Ər-Riyadda keçirilən kinofestival
çərçivəsində “Arşın mal
alan” filminin rəngli
versiyasının təqdimatı olub
"Arşın mal alan” filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası Ər-Riyad şəhərində keçirilən "Səfirin seçimi” adlı kinofestival çərçivəsində təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi tərəfindən təşkil olunmuş təqdimat mərasimində ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, həmvətənlərimiz iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Şahin Abdullayev bildirib ki, 1945-ci ildə çəkilmiş "Arşın mal alan” filmi 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ABŞ-ın Los-Anceles şəhərində rənglənərək bərpa edilib. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə məlumat verib.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığından söz açan diplomat onun operettası əsasında lentə alınmış "Arşın mal alan” filminin müxtəlif dillərə tərcümə edilərək bir çox ölkələrdə uğurla nümayiş olunduğunu diqqətə çatdırıb. O deyib ki, müsəlman Şərqində ilk operanın müəllifi olan Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettası Azərbaycanın zəngin mədəniyyətinin parlaq nümunəsidir.
Film qonaqlar tərəfindən maraqla
qarşılanıb.
Azərbaycan.- 2018.- 21 dekabr.- S.6.