Tarixin tarixi
olmayanda...
Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri və deyim tərzi olan, bənzərsiz
dəsti-xətti ilə seçilən, bütün
yaradıcılığı yurd, torpaq
ağrı-acıları ilə yoğrulan şair Davud Nəsibi
tanıyanlar yaxşı bilirlər ki, onu sözə, sənətə
bağlayan, yaşadıqlarını, çəkdiklərini
poeziyaya çevirən məhz həyatın keşməkeşləri,
ağır günləri oldu. Onu
yaşadığı ömrün çətinlikləri,
keçdiyi sınaqlar və haqqa sədaqəti şair etdi
desək, yanılmarıq. O, əlinə qələm alan gündən içini narahat edən kəlmələri,
yuxusunu qaçıran sətirləri kağıza
köçürməklə məşğul oldu. İkinci Dünya müharibəsində
atasını itirən Davud Nəsibin ağlına da gəlməzdi
ki, qismətinə daha bir savaş, müharibə də
yazılıb. Həm də öz evinin,
yurdunun içində olacaq bu savaş - Qarabağ
savaşı.
Vətən, torpaq adlı o
böyük həqiqətləri və
ağrı-acıları həm şeirlərində, həm
nəsr əsərlərində eyni uğurla qələmə
alan Davud Nəsibi daha yaxşı
tanımaq üçün oğlu Xəyyamın söylədiyi
bir əhvalat olduqca ibrətamizdir. Belə ki, Bilgəhdə
yeni bağ evi alan ailə həyətdə
səliqə-sahman yaratmaq istəyir, qurumuş otları
yandırır. Bu zaman bir quşun yuvası və
oradakı balaları da yanır. Ondan sonra,
yəqin ki, həmin balaları dünyaya gətirən iki
quş hər gün eyvana gələr, oradan
"ağılarını” deyərdi. Bu,
ona çox pis təsir edərdi. Danışardı
ki, "özüm hər zaman ata ocağının həsrətini
çəkmişəm, doğma yurddan yazmışam, amma
hansısa quşun yuvasını yandırdım”.
Sonradan o bağ evini satmalı olurlar: "Bu, mənim atam idi -
bir quşun yuvasının dağılmasına dözə
bilməyən adam...”
Bir quşun yuvasının
dağılmasına dözə bilməyən insanın
el-obası dağılırsa, qız-gəlini əsir
düşürsə, buna necə dözə, necə tab gətirə
bilər? Özü də bu dağıntının, bu fəlakətin
tarixi yüzillərə gedib çıxırsa, onda necə?
Məhz bu hadisələr onun
yaradıcılığı üçün tamam yeni bir
formaya - nəsrə müraciət etməsinə səbəb
oldu. Ürəyini boşaltmaq və tarixi
həqiqətləri oxuculara daha əhatəli və
maraqlı bir formada çatdırmaq üçün
publisistikanın, nəsrin imkanları ona daha geniş və cəlbedici
görünürdü. Bu baxımdan həyatının
20 ilindən çoxunu həsr etdiyi "Cavanşir” (2000) və
"Cavanşirsiz məmləkət” (2002) romanlarının
meydana gəlməsini özünüifadənin sadə bir
forması kimi qiymətləndirmək, ən azından, bir
günah olardı. O, bu əsərlər üzərində
çalışarkən müxtəlif arxivlərə
baş çəkir, saysız-hesabsız mənbələri
araşdırmaqla məşğul olurdu. Bu işdə
akademiklər Ziya Bünyadov, Budaq Budaqov, professor
Qiyasəddin Qeybullayev onun ən yaxın dostlarına və
yolgöstərənlərinə çevriliblər.
Onların faktlarla, sənədlərlə elmi ictimaiyyətə
təqdim etdikləri həqiqətləri Davud Nəsib bədii
təxəyyülün gücü ilə daha yüksəkliklərə
qaldırmağa çalışır və buna bir sənətkar
kimi nail ola bilirdi.
O, bu əsərlər üzərində
elə həvəslə, elə əzmlə, elə inadla
çalışırdı ki, sanki vaxtın və əcəlin
səbirsizliklə onu gözlədiyini bilirdi. Elə
bu əsərlərin ardınca - 2003-cü ildə bir
maşın qəzasında Davud Nəsibin dünyasını
dəyişməsinə də təsadüf kimi baxmaq olmaz.
