Yüksəkgərginlikli elektrik verilişi xətlərinin yenidən
qurulması və yaxşılaşdırılması tədbirlərinin
həyata keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
İstehsal olunan elektrik enerjisinin ötürülməsində və istehlakçılara çatdırılmasında itkilərin azaldılması və elektrik şəbəkələrinin sabit fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 dekabr 2018-ci il
Azərbaycan.- 2018.- 21 dekabr.-
S.2.