Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb

 

Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası işini başa çatdırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri, o cümlədən ölkələrimizin orduları arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Eləcə də 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında” protokollar imzalanıb.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi korpus generalı Mətin Gürakdır.

Bu formatda 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının 2019-cu ilin sonunda Azərbaycanda keçirilməsi planlaşdırılır.

 

Azərbaycan.- 2018.- 21 dekabr.- S.3.