Zatən onun içindəki qəza çoxdan baş
vermişdi...
Nədən və haradan
qaynaqlanırdı bitib tükənməyən bu
ağrı-acılar? Harada gözləyirdi onu bu qəza?..
Bunun üçün müəllifin son əsərlərini
bir də oxumaq məsləhətdir. Davud Nəsibin VII əsrdə
yaşamış böyük, qüdrətli alban
hökmdarı, sərkərdəsi Cavanşirin qəhrəmanlıqla
zəngin, keşməkeşli, faciəli həyat və fəaliyyətindən
bəhs edən "Cavanşir” və "Cavanşirsiz məmləkət”
tarixi romanlarını təkrar vərəqlədikcə
Aristotelin söylədiyi bir həqiqət yada
düşür: "Poeziya yalnız zahiri əlamətlərin,
hadisələrin təsviri deyil. O, tarixdən daha ciddi və fəlsəfidir.
Çünki tarix olan şeyləri göstərirsə,
poeziya ola biləcək şeyləri də
göstərir”. Məhz bu mənada Davud Nəsibin
həm də vətəninə bağlı, yurd həsrətli
bir ziyalı kimi tarixdən, olub keçənlərdən
danışarkən daha qabağa gedərək olacaqları da
göstərməyə çalışmaq istəyi
anlaşılandır. Əsərdəki
hadisələr o qədər canlı və sadə bir dillə
təqdim olunur ki, baş verənlər hər dəfə bir
kinolent kimi göz önündə canlanır, oxucu sanki həmin
dövrün və təlatümlərin
iştirakçısına, şahidinə çevrilir.
Mövzudan yayınmamaqla qeyd etməyə dəyər
ki, tariximizin çox maraqlı bir dövrü - Albaniya
dövrü, Cavanşir obrazı Davud Nəsibin qələmində
sanki özü gözəl bir bədii-sənədli filmin
ortaya qoyulmasını tələb edir. Hər iki
romanın oxucuya çatdırmağa
çalışdığı həqiqətlərə
keçməzdən əvvəl bir fakta nəzər yetirmək
lazımdır: Azərbaycan tarixinin ayrılmaz bir hissəsi
kimi Alban tarixini daha dərindən tədqiq etmək və onu
yalançı erməni "alim”lərinin
hücumlarından, basqılarından qorumaq məsələsi
həmişə olduğu kimi, bu gün də öz
aktuallığını qoruyub saxlayır. Vaxtilə bu
mübarizənin önündə gedən akademik Ziya
Bünyadov Alban tarixinin saxtalaşdırılması məsələsində
erməni "alim”lərinin azğınlığını,
həyasızlığını tutarlı elmi faktlarla
ifşa edir, 1965-ci ildə az qala on illik tədqiqat işlərinin
nəticəsi olaraq ortaya qoyduğu "Azərbaycan VII-IX əsrlərdə”
adlı kitabında onların sərsəm fikirlərinə və
iddialarına belə cavab verirdi: "Burada müxtəlif rəsmi
və qeyri-rəsmi idarələrə göndərilən
gizli, imzalı və imzasız məktublar, eləcə də
ünvanıma yazılmış heç bir dəyəri
olmayan, elmdənkənar cəfəngiyyatlarla yanaşı,
söyüş və birbaşa təhdidlər olan məktublar
haqqında danışmayacağam. Qoy bu təhqirlər və
küçə söyüşləri son zamanlar qriqoryan
ruhaniliyinin mənafeyini sosialist cəmiyyətinin mənafeyi ilə
qarışıq salan, həm də birincinin mənafeyini
ikincininkindən üstün tutan Ermənistan
Respublikasının bəzi vətəndaşlarının
vicdanına yazılsın... Mənim opponentlərim qriqoryan
ruhaniliyinin müdafiəsinə qalxmaqla, şəxsi
simpatiyalarına uyğun olaraq, onun əsl tarixi rolunu təhrif
edir, istər-istəməz bu kilsənin vaizinə
çevrilirlər...”
