İki dəniz arasında iki dövlətin sülhsavaş çağırışları

 

Diplomatiya beynəlxalq siyasətin elə fəaliyyət növüdür ki, bütün qələbələr sülhlə, danışıqlar yolu ilə əldə edilir, müharibə aparılmır. Azərbaycanın yeritdiyi sülh siyasəti, ən mürəkkəb, mübahisə doğuran məsələlərin diplomatik danışıqlar yolu ilə həll etməsi, Qafqazdadünyada sabitliyin qorunmasına verdiyi əvəzsiz töhfələr göz qabağındadır. Prezident İlham Əliyevin diplomatik gedişləri, siyasi danışıqları sülh məcrasına yönəltmək bacarıqları son 15 ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu birə-on artırmışdır.

Dövlət başçısının müdrik və uzaqgörən siyasəti Xəzərin statusu ilə bağlı on illiklər boyu dalana dirənən qarşılıqlı iddiaların və anlaşılmazlıqların düzgün həllini tapmağa imkan verdi. Eyni zamanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Bakı toplantısı da Azərbaycanın iki dəniz arasında və dünyada sülhə və sabitliyə can atan diplomatik səylər göstərən dövlət olmasını siyasi aksioma kimi ortaya qoydu. Azərbaycan kimi müstəqilliyini yeni elan edən və siyasi imicini formalaşdıran gənc dövlət üçün bütün bunlar böyük diplomatik qələbələrdir.

Bu baxımdan qədimliyini, dünyəvi və demokratik dəyərlərə "sədaqətini” əlində bayraq edən işğalçı Ermənistanın "diplomatik fəaliyyəti” acı ironiya doğuran parodiyanı, məzhəkəni xatırladır. Çünki diplomatiya dövlətin bütün siyasi məqsədlərinin sülh və danışıqlar yolu ilə əldə edilməsini tələb edirsə, Ermənistan "diplomatiyası” ən sadə məsələlərin də həllini müharibələrin dalanına dirəməkdə "xüsusi məharət” nümayiş etdirir.

Erməni terror təşkilatlarının böyük güclərin xüsusi xidmət orqanları ilə izdivacından Qafqazda "bic doğulanbu dövlətin ideoloqları Ermənistanın yaranışından yüz il əvvəl də, yüz il sonra da hamıya qarşı ərazi iddialarından əl çəkə bilmirlər. Ermənistanın siyasi elitası hakimiyyətdə hansı qüvvələrin təmsil olunmasından asılı olmayaraq böyük güclərlə bütün əməkdaşlığını Qafqazda müharibə ab-havasının körüklənməsi üzərində qurur. Erməni millətçilərinin əbədi müharibə cəhdləri diplomatiyadan daha çox cılız və ağlını itirmiş faşist ambisiyaları ilə bağlıdır.

Bu baxımdan iki dəniz arasında Azərbaycan və Ermənistanın diplomatik səyləri fərqlidir və daha doğrusu, əksqütblüdür.

Azərbaycanın diplomatik sülh səyləri aydındır, göz qabağındadır. Ermənistan isə işğalçılıq siyasətini gizlətmir, iki dəniz arasında daha böyük əraziləri qamarlamaq, ələ keçirmək üçün dünyanın böyük güc mərkəzləri ilə istənilən məzmunda əməkdaşlığa gedir, istənilən vaxt da siyasi rəqiblərini əlcək kimi dəyişir. Artıq bu dövlətin beynəlxalq aləmdə ironiya doğuran "xəyanətkar məşuqə” ayaması ilə damğalanması da təsadüfdən daha çox qanunauyğunluqdur.

Cənubi Qafqazda coğrafi mənada yan-yana yaşayan, hərbi müstəvidə isə təmas xətti boyu səngərlər qazıb müharibənin atəşkəs adlı sükutu altında üz-üzə dayanan iki dövlət sülh proseslərinə fərqli münasibət bəsləyir. İşğalçılıq ambisiyaları Ermənistanı təcrid edir və məhvə aparır.

Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında Prezident İlham Əliyev bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşandığını, insanların ölkəni kütləvi surətdə tərk etdiyini, xarici sərmayələrin qoyulmadığını diqqətə çatdırdı: "Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni bütün bubaşqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır”.

Dövlət başçısı həqiqəti deyir. Azərbaycan diplomatiyası, Ermənistanın savaş ritorikasından fərqli olaraq, müasir dövrün tələbləri səviyyəsində qurulurelmi əsaslarla aparılır. Azərbaycan neytrallığını qoruyur, diplomatik ünsiyyətlərin artırılmasına, danışıqların aparılmasına, münaqişəli məqamların açıq müzakirəsinə gedir. Rəsmi və işgüzar səfərlərə üstünlük verilir. Bakı artıq neytral ölkə kimi böyük güclərin diplomatik görüşlərinə, çoxsaylı beynəlxalq tədbirlərə, konfranslara, forumlara evsahibliyi edir, ikitərəfli və çoxtərəfli beynəlxalq sazişlərin bağlanılmasında, digər diplomatik sənədlərin imzalanmasında fəaldır, beynəlxalq təşkilatların işində iştirak edir. Bütün bu diplomatik səylərin fonunda Ermənistanın təcridi güclənir. Artıq vəziyyət elədir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da rəqibimizi vahiməyə salan üstünlüklər əldə edə bilirik.

