cavab tapacaq, pensiya və əlilliklə bağlı sənədlərini qaydaya sala biləcəklər.
İl ərzində Sumqayıtda iki böyük zavod işə düşdü. Prezidentin "sənaye parkları” ideyası sürətlə həyata vəsiqə qazanır. Prezidentin siyasəti bundan ibarətdir ki, paytaxtda yaşayan sakin hansı şərait və imkanlara malikdirsə, bölgələrdə yaşayan vətəndaşlarımızın da eyni gəlir imkanları olmalı, sosial problemləri həll edilməli, bütün tələbatları ödənilməlidir. Məhz bu siyasətin nəticəsidir ki, hər bölgədə və rayonda müasir xəstəxanalar, idman mərkəzləri, məktəblər, bağçalar, kitabxanalar tikilir, yaraşıqlı parklar salınır, infrastruktur yenilənir.
Çəkilən yollara görə Azərbaycan dünya ölkələri sırasında yüksək yerlərdə dayanır. Azərbaycan dünya avtomobil yollarının reytinqində 4,8 bal toplayaraq 137 ölkə arasında 34-cü yeri tutub. Bu, böyük nəticədir. Azərbaycan bu sıralamada bütün qonşu ölkələri, o cümlədən Ermənistanı, Gürcüstanı, Rusiyanı, Ukraynanı, Qazaxıstanı xeyli qabaqlayıb. Keyfiyyətli yola görə qabaqladığımız ölkələr arasında Avropa dövlətləri də az deyil. Prezidentin də vurğuladığı kimi, müasir yolların varlığı iqtisadi inkişafa şərait yaradır.
Hər rayonun və kəndin içməli suyu, daimi qazı və elektrik enerjisi olmalıdır. Bu, Prezidentin hökumət qarşısında qoyduğu əsas vəzifədir. 2018-ci ildə bu vəzifənin yerinə yetirilməsi istiqamətində işlər uğurla davam etdirildi. Bir neçə ildən sonra Azərbaycanın elə bir bölgəsi tapılmayacaq ki, orada müasir yol, su, qaz və elektrik xətti olmasın. Cənab Prezident avqust ayında ucqar Lahıc qəsəbəsində qaz verilməsi mərasimində iştirak etdi. Lahıc Azərbaycanın dağlıq ərazidə yerləşən kəndlərindəndir. Hazırda Lahıca müasir yolla da getmək olar, qışda qazın istisində qızınmaq da. Prezident İlham Əliyevin Lahıca qaz verilməsi mərasimində dediyi kimi, bu qəsəbəyə əvvəlki yol keçilməz idi. İndi isə rahat yol inşa edilib. Əgər bütün bu şərait ucqar Lahıc qəsəbəsi üçün yaradılıbsa, demək, Azərbaycanın həll edə bilməyəcəyi problem yoxdur. Yetər ki, dövlət başçısının qoyduğu vəzifələr vaxtında yerinə yetirilsin.
Prezident "Şimal-Cənub nəqliyyat dəhlizi”nin istismara verilməsinə böyük əhəmiyyət verir. Bu nəqliyyat dəhlizi Azərbaycanın siyasi və iqtisadi qazanclarını daha da artıracaq. Bu sırada il ərzində Azərbaycan və Türkiyə prezidentlərinin açılışını birgə etdikləri "Star” zavodunu göstərmək olar. Zavod istifadəyə verildikdən sonra ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 850 milyon dollardan çox gəlir gətirəcək. Növbəti 10 il ərzində isə müəssisə hər il 600 milyon dollardan çox gəlir gətirəcək. Yəni SOCAR 10 ildən sonra "STAR” zavodundan xalis gəlir əldə edəcək. Bu, Azərbaycan Prezidentinin uğurlu enerji siyasətinin daha bir təcəssümüdür.
Cənab Prezidentin oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha iqtisadiyyatdakı uğurlardan və problemlərdən danışması da diqqəti cəlb edirdi.
Uğurlar kimi bunları da göstərmək olar:
- İl ərzində bütün
sosial layihələr icra edilib.
- Azərbaycan
2018-ci ildə enerji siyasətində uğurlar
qazanıb. May ayında
Bakıda "Cənub
qaz dəhlizi”nin rəsmi açılışı
qeyd edildi. Prezident bunu tarixi hadisə
adlandırdı. Bir ay sonra
Türkiyədə TANAP layihəsi
açıldı. Hazırda "Cənub qaz dəhlizi” layihəsi uğurla icra edilir. TAP layihəsinin
icrası ilə bağlı heç bir problem yoxdur. Prezident onu da
dedi ki, Azərbaycan həm Avropaya qaz satmaq,
həm də Avropanın bəzi ölkələrində qaz
infrastrukturu layihələrində
iştirak etmək istəyir.
- Uğurlardan biri kimi Ələt
Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin tamamlanması göstərildi. Bu da tarixi layihədir,
Xəzər dənizinin
ən böyük limanıdır. Liman
may ayında istifadəyə
verildi. Bundan sonra Azərbaycanın
tranzit imkanları artacaq.
- Prezident digər uğur kimi vergi və
gömrük sistemində
aparılan islahatları
göstərdi. Bu, müsbət dəyişikliklərə
səbəb olub.
Gömrük və vergi yığımları artıb.
Prezident bu sahədə islahatların davam etdirilməsini tapşırdı.
Buna baxmayaraq, iclasda o da qeyd
edildi ki, biznesmenlər vergidən yayınmağa çalışırlar.
Prezident vergidən yayınanları
xəbərdar etdi, onlara qarşı sərt tədbirlər görüləcəyini bildirdi.
Cənab Prezident hökumət qarşısında çox
ciddi vəzifələr
qoydu. Çünki problemlərin həlli
insanların həyatını
daha da rahatlaşdırmalıdır.
Prezident məmurlar üzərində
ictimai nəzarətin
güclənməsini də
istəyir. Bu da çox vacib
şərtlərdən biridir.
Yeni ilə yeni ümidlərlə
daxil oluruq. Əsas nemət
sabitliyimizdir, məhz bunun sayəsində inkişafımız davamlı
hala gəlib. Yeganə problemimiz torpaqlarımızın
işğal altında
olmasıdır. Ancaq bu problemin də öhdəsindən gələcəyimizə
tam əminəm. Bunu həm
Aprel döyüşlərində
göstərdik, həm
də Naxçıvanda
yüksəkliklərimizi geri
qaytarmaqla təsdiq etdik. Həm Lələtəpədə, həm
də Naxçıvanda
işğaldan azad olunan ərazilərdə oldum, döyüşçülərimizin
ruhundan bir daha anladım ki, xalqımız torpaqlarımızı yağı
düşməndən azad
etməyə hazırdır.
Adil ƏLİYEV,
Milli Məclisin deputatı
Azərbaycan.-
2018.- 19 dekabr.- S.6.