Həmin o illərdə Davud Nəsib
ictimai-siyasi prosesləri yaxından izləyir,
torpaqlarımızda baş qaldıran separatçılıq
meyillərinin nəyə ünvanlandığını
gözəl anlayır, Azərbaycan SSR-in xəritəsi üzərində
qılıncla dolaşan, Gəncəni, Beyləqanı, Salyanı,
Şəkini, Şəmkiri, Zəngəzuru, Tovuzu,
Naxçıvanı, Girdiman və Qarabağı qamarlamaq istəyən
qüvvələrin haradan və kimdən "ilham”
aldığını da bir ziyalı, bir vətəndaş
olaraq yaxşı bilir və onlara qarşı öz səsini
ucaldırdı.
Davud Nəsibin qələmə
aldığı hər iki əsərdən -
"Cavanşir” və "Cavanşirsiz məmləkət”
romanlarından tariximizin mənimsənilməsi, özgəninkiləşdirilməsi
ilə bağlı bu müdhiş həqiqətlər
qırmızı xətlə və çox böyük
ürək ağrısıyla gəlib keçir. Müəllif özü də
əsərin əvvəlində onun yaranma səbəblərinə,
tarixi proseslərin bugünkü reallıqlarla əlaqələrinə
toxunaraq yazır ki, Azərbaycan xalqının qədimdə,
XX əsrin ilk və sonrakı illərində, indiki dövrdə
başına gələn faciələrin ilkin kökləri
VII əsrdən - Cavanşirin qətlindən sonrakı
dövrə gedir və ardıcıl şəkildə həyata
keçirilir. Bu kitabların yaranma səbəbi
də ancaq və ancaq bununla bağlıdır. Bu yerdə
böyük rus yazıçısı F.Dostoyevskinin sözlərini
xatırlamamaq olmur: "Tarix keçmişin yox, gələcəyin
elmidir. Belə olub və həmişə də
belə olacaq”. Davud Nəsib bəzən mətləbdən
yayındığı üçün oxucusundan üzr istəyərək
deyir: "Bu, 704-cü ildən başlanmışdı. Haylar Balkanlardan köçüb gəlib türk
torpaqlarında, Anadolunun şərqində, Fərat
çayının yuxarı axınında məskunlaşıblar.
"Dənizdən-dənizə” deyəndə heç fikirləşməyiblər
ki, nə qədər əhalisi olub ki, xəritədə
çəkdikləri ərazidə özlərini yerləşdirə
bilsinlər... Oxucular VII əsrlə
bağlı bu əsərimizdə yeri gəldikcə belə
faktlarla qarşılaşacaqlar. Bu da təbiidir.
Ona görə ki, böyük Alban ölkəsinin
dağılmasında ermənilərin də rolu var. Daha
doğrusu, onların satqınlığı ilə,
böyük dövlətlərin gücü ilə,
xüsusilə ərəblərin əli ilə dünyəvi
mədəniyyətə malik, eramızın IV əsrindən
öz əlifbası, şairləri, alimləri, memarları
olan qüdrətli bir dövlət parçalanıb. Əsər VII əsr hadisələrindən söhbət
açsa da, bugünümüz və gələcəyimiz
üçün nəzərdə tutulub. Əsrlər
arasında xeyli məsafə olsa da, hadisələrin məzmunu
yox, forması dəyişib...”
Müdrikcəsinə deyilən
sözdür.
Həqiqətən son yüzillikdə başımıza gələnlər
də sübut etdi ki, hadisələr formasını dəyişsə
də, məzmun həminkidir: həmin iddialar, həmin
saxtakarlıqlar, həmin vəhşiliklər...
Hazırda Qarabağda,
işğal altındakı torpaqlarımızda törədilən
vandalizm aktları, məhv edilən və ya tarixi
saxtalaşdırılan abidələrimiz, adları zorla dəyişdirilən
(zorla deyirik, çünki dili-ağzı olsaydı, Allah
bilir, onlar nə danışardı) qədim şəhər
və yurd yerlərimizi xatırladıqca, bir növ, müəllifin
içindəki üsyanın, etirazın
iştirakçısına çevrilirsən. Bizim maddi-mədəniyyət
abidələrimiz, zəngin tariximiz üzərində ermənilər
"dənizdən-dənizə” xəyallar qurmağa
çalışırlar. Bu uydurmalar alban
hökmdarı Cavanşirin qətlə yetirilməsindən
sonra ardıcıl həyata keçirilib. Əksəriyyəti
ərəblərin əli ilə yerlə yeksan edilib. Əsər boyu müəllifin haqlı
etirazlarından doğan belə nümunələr kifayət
qədərdir. Həm də təqdirəlayiqdir
ki, onun söylədiklərini, qələmə
aldıqlarını tarixi faktlar, salnamələr təsdiqləyir.
