Dövlət Turizm Agentliyi ilə Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub

 

Dekabrın 19-da Dövlət Turizm Agentliyi ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, imzalanma Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Sergey Morozovla Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüş çərçivəsində reallaşıb.

Tərəflər turizm sahəsində uzunmüddətli və konstruktiv əlaqələrin inkişaf etdirilməsi məqsədilə bir sıra məsələlər üzrə razılıq əldə ediblər.

Görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayətinin turizm məhsullarının qarşılıqlı təşviqi və turist mübadiləsinin daha da artırılması üçün Həştərxan və Bakı şəhərləri arasında uçuşların bərpası, Xəzər dənizi kruiz xətti üzrə turizm layihəsinin həyata keçirilməsinin təşviq edilməsi məsələləri müzakirə olunub.

Tərəflər arasında birgə turizm proqramları və layihələrində qarşılıqlı iştirak etmək, tur operatorları arasında birbaşa əməkdaşlığı inkişaf etdirmək üzrə razılaşma da əldə edilib.

 

Azərbaycan.- 2018.- 20 dekabr.- S.2.