Narkotiklərlə Mübarizə üzrə 36-cı
Beynəlxalq Konfransa hazırlıqla
bağlı iclas keçirilib
Gələn il aprelin 16-18-də Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransa hazırlıqla bağlı dekabrın 19-da Dövlət Gömrük Komitəsində (DGK) iclas olub.
DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda bu qurumun sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Nazirlər Kabinetinin təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu İmanquliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov, Xarici İşlər, Maliyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin, "Azərbaycan Hava Yolları" QSC-nin və ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Ə.Abdullayev konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamına əsasən Təşkilat Komitəsinin yaradıldığını və Nazirlər Kabineti tərəfindən tədbirlər planının hazırlandığını bildirib. Qeyd edilib ki, iclasın məqsədi tədbirlər planında nəzərdə tutulan məsələlərin müzakirə olunmasıdır.
ABŞ-ın Ədliyyə Nazirliyinin nəzdində Narkotiklərlə Mübarizə Administrasiyasının Orta Asiya üzrə regional direktoru Vilyam Varen konfransın əhəmiyyətindən danışaraq bu iclası tədbirin yüksək səviyyədə təşkil edilməsi istiqamətində uğurlu addım kimi qiymətləndirib.
İclasda
konfransın loqosunun hazırlanması,
iştirakçı ölkələrin və nümayəndələrin
siyahısının tərtib edilməsi, müzakirə olunacaq mövzular və
digər məsələlər barədə fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-
2018.- 20 dekabr.- S.5.