Məhz bunu nəzərə alaraq akademik Budaq Budaqov və
professor Qiyasəddin Qeybullayev kitaba ön sözdə qeyd edirlər:
"Tarixi roman yazmaq üçün qələm sahibi bədii
yaradıcılıq səriştəsi ilə yanaşı,
müəyyən tarixi və coğrafi biliyə, təsvir
etdiyi dövrün siyasi-ictimai durumuna, hadisələrin mahiyyətinə
və bu hadisələrdə tarixi şəxsiyyətlərin
rolları və mövqeləri haqqında aydın təsəvvürə
malik olmalıdır”.
Müəllif qəhrəman
Cavanşirin bir sərkərdə, hökmdar kimi keçdiyi
döyüş yoluna, ömrünün müəyyən
anlarına xüsusi diqqət ayırır. Onun taleyi
elinin-obasının, Alban torpağının faciələri
ilə yanaşı verilir. O, əsərin əvvəllərində
imkanlı şəxsləri nəzərdə tutaraq qoca
Vironun diliylə deyir: "Var-yoxlarını vətənin gələcəyi
naminə əsirgəməsinlər, qızılı,
var-dövləti tapmaq olar. Torpağı
tapdalamaq - namusu tapdalamaq deməkdir”.
Ərəblərə qarşı
mübarizədə Sasani hökmdarı Yezdəgirdə
köməyə yollanan gənc Cavanşir yol boyu
düşünür, bəzən getdiyi bu ağır yolun mənasını
dərk etmir: "Nə üçün, kimin
üçün üç min say-seçmə alban
oğulları yad eldə döyüşməlidir, onlar kimi
kimdən qorumalıdırlar? Bircə təsəllim var: cənuba
da səpələnmiş qohum-əqrəbaları qorumaq
özü bir şərəf deyilmi? Bu
böyüklükdə elin bir oğlu çıxmayacaqmı
ki, onları canbir eləsin, bir ocaq ətrafına
yığsın?” Onun bugünümüzlə
səsləşən düşüncələri erməni
hiylələri və yalanları fonunda daha da
aktuallaşır. Əsərdə xeyirlə
şər kimi bizdən - elimizdən, obamızdan qopmaq,
ayrılmaq bilməyən bir erməni bəlası var və
o, bütün hadisələrdə gizlin, ya da açıq
özünü büruzə verir. Məsələn, erməni
Mamikonianın dəstəsi də Rüstəmlə
Cavanşirin qoşunlarına gəlib çatan kimi erməni
xisləti, yalanı ortaya çıxır: eynən indiki
kimi, onların ikiüzlü sifətləri
görünür: ermənilər məcburiyyət
qarşısında döyüşə yollandıqları
halda yalnız öz mənafelərini düşünür, ərəblərlə
gizli danışıqlar apararaq Sasanilərlə də
işbirliyindən əl çəkmirlər. Bütün
bunları oxuyarkən akademik Ziya Bünyadovun erməni rəqiblərinə
dediyi sözlər yada düşür: "Vicdan insan
oğlunun yaraşığıdır!”
Davud Nəsib hər iki
romanında göstərməyə çalışır ki,
vicdan həm də bütövlükdə hər bir xalqın
və millətin yaraşığı olmalıdır. Təəssüf
ki, əvvəldən belə olmayıb və indi də belə
deyil. Sasani hökmdarı Xosrov Pərvizlə
xanımı, alban gözəli Şirini Şərq
poeziyasının sevimli personajları kimi hamı yaxşı
xatırlayır. Böyük Nizamidən başlayaraq
onların böyük sevgi hekayəsinə kimlər
toxunmayıb ki... Müəllif əsərində bir faktı
da ürək ağrısı ilə qələmə
alır: Xosrovun Şirinin şərəfinə tikdirdiyi Vəng
kilsəsini sonradan ermənilər mənimsəyərək
öz adlarına çıxıblar...
