Müdafiə Nazirliyində ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası keçirilib

 

Dekabrın 19-da Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə builki tədris ilində qoşunların hazırlığı üzrə yekunlara və 2019-cu ildə qarşıda duran vəzifələrə dair geniş tərkibdə iclas keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub.

Müdafiə naziri 2018-ci ildə xidməti döyüş hazırlığının yekunları və növbəti tədris ilində qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib.

Prezident İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində qazanılan nailiyyətlərdən danışıb. General-polkovnik Z.Həsənov cari ildə görülən tədbirlərin təhlilini apararaq, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemionun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırıb. Nazir qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2019-cu tədris ilində qarşıda duran əsas vəzifələrin icrası ilə əlaqədar komandir-rəis heyətinə tapşırıqlar verib.

Müdafiə nazirinin əmrinə əsasən, 2018-ci tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular təltif edilib, qiymətli hədiyyələrlə mükafatlandırılıb və bir qrup zabitə "polkovnik” hərbi rütbələri verilib.

Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

 

Azərbaycan.- 2018.- 20 dekabr.- S.5.