İrəvan beynəlxalq münasibətlər sistemində bütün qonşularına diş qıcayır, hamını müharibəyə sürükləməyə açıq və gizlin cəhdlər edir. Bakı isə RusiyaNATO-nun ali hərbi rəhbərlərinin görüşlərinə evsahibliyi edir və artıq Qafqazın Cenevrəsi titulunu qazanan neytral paytaxta çevrilmişdir. Bu da bizim böyük diplomatik uğurumuzdur. Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkənin, o cümlədən Avropadakı 50 dövlətin arasında belə görüşlərin keçirilməsi üçün neytral və etibarlı dövlət kimi məhz Azərbaycan paytaxtının seçilməsi erməni diplomatiyasına vurulan şapalaq təsiri bağışlayır. Ermənistan beynəlxalq aləmdə "sədaqətini itirmiş məşuqə” kimi hamının gözündən düşdükcə, qardaşlıq andı içdiyi ölkələrə göz qırpımında arxa çevirdikcə Azərbaycan çox etibarlı tərəfdaş, sözü ilə əməli düz gələn müttəfiq kimi nüfuzunu gücləndirməkdədir.

Rusiya siyasi elitasının Azərbaycana bütün səfərləri, bir qayda olaraq, İrəvanı ziyarətdən sonra baş tutardısa, indi Şimal qonşumuzun Prezidenti də, xarici işlər naziri də yalnız Azərbaycana gəlir və Ermənistana səfərlərini təxirə salırlar, ya da birdəfəlik gündəlikdən çıxarırlar. Azərbaycan paytaxtı Qafqazda sülhün bərqərar olması üçün beynəlxalq əlaqələrin bütün imkanlarından yararlanmağa çalışır, Ermənistan paytaxtından dalğalanan savaş ritorikası və "sürüşkən gəlin” diplomatiyası bu ölkəni beynəlxalq münasibətlər sistemindən və bütün iqtisadi layihələrdən təcrid edir.

Bu gün Azərbaycan iki dəniz arasında sülhün bayrağını hamıdan ucaya qaldıra bilən, daimi əməkdaşlığa sadiq qalan möhtəşəm ölkədir. Ermənistan əbədi sədaqət andı içdiyi Rusiyaya asanlıqla arxa çevirsə də, Azərbaycanın şimal qonşusu ilə münasibətləri sabitartan dinamika ilə inkişaf edir, strateji tərəfdaşlıq əlaqələri gündən-günə güclənir. Eyni zamanda neytral ölkə kimi NATO ilə bir çox proqramları həyata keçirir.

Son altı ayda Azərbaycanın sədrlik etdiyi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilən tədbir də Bakının beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını təsdiq edir. Ötən həftənin sonunda Türkiyənin, Rusiyanın və İranın xarici işlər nazirlərini qəbul edən Prezident İlham Əliyev bir daha Azərbaycan dövlətinin sülhə və diplomatik münasibətlərin səmimi inkişafına maraqlı olduğunu sərgilədi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Putinin ən xoş arzularını və salamlarını Azərbaycan Prezidentinə belə çatdırdı: "O, sizin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətinizi yüksək qiymətləndirir. Artıq hesabladığımız kimi, sizin bu il altı dəfə keçirilən görüşləriniz, son görüşləriniz, o cümlədən qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar yerinə yetirilir”. S.Lavrov iki ölkə arasındakı humanitar əlaqələrin Rusiya və Azərbaycanın regionları arasındakı qarşılıqlı fəaliyyətə təkan verəcəyini bildirib. O, eyni zamanda Azərbaycanla beynəlxalq arenada, BMT-də, Avropa Şurasında qarşılıqlı fəaliyyəti qiymətləndirdiyini, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək niyyətində olduqlarını diqqətə çatdırıb: "Rusiya Federasiyası həm öz səyləri ilə, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək”.

Beləliklə, Azərbaycanın diplomatik səyləri bütün istiqamətlərdə bəhrəsini verir, dövlətimizin Xəzər və Qara dəniz arasında sülhün bayraqdarı kimi şərəfli vəzifəni icra etdiyini göstərir. Ermənistan isə hələ də işğalçılıq ambisiyalarından əl çəkmədiyi üçün Qafqazda münaqişələrin uzanmasında, gərginliyin saxlanılmasında və ən yaxın müttəfiqləri ilə belə istənilən məqamda münaqişəyə getməyə hazır olduğunu ortaya qoyur.

Ermənistanın hətta öz müttəfiqləri arasında nüfuzunun heçə enməsini sübut edən bir faktı da açıqlamaq yerinə düşərdi. Belarusun kütləvi informasiya vasitələri rusiyalı jurnalistlərlə görüşündə Prezident Aleksandr Lukaşenkonun Nikol Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə məlumat yayıb. A.Lukaşenko qeyd edib ki, bu söhbətdə Azərbaycan Prezidentiiştirak edirdi: "Putinin yanında ona dedim: Nikol, gəl hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə dilini bir yerində gizlətmişdin? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?.. Bax niyə Belarusun üstünə hücum çəkirsən? Özününkülərə hücum edirsən ki, başqaları da anlasın? Elədirsə, bunu de, onda mən susaram”.

Həqiqətən də dostu ilə düşmənini ayıra bilməyən dövlətin aqibəti acınacaqlı olur.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 20 dekabr.- S.6.