Mürəkkəb bir
dövrdə baş verən müxtəlif hadisələri
müəllif ustalıqla seçib ayıra bilir, romanın
şirin dili ilə oxucuya aydın bir şəkildə
çatdırmağı bacarır. Cavanşirin atası
Varazın böyük güclərin toqquşduğu bir vaxtda
ocaq başında düşündükləri
günümüzün acı reallıqlarını da
özündə əks etdirir. "O, ocaqdakı
kötükləri, qəribə də olsa, qəlbində
üç böyük çaplıcaya bənzətdi. Onları alışdırmaq üçün nə
qədər xırda qol-budağın yanıb kül
olduğunu təsəvvürünə gətirdi. Kiçik xalqları, ölkələri həmin
qol-budaqlara bənzətdi. Ürəyində
düşündü: qolunda gücün yoxdursa, onda
başını işə sal. Ağlın,
düşüncənin gücü hər şeydən
üstündür. Yarmaca ilə
kötükləri bir də qurdaladı, onları
yaxınlaşdırdı. Bu kötükləri
qurdalayıb alışdırmaq, ancaq alışdırmaq,
bir-birinin üstünə salmaq...”
Hökmdar Varazın yuxusunu o gecə ərşə
çəkən şimaldan xəzərlərin, cənubdan
Bizansların və Sasanilərin ardı-arası kəsilmədən
basqınları, bir də ərəblərin atlı
qarışqa sürüsü kimi dirçəlməsi idi.
Onun - Varazın hər dəfə belə düşünəndə
qəlbinin gizli guşəsindən kiçicik bir
qığılcım parlayırdı: "Bu
qığılcım onun oğludur - Cavanşirdir...
Ağsaqqal atanın, dünyagörmüş sərkərdənin
qəlbindəki qığılcımı, inamı,
ümidi... hər vəchlə onu qoruyur, elə bil ki, gələcək
üçün, bu yurd-yuvanın sabahı üçün
böyüdürdü...”
Ərəblərə
qarşı mübarizədə tarixə "Qadisiyyə”
adı ilə daxil olan o dəhşətli döyüşdə
Cavanşir bir sərkərdə kimi nəyə qadir
olduğunu hamıya sübut etdi. Yeddi il ərzində
o, həmişə qanlı döyüşlərin mərkəzində
oldu və oğuz türklərindən sərkərdə
Rüstəmlə birgə yorulmadan ərəb
qoşunlarına qarşı vuruşur, eyni zamanda, Alban
dövlətinin gələcəyi barədə
düşünürdü: "Şahmatda olduğu kimi, həmişə
piyadaları - kiçik xalqları qabağa ötürürlər.
Güclülər - şah və vəzir
onların arxasında gizlənir. Müharibə
oyunları da belədir. Tək-tək sərkərdələr
qabağa düşürdü və tez də sıradan
çıxırdılar. Vay onda
piyadaların halına, çünki onların heç vaxt
geriyə yolu olmayıb, ya qırılıblar, ya da yarıb
keçiblər. Bütün zamanlarda, elə indinin
özündə də piyadalar döyüşür...”
Bunun ardınca müəllif qeyd edir
ki, bu dəfə ərəblərlə yanaşı, Sasani
hökmdarının da gözləmədiyi halda Cavanşirin
başında durduğu "piyadalar” nəinki
döyüşür, hətta qalib gəlirlər:
"Cavanşirin cəmi-cümlətanı 3 min qoşunla
onları pərən-pərən salması Yezdəgirdə
möcüzə kimi görünürdü...” Cavanşirin
bir sərkərdə kimi böyük şücaət
göstərdiyi bu döyüşdən sonra İran
şahı onu ən yüksək mükafatlara layiq
gördü. Salnaməçi yazır: "Şah onu sərkərdəyə
layiq olan mükafatlarla mükafatlandırdı, o cümlədən
sərkərdə kərənayları, iki qızıl nizə
və qızılla süslənmiş iki qalxanla fərqləndirdi.
