Naftalana gələn xarici turistlərin sayı 34 faiz artıb

 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkə iqtisadiyyatının şaxələnməsini təmin etməklə bərabər, qeyri-neft sektorunun inkişafına da güclü təkan vermişdir. Nəticədə digər sahələr kimi, turizm infrastrukturu da yenilənir, turizm xidmətləri genişləndirilir, beynəlxalq standartlara cavab verən istirahət məkanlarının sayı artır.

Başqa sözlə, dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan-2020: gələcəyə baxışİnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflərin reallaşdırılması sayəsində qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizm sektoru da sürətlə inkişaf edir.

İndi nəinki paytaxt Bakıda, eləcə bölgələrimizdə beynəlxalq standartlara cavab verən çoxlu sayda turizm məkanları var.

Belə məkanlardan biri Naftalandır. İlin bütün fəsillərində bura istər yerli, istərsə xarici turistlərlə dolu olur.

Artıq bir neçə ildir ki, bu şəhər həm nadir müalicəvi neftinə, həm müalicə istirahət üçün yaradılan müasir infrastrukturuna görə turistlər üçün cəlbedici məkana çevrilmişdir. Məhz bunun nəticəsidir ki, Naftalana gələn turistlərin sayı ildən-ilə artır. Belə ki, ilin 11 ayında şəhərə 34515 nəfər turist gəlmişdir. Onların 11 min 67 nəfəri xarici turistlərdir. Bu da əvvəlki illə müqayisədə 34 faiz artım deməkdir.

Dünya standartlarına cavab verən "Çinar”, "Qaşaltı”, "Qarabağ” istirahət və sağlamlıq mərkəzlərinə gələnlərin sayı bundan da çox - son 5 ildə 6 dəfə artmışdır. Bu mərkəzlərə Rusiya Federasiyasından, Özbəkistandan, Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan, Ukraynadan, Latviyadan, hətta Almaniyadan, Türkiyədən, Kanadadan, İsraildən, Polşadan, Fransadan, İspaniyadan, İtaliyadan, Yaponiyadan, Çindən, Birləşmiş Ərəb Əmirliklərindən gələnlər üstünlük təşkil edir.

Şəhərdə təzə ilə də hərtərəfli hazırlıq görülür. Bu məqsədlə istər yerli, istərsə də xarici turistlərin yeni il şənliyini mənalı və maraqlı keçirmələri üçün tanınmış musiqiçilər və müğənnilər dəvət edilmiş, park və istirahət yerlərində səliqə-sahman yaradılmağa başlanmışdır.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2018.- 21 dekabr.- S.5.