Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının V qurultayının nümayəndələrinin
Müraciəti
Möhtərəm cənab
Prezident!
Müasir Azərbaycanın
qurucusu ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
sosial-iqtisadi inkişaf
strategiyasının Sizin tərəfinizdən
böyük müdriklik
və uzaqgörənliklə
davam etdirilməsi nəticəsində ölkəmizin
iqtisadi qüdrəti artır.
Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür. Reallaşdırılan mühüm tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Zati-alinizin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişlər. Sizin təşəbbüsünüzlə müəyyənləşdirilmiş strateji yol xəritəsinə uyğun olaraq, ölkəmizdə işgüzar mühit davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və onların inzibati yükünün azaldılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
İnvestisiyaların və ixracın təşviqi mexanizmlərinin yaradılması, dövlət satınalmalarında yerli məhsullar üçün güzəştlərin və ölkəyə gətirilən bir sıra məhsullar üçün yeni idxal rüsumlarının müəyyən edilməsi, kənd təsərrüfatının ənənəvi sahələrinə subsidiyaların verilməsi sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərir.
Bu siyasətin davamı olaraq hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında Sahibkarlar Günü kimi qeyd edilməsi barədə sərəncamınız sahibkarlığın inkişafına ən yüksək səviyyədə göstərilən diqqət və qayğının əyani göstəricisi olmaqla, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermişdir.
Bu il Sahibkarlar Günündə "Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” imzaladığınız sərəncamla sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs orden və medallarla təltif olunmuşdur.
Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilmiş, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Belə yüksək nəticənin əldə olunması biz sahibkarları çox qürurlandırır.
Möhtərəm cənab Prezident!
Sahibkarlara göstərdiyiniz diqqət və qayğını qurultay nümayəndələri xüsusi minnətdarlıq hissi ilə vurğulayırlar.
Məhz Sizin müdrik siyasətinizlə dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes fəaliyyətinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil etmişdir.
Bu gün Azərbaycanda sağlam bazar münasibətləri, azad rəqabət mühiti, özəl bölmə üçün əlverişli imkanlar formalaşdırılmışdır. Bütün bu imkanlar sayəsində Azərbaycanda sahibkarlıq həm keyfiyyət, həm də kəmiyyət baxımından inkişaf etməkdədir.
Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər iqtisadi və sosialyönümlü assosiasiya və ittifaqı birləşdirən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası özəl sektorda sağlam qüvvələrin birləşməsi əsasında ölkəmizin iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, bu sahədə yüksək səmərəliliyə nail olunması, ölkə əhalisinin maddi rifah halının yaxşılaşdırılması üçün özəl sektorun inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.
Bu gün Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarının təmsilçisi kimi hökumətin bu sahədə əsas sosial partnyoru olmaqla, 2001-ci ildən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Sazişin tərəflərindən biridir.
Konfederasiya Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq qüdrətli Azərbaycan naminə daim ölkəmizin inkişafı, xalqımızın rifah halının yüksəldilməsi, dayanıqlı və sağlam bazar münasibətlərinin formalaşdırılması istiqamətində davamlı fəaliyyət göstərir. Sahibkarlar Konfederasiyası həmçinin ölkəmizin inkişafı naminə qəbul edilən qanunların təkmilləşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir, sahibkarların sosial məsuliyyətinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsi, habelə əlavə dəyər yaradan sahələrin formalaşdırılmasında fəal iştirak edir.
Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq əminik ki, daim azad sahibkarlığın inkişafında və dövlət-sahibkar əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsində, möhtərəm cənab Prezident, Sizin dəstəyinizi və qayğınızı hiss edəcəyik.
Möhtərəm cənab Prezident!
Qurultay nümayəndələri adından Sizi əmin edirik ki, sahibkarlara göstərilən dövlət dəstəyinə cavab olaraq ölkə sahibkarları bundan sonra da iqtisadiyyatın inkişafının təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri dönmədən həyata keçirəcək, müəyyən etdiyiniz sosial-iqtisadi siyasətin həyata keçirilməsinə layiqli töhfələr verəcəklər.
Zati-alinizə möhkəm cansağlığı və müstəqil, demokratik Azərbaycanın daha da möhkəmlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq!
Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının
V qurultayının nümayəndələri
Bakı şəhəri, 19 dekabr
2018-ci il
Azərbaycan.-
2018.- 20 dekabr.- S. 4.