Şah onun belinə mirvari ilə işlənmiş
qızıl kəmər və qızıl saplı
qılınc bağladı, qollarına qolbaqlar
saldırdı, başının üstünə isə
daş-qaşlı tac qoydurdu. Onun boynuna ağır mirvari boyunbağı
asdılar, çiyninə taftadan tikilmiş şah geyimi
saldılar və zərli ipək parçadan tikilmiş
dörd qotazlı mavi rəngli şalvar geyindirdilər. Şah əmr etdi ki, ona kəndlər və
balıqla dolu çaylar bağışlansın”. Müəllif mənbələrə əsaslanaraq
qeyd edir ki, oğuz övladı Rüstəmdən sonra
Cavanşir ikinci sərkərdə idi ki, hökmdar tərəfindən
belə mükafatlara layiq görülürdü.
Davud Nəsib Cavanşiri
döyüşlərdə bərkiyən bir siyasətçi
kimi də çox maraqla təqdim edir. Ərəblərə
qarşı döyüşən bir dövlətin içərisində
az qala vətəndaş müharibəsi
gedir. Tərəfləri şahın hüzuruna gətirən
Cavanşirin dedikləri bugünümüzlə necə də
səsləşir: "Sizin bir-birinizlə bu
savaşınız bilirsiniz nəyə bənzəyir?
Mal-mülk, yurd sahibi olan bir atanın ölümündən
sonra iki doğma qardaşın atadan miras qalan var-dövlətin
bölüşdürülməsi üstündə
dava-dalaşa... İranın belə bir
ağır günündə yenə də sərvət barədə
düşünürsünüz. Dövlətiniz
süqut edəndə elə bilirsiniz ki, kim
nə qədər bu torpaqdan qamarladı, qazanacaq? Səhv
edirsiniz, həmin torpaqlar ərəb atlarının
otlağı olacaq, əkdiyiniz-becərdiyiniz ərəb əsgərlərinin
qarnını doyduracaq...” Yeddi illik
ayrılıqdan sonra vətənə - Albaniyaya dönən
Cavanşirin hisləri, duyğuları, yurdun gələcəyi
ilə bağlı arzuları olduqca dolğun qələmə
alınıb. Cavanşirin məqsədi torpaqların,
Naxçıvandan Dərbəndə kimi bütün ərazilərin
bir dövlət ətrafında birləşdirilməsi idi.…
O, Albaniyanı qansız-qadasız,
güllü-çiçəkli bir ölkəyə
çevirmək istəyirdi. Bu xəyali istəyini
əhaliyə bildirmirdi. Qorxurdu ki,
camaatın əli silahdan soyuyar,
ayıq-sayıqlığını itirər. Bu isə
Albaniyanın da süqutu ola bilərdi...
Bununla belə, o, əsərin ikinci hissəsində -
"Dönüş”də öz məqsədlərini dilə
gətirir: "Yadınızda saxlayın ki, Naxçıvan
da Albaniyanın bir hissəsidir, bunu mənzil
ayrılığı hesab edin həmişə, fikir
ayrılığı yox...”
Əsər boyu müəllif
bir bədii vasitə kimi Cavanşirin yuxularından doğan bəzi
həqiqətləri, hadisələri bacarıqla qələmə
alır. Ölkənin şimalına üz tutan Cavanşir
növbəti dəfə yuxusunu qarışdırır.
Tələsik geri dönür. Məlum olur ki, iranlılar Bərdəni ələ
keçirib və anasını, qardaşlarını əsir
götürüblər. Salnaməçi yazır:
"O gün Cavanşir balalarını itirmiş dişi
ayı kimi çox qəzəbləndi, hiddətləndi”. Doğrudan da, hiddətlənməmək
mümkün deyildi. Neçə il
İran üçün vuruşan, qan tökən bir insana
sonda verilən dəyər bu idimi? Bu
basqının başında dayanan isə Yezdəgirdin ərəb
xəlifəsinə satılan bacısı əri Qeysər
idi. Bu faktı mənalandıraraq Davud Nəsib
ovaxtkı İran dövlətinin ərəb basqınları
qarşısında çökməyini ustalıqla qələmə
ala bilir: "Bir məmləkətin dağılması bir evdən,
bir yurddan başlayır. İran kimi qüdrətli
bir ölkə başçısı ola-ola başsız
qalmışdı. Mülkədarlar nə istəyirdilər,
onu da edirdilər... Qolugüclülərin, gözdən
qıl qırpanların, ayağı itilərin dövranı
başlamışdı... Başçı başını
itirəndə belə olur...”
