“Aviasiya haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 689; 2007, ¹ 12, maddə 1218; 2009, ¹ 12, maddə
948; 2011, ¹ 3, maddə 169; 2015, ¹ 1, maddə 10, ¹ 2, maddə
95; 2016, ¹ 10, maddə 1604; 2017, ¹ 3, maddə 338, ¹ 5, maddə
693) aşağıdakı məzmunda 43-1-ci maddə əlavə edilsin:
"Maddə
43-1. Azərbaycan Respublikasının
ərazisinə enəcək
və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və
ekipajı barədə
məlumatların alınması
43-1.1. Aviasiya təhlükəsizliyinin təmin
edilməsi məqsədi
ilə daşıyıcılar
Azərbaycan Respublikasının
ərazisinə enəcək
və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinlərinə dair
bu qanunun 43-1.4-cü maddəsində nəzərdə
tutulmuş məlumatları
biletin bronlaşdırıldığı
(satıldığı) vaxtdan
dərhal sonra və hər bir halda hava
gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
43-1.2. Daşıyıcılar
Azərbaycan Respublikasının
ərazisinə enəcək
və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair bu
qanunun 43-1.4-cü maddəsində
nəzərdə tutulmuş
məlumatları hava gəmisinin yola düşməsinə ən
geci 24 saat qalmış elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
Hava gəmisinin ekipajının
tərkibi dəyişdikdə
həmin məlumatlar dəyişiklik edildikdən
dərhal sonra, lakin hər bir halda hava
gəmisi yola düşənədək verilməlidir.
43-1.3. Azərbaycan
Respublikasının ərazisinə
enəcək və Azərbaycan Respublikası
ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri
və ekipajı barədə bu qanunun 43-1.4-cü maddəsində
nəzərdə tutulmuş
məlumatlar, Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
başqa qayda müəyyən edildiyi hallar istisna olmaqla, bu qanun
və "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
qaydada alınır, toplanır və istifadə edilir.
43-1.4. Azərbaycan
Respublikasının ərazisinə
enəcək və Azərbaycan Respublikası
ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri
və ekipajı barədə verilməli olan məlumatların siyahısı, məlumatların
daşıyıcılar tərəfindən
verilməsi, habelə
həmin məlumatların
qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 20 dekabr.- S.3.