Əfsanəvi qəhrəman Mehdi
Hüseynzadənin tarixi xidmətlərinin
üzə çıxarılmasında ulu
öndər Heydər Əliyevin müstəsna rolu olub
Dekabrın 20-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) “Ümummilli lider Heydər Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə tarixi xidmətlərinin üzə çıxarılmasındakı müstəsna rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin, DTX-nin əməkdaşlarının, təhlükəsizlik orqanları veteranlarının və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantlarının iştirak etdikləri tədbir İkinci Dünya müharibəsində həlak olmuş həmvətənlərimizin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə qeyd olunub ki, şərəfli ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr edən ulu öndər Heydər Əliyev istər bu orqanlarda xidmət etdiyi, istərsə də Azərbaycan Respublikasının rəhbəri olduğu dövrdə xalqımız üçün taleyüklü əhəmiyyət daşıyan işlərə imza atıb. Bu ölçüyəgəlməz fəaliyyətin nümunələrindən biri də cəsur kəşfiyyatçı, antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan, milyonlarla azərbaycanlının, eləcə də Mərkəzi və Cənub-Şərqi Avropa xalqlarının qəlbində silinməz izlər buraxmış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə tarixi xidmətlərinin üzə çıxarılmasıdır. Bütün maneələrə baxmayaraq, Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı fəxri adının ölümündən 13 il sonra verilməsində, ümumiyyətlə, Mixaylonun adının əbədiləşdirilməsində, onun göstərdiyi şücaət və rəşadətin təbliğində məhz Ümummilli Liderin müstəsna xidmətləri olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv fondlarında qorunub saxlanılan nadir sənədlərin tədqiqi göstərir ki, vaxtilə Azərbaycan SSR DTK-da yaradılmış və kapitan Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi əməliyyat-təhqiqat qrupunun böyük əziyyət və peşəkarlıqla topladığı materiallar, sorğular, rəylər və şahid ifadələri əsasında 1957-ci ilin yanvarında Mehdi Hüseynzadənin döyüş və qəhrəmanlıq fəaliyyətinə dair müfəssəl və təsirli arayış hazırlanıb. Azərbaycan SSR DTK-sı da həmin sənədi baxılması və Moskvaya təqdim olunması üçün Azərbaycan KP MK-ya göndərib.
Bundan sonra Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin ictimailəşdirilməsində əvəzsiz xidmətləri olan Heydər Əliyevin uzun illər ağır zəhməti hesabına toplanılan materiallar əsasında tanınmış yazıçılar İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” povestini yazıblar. Həmin əsər əsasında bu gün də maraqla izlənilən məşhur “Uzaq sahillərdə” bədii filmi çəkilib. Nəhayət, 1957-ci ilin aprelində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən yenidən Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli işlər görüb, onun şərəfli xidmətlərinin İttifaq miqyasında tanınmasına nail olub və Bakıda möhtəşəm abidəsinin ucaldılmasına göstəriş verib. 1973-cü il mayın 9-da - Qələbə Günündə Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılışı olub. Tədbirdə iştirak edən dahi rəhbər Heydər Əliyev qəhrəmanın partizan hərəkatındakı fəaliyyətindən, keçdiyi mübariz döyüş yolundan söz açaraq deyib: “Mehdi Hüseynzadənin adı müasirlərimizin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcək”.
Ümummilli Liderin dövlətçilik siyasətini və azərbaycançılıq irsini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev görkəmli sərkərdələrimizin, hərb xadimlərimizin, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinə və yubileylərinin dövlət səviyyəsində qeyd olunmasına xüsusi diqqət yetirir.
Prezident İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışında iştirakı, ictimaiyyətlə görüşdə geniş nitq söyləməsi ölkələrimiz arasında əlaqələrin genişlənməsinin, dostluq və qardaşlıq münasibətlərinin inkişafının təsdiqidir. Məhz bu dostluğun təməlində Mehdi Hüseynzadə kimi igid həmvətənimizin qəhrəmanlıqları dayanır. Sloveniyalılar da Azərbaycanın igid oğluna vəfa borcu olaraq Moribor şəhərində müharibə qurbanlarının xatirəsinə həsr edilən Dobrava memarlıq park kompleksinin ərazisində Xocalı soyqırımı qurbanlarına xatirə lövhəsi ucaldıblar.
Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin qəhrəmanlarının gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev igid döyüşçünün anadan olmasının 100-cü ildönümünün qeyd edilməsi barədə 2018-ci il iyulun 23-də Sərəncam imzalayıb.
Qeyd olunub ki, bu Sərəncam dövlətimizin təhlükəsizliyinin, Vətənimizin sərhədlərinin toxunulmazlığının keşiyində dayanan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan hərbçiləri üçün qəhrəmanlığa çağırış nümunəsi kimi qəbul edilir.
Sonra DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları Mehdi Hüseynzadənin müharibə illərində vətənpərvərlik mövzusunda yazdığı şeirlərini söyləyiblər.
Tədbirin sonunda Mehdi Hüseynzadənin
qəhrəmanlıq yolu və ümummilli lider Heydər
Əliyevin bu məşhur həmyerlimizin misilsiz hərbi şücaətlərinin
üzə çıxarılmasındakı müstəsna rolu barədə Azərbaycan Televiziyası tərəfindən
hazırlanan sənədli film nümayiş etdirilib.
Azərbaycan.-
2018.- 21 dekabr.- S.4.