Əsər boyu ermənilərin
həmişə gizli saxlamağa
çalışdıqları niyyətləri Cavanşirin qətli
ilə (680-681) ortaya çıxır. Onun qatili canını
qurtarmaq üçün qaçıb Azıx
mağarasında gizlənməyə çalışsa da,
onu artıq gözlənilən cəzadan heç kim qurtara bilməzdi: mağaradan çıxan
"balalarını itirmiş dişi bir ayı” onu bir andaca
parçalayıb məhv edir. Bu, bəlkə elə Cavanşirin
yaralı ruhu idi, kim bilir?!
Əsərin sonunda - "Sənədli
epiloq”da müəllif Cavanşirdən sonra Albaniyanın ərəblər
tərəfindən istilasına qədərki qısa bir
dövrə nəzər salır və bu məsələdə
erməni katolikosu İlyanın Xəlifə
Əbd-ül-Malikə ünvanladığı məktubu
"tarixin yazılı yaddaşı” kimi oxucularına təqdim
edir. Görün belə məktubları sonrakı illərdə
onlar daha kimlərə göndərmədi: "Hökmdar
Əbd-ül-Malik, Əmir Möminə erməni katolikosu
İlyadan. Qadir Allahın iradəsi ilə bizim
tabe ölkəmiz sizə qulluq edir. Biz və
Alban kilsəsi ilahi İsa dininə etiqad edirik. Partav (Bərdə) taxtında oturan indiki Alban
katolikosu yunan imperatoru ilə sazişə girib öz ibadətlərində
onun adını çəkir və ölkəni məcbur
edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini
qəbul etsin. İndi qoy bu, sizə məlum
olsun, ta bu barədə qərar qəbul edəsiniz,
çünki bu bədəfkarlıqda onun bir qadın həmfikri
də vardır. Böyük hökmdar, siz
öz hakimiyyətinizlə əmr buyurun, onlar Allaha
qarşı işlətdikləri günah üstündə
müstəhəqq olduqları cəzaya çatsınlar”.
Erməni katolikosun məktubuna
Əmir Möminin cavabı: "Ey Allahın xadimi və erməni
xalqının katolikosu İlya, sənin səmimi məktubunu
oxudum və sənə mərhəmətim olduğuna görə
öz sədaqətli bəndəmi çoxlu qoşunla
göndərdim. Əmr etdim ki, bizim hökmranlığımıza
qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik
edilsin. Bizim hökmü bəndəniz
Partavda (Bərdədə) sənin hüzurunda icra edəcəkdir.
Nersesi (Nerses - alban katolikosun xristian adıdır. Onun əsl adı Bakurdur) və bədəfkarlıqda
onun həmfikri olan qadını bir zəncirlə bağlayacaq
və elə şahanə mühakimə edəcəkdir ki,
onlar bütün qiyamçıların yanında rüsvay
olsunlar”.
Müəllif haqlı olaraq
yazır ki, bu sənəd qalmasaydı, nələr baş verərdi?
"Mənə elə gəlir
ki, Albaniyanın - Azərbaycanın əsrlər boyu ardıcıl
faciəsi bu tarixi sənəddən sonra başlayır. Tarixin tarixi olmayanda əfsanələşir...”
