Görkəmli teatr rejissoru Mehdi Məmmədovun 100 illiyi təntənəli şəkildə qeyd edilib

 

Dekabrın 18-də Akademik Milli Dram Teatrında Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları teatrın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Tədbirdən əvvəl jurnalistlərə müsahibə verən mədəniyyət naziri Əbülfəs Qarayev Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıb. Bildirib ki, ölkə başçısı cari ilin 23 aprel tarixində "Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, görkəmli rejissorun yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilməkdədir.

Nazir vurğulayıb ki, 2019-cu ildə də ölkəmizdə bir-birindən rəngarəng mədəni tədbirlər keçiriləcək, görkəmli ədiblərimizin yubileyləri dövlət səviyyəsində qeyd olunacaq.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi, Azərbaycan teatr sənətinin yaranmasında, inkişafında, təbliğində müstəsna xidmətləri olan sənətkarların qiymətləndirilməsi, o sənətkarların keçdiyi yaradıcılıq yolunun, ölkə mədəniyyətinə verdiyi töhfələrin dəyərləndirilməsi, onların əziz xatirəsinin yad olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Müxtəlif illərdə görkəmli sənətkarlar - Abbas Mirzə Şərifzadə, Ələsgər Ələkbərov, Ağadadaş Qurbanov, Hökümə Qurbanova, Əliağa Ağayev, Barat Şəkinskaya, Adil İsgəndərov, Şəmsi Bədəlbəyli, Tofiq Kazımov və başqa sənətkarların yubileyləri dövlət səviyyəsində qeyd olunub, onların keçdiyi sənət yolu, Azərbaycan mədəniyyətində qoyduqları irs işıqlandırılıb, ölkə səviyyəsində silsilə tədbirlərlə yad edilib. Teatr sənətinin inkişafında müstəsna rolu olan belə görkəmli rejissorlardan biriMehdi Məmmədovdur. Ölkə başçısı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb, Mədəniyyət Nazirliyi sərəncamın icrasını təmin etmək məqsədilə tədbirlər planı hazırlayıb. Keçirilən bugünkü tədbir də Mehdi Məmmədovun xatirəsinə həsr olunmuş növbəti ehtiramın göstəricisidir.

Yaradıcılıq fəaliyyətinə 1940-cı ildə Gəncə Dövlət Dram Teatrında başlayan gənc rejissor burada Məmmədhüseyn Təhmasibin "Bahar”, Üzeyir Hacıbəylinin "Məşədi İbad”, Cəfər Cabbarlının "Od gəlini”, Səməd Vurğunun "Vaqif” pyeslərinə quruluş verib. Öz axtarışları, üslubu, dəstxətti ilə seçilən sənətkar ömrünün sonuna qədər respublikanın mötəbər teatrlarında baş rejissor vəzifəsində çalışıb. Xalqın, teatrsevərlərin maraqla izlədiyi, sevdiyi tamaşaların müəllifi olub. O, 1953-1960-cı illərdə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında, 1960-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 1978-1982-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. Yaradıcılıq fəaliyyəti ilə yanaşı, M.Məmmədov 1969-cu ildən 1976-cı ilə qədər Azərbaycan Teatr Cəmiyyətinə də sədrlik edib.

Mehdi Məmmədov rejissor kimi qazandığı uğurları həm də aktyor kimi təkrarlayıb. Onun Akademik Dram Teatrının səhnəsində yaratdığı Tolstoyun "Canlı Meyit”ində Fyodor Protasov, Cavidin "Xəyyam”ında Xəyyam, Vurğunun "İnsan”ında Şahbaz, Qorkinin "Meşşanları”nda Teterev, 1959-cu ildə "Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi "Onu bağışlamaq olarmı?” bədii filmində yaratdığı Qaya obrazı yüksək ifaçılıq nümunəsi kimi bu gün də xalqın və teatrsevərlərin yaddaşındadır.

O, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun”, "Koroğlu”, Cakomo Puççininin "Toska”, Cahangir Cahangirovun "Azad” operalarına, Azərbaycan Dövlət Rus Dram Teatrında Maksim Qorkinin "Həyatın dibində”, Mixail Şatrovun "Mənim ümidlərim” əsərlərinə maraqlı quruluş verib.

Bildirilib ki, Mehdi Məmmədov Azərbaycanda teatr səhnəsindəki məhsuldar fəaliyyəti ilə paralel olaraq 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. Görkəmli rejissor bu sahədə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib. Onun müəllifi olduğu "Azərbaycan dramaturgiyasının estetik problemləri”, "Teatrlar. Aktyorlar. Tamaşalar”, "Rejissor sənəti”, "Estetika haqqında söhbətlər”, "Teatr düşüncələri”, "Onun sənət ulduzu”, "Moskva Akademik Bədaye Teatrı” kitabları bu günyeni nəsillərin yetişməsində mühüm elmi vəsait kimi dəyərləndirilməkdədir.

Diqqətə çatdırılıb ki, Azərbaycan teatr sənətində qazandığı uğurlara görə Mehdi Məmmədov 1949-cu ildə əməkdar incəsənət xadimi, 1958-ci ildə xalq artisti, 1974-cü ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.

Sonra Mehdi Məmmədovun quruluş verdiyi və oynadığı tamaşalardan parçalar təqdim olunub.

 

Azərbaycan.- 2018.- 19 dekabr.- S.7.