Tanınmış
idman jurnalisti Eldar İsmayılovun anadan olmasının 70
illik yubileyi qeyd edilib
Azərbaycan İdman Jurnalistləri
Assosiasiyasının (AİJA) prezidenti, Əməkdar jurnalist
Eldar İsmayılovun anadan olmasının 70 illik yubileyi
münasibətilə dekabrın 20-də Beynəlxalq Mətbuat
Mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
əvvəlcə yubilyarın həyat və
yaradıcılığına dair videoçarx nümayiş
etdirilib.
Azərbaycan Mətbuat
Şurasının (AMŞ) Ahıl Jurnalistlər Məclisinin
sədri Məzahir Süleymanzadə E.İsmayılovun
ömrünün 52 ilini jurnalist peşəsinə həsr
etdiyini vurğulayıb. E.İsmayılovun istedadlı
jurnalistlərdən olduğunu, Azərbaycan mətbuatında
fəallığı ilə seçildiyini deyən
M.Süleymanzadə onun xidmətlərindən
danışıb.
AMŞ-nin sədri Əflatun
Amaşov ölkə mətbuatının tanınmış
simalarından olan E.İsmayılovun istedadlı qələm
sahibi kimi, yaradıcılıq enerjisi, zəhmətsevərliyi
sayəsində cəmiyyətdə böyük hörmət
qazandığını vurğulayıb. Bildirilib ki, onun rəhbərlik
etdiyi AİJA ölkəmizdə nüfuzlu media
qurumlarındandır. E.İsmayılov dünyanın və
Avropanın idman jurnalistləri təşkilatlarının rəhbər
qurumlarındakı səmərəli fəaliyyəti ilə
ölkəmizin idman uğurlarının təbliğində
yüksək fəallıq göstərir.
Milli Məclisin deputatları - Azərbaycan
Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, "Azərbaycan”
qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, eləcə də
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər
İsayev, "Olimpiya dünyası” qəzetinin baş
redaktoru Murad Fərzəliyev, "Xalq qəzeti”nin əməkdaşı
Tahir Aydınoğlu, şair-publisist Ramiz Məmmədzadə,
yazıçı-dramaturq Aqşin Babayev, Ağdam rayonunda olan
ağsaqqal Səlim Əzimov və başqaları
çıxışlarında Eldar İsmayılovun Azərbaycan
mətbuatında təqdirəlayiq fəaliyyətindən bəhs
edib, onunla bağlı xatirələrini
bölüşüblər.
Bildirilib ki, E.İsmayılov 1948-ci
ildə Ağdam rayonunda ziyalı ailəsində dünyaya
göz açıb. Orta məktəb illərində
istedadı və bacarığı ilə diqqəti cəlb
edən E.İsmayılov rəsm və fotolar çəkməkdə,
divar qəzeti buraxılışı işində yüksək
qabiliyyəti ilə seçilib. O, rayon qəzetinə məqalələr
yazıb, idman, musiqi və poeziya ilə məşğul olub,
texniki yaradıcılığa və bədii tərtibat məsələlərinə
həvəs göstərib. Ağdam rayonunun istedadlı
yeniyetmələrindən biri kimi tanınan E.İsmayılov
qısa zamanda rayonun ictimai-mədəni həyatında fəal
iştirak edən ziyalılardan birinə çevrilib. Bir
müddət teleradionun Qarabağ bölgəsi üzrə
müxbiri kimi fəaliyyət göstərən
E.İsmayılov müharibə dövründə dəfələrlə
qaynar nöqtələrdə olub, öz vəzifəsini
uğurla yerinə yetirib. 1993-cü ildən məcburi
köçkün həyatı yaşayan jurnalist qələmini
yerə qoymayaraq, erməni təcavüzünün
ağır nəticələrini göstərmək
üçün mübarizəsini davam etdirir. Onun təşəbbüsü
ilə 1995-ci ildə Azərbaycan İdman Jurnalistləri
Assosiasiyası yaradılıb, ölkəmizdə bir sıra
beynəlxalq tədbir təşkil olunub.
Tədbirin sonunda yubilyar
çıxış edərək yüksək diqqətə
və xoş sözlərə görə minnətdarlığını
bildirib.
Azərbaycan. - 2018.- 21 dekabr.- S.4.