Bu həqiqətləri biləndən
sonra bugünkü faciələrimizin də
anatomiyasını sonacan anlamış, bilmiş olarıq. Çünki böyük
Azərbaycan alimi, fədaisi Ziya Bünyadovun diliylə desək,
əgər keçmişə mifik sərhədlər çəkmək
həvəskarları ortaya çıxıbsa, onları
müasir dövrə proyeksiya etmək həvəsində
olanlar da peyda ola bilər. Təəssüf ki,
belələri peyda oldular da. Lakin onların arzusuna, istəyinə
rəğmən tarixi həqiqətlər, əldə olan məlumatlar
qanlı-qadalı, ancaq şərəfli keçmişimizlə
bağlı tamam başqa şeylər danışır:
"Faktlar məhz belədir! Heç resenzentlərimin
istinad etməyə çalışdıqları Yuli
Sezarın özünün köməyi ilə də burada nəsə
etmək mümkün deyil. Amma mən
qriqoryan kilsəsinin bir çox başqa dinlər kimi istənilən
istilaçıya xidmət göstərdiyi barədə
danışmayacağam. N.Vardapedov hələ bunu da
yazır ki, qriqoryan kilsəsi "özü üçün
yeni olan hər bir şəraitə məharətlə
uyğunlaşır, siyasi konyunkturdan asılı olaraq bir
zamanlar Bizans imperatorları, İranın Sasani
çarları, ərəb xəlifələri, monqollar
qarşısında diz çöküb təzim elədiyi
kimi, Səfəvilərə, sonra isə rus çarına da
beləcə qulluq göstərirdi” (Ziya Bünyadov).
Bu yerdə Strabonun hələ 20 əsr
əvvəl dedikləri də yada düşür: "Tarix,
köhnə də, yeni də olsa, həqiqəti tələb
edir!”
P.S. "Cavanşirsiz məmləkət”
(2002) əsərinin sonunda Bərdədə ermənilərin
vasitəçiliyi ilə haqsız yerə cəzalandırılan
Alban katolikosu Bakuru öz vəsiyyətinə uyğun olaraq məzar
yerini quyu kimi qazıb əl-ayağı zəncirli, ayaq
üstə basdırdılar torpağa... O, bununla xalqı ayaq
üstə durmağa çağırırdı: "Bu
çağırışı nə erməni katolikosu
İlya, nə də ki ərəb sərkərdəsi
başa düşə bilməzdi. Bu, Alban
torpağı üçün əbədi bir
çağırış idi. Alban
xalqının nə vaxtsa ayağa durub öz haqqını
müdafiə edəcəyi günü görmək istəyirdi
Bakur. Həmin gün qəbirdən baş
qaldırıb, ayaq tutub addımlayacağına da
inanırdı. O, gec-tez, nə vaxtsa o günün gələcəyini
bəlkə də bildiyindən belə vəsiyyət
etmişdi...”
Davud Nəsibin ölümündən bir il əvvəl qələmə aldığı əsərin bu ağrı-acılı kəlmələrlə bitən sonluğunu onun bizə öz vəsiyyəti kimi də qəbul etmək olar: "Əgər paslı zəncir axtarmaq fikrinə düşsəniz, əvvəl-əvvəl qəlbinizə nəzər salın, özünüzə qarşı zərrə qədər şübhə yaransa, onda bu işdən vaz keçin. O ürək sahibi - ad-san, şan-şöhrət, var-dövlət hislərindən, hərisliyindən kənar olub, təkcə torpaq eşqi, vətən məhəbbəti yaşatmalıdır içərisində. Bir məmləkətin, bir xalqın tale-tarixini araşdırmaq istəsəniz, yenə də heç bir qiymətə gəlməyən, ölçüyə sığışmayan milli dəyərlərə arxalanmağı unutmayın. Onda bu müqəddəs duyğularla Dəməşqin, Eçmiədzinin, Matanadaranın gizli saxlanılan ağzıbağlı arxivlərinə baş vurmağa çalışın. Torpağının, xalqının danışan dilini sandıq-sandıq daşıdılar vaxtilə. Dədəm Qorqudun da öz dövründə alban-oğuz əlifbasında qələmə alınan dastanının ilk nüsxəsini də tapa bilərsiniz həmin yerlərin birində... Bu günə qədər buraxdığımız səhvləri bu gündən səbirlə, ifcin-ifcin düzəldib yerinə qoymalıyıq... Bu sözlər yalnız və yalnız bu yurdu, bu xalqı canından artıq istəyənlərə aiddir”.
Bizə isə tarix boyu itirdiklərimizə alban xalqının şair oğlu qoca Dəvdəkin Cavanşirin ölümünə yazdığı ağını təkrar söyləməkdən başqa bir şey qalmır:
Ey ilahi kəlamları xəlq eləyən ulu Tanrı,
Özün nəğmə - ağı söylə, yad et bizim hökmdarı.
Elə nəğmə - ağı qoş ki, bu əvəzsiz itki üçün
Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları.
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2018.- 21 dekabr.- S.6.