“Bizim həyət” layihəsinin
növbəti töhfəsi
IDEA İctimai Birliyinin və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət” layihəsi uğurla davam edir.
Bu günlərdə "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Xətai rayonu, Xudu Məmmədov, 4-4a ünvanında 400 nəfərə yaxın sakinin məskunlaşdığı binaları əhatə edir.
"Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 3200 kv.m sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə uşaq oyun və idman elementləri, əyləncə qurğuları yaradılıb, 3 ədəd söhbətgah salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq binaların fasadları və giriş hissələri tam təmir olunaraq istifadəyə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ağac və kol əkilib, 500 kvadratmetr ərazidə yaşıllıq salınıb.
"Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş bu həyət layihə çərçivəsində abadlaşdırılan doqquzuncu həyətdir.
Sakinlər yaşadıqları həyətlərin bu cür yüksək səviyyədə abadlaşdırılmasına görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya dərin təşəkkürlərini bildiriblər. Qeyd edək ki, layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Xətai rayonunda da digər məhəllələrin abadlaşdırılması planlaşdırılır.
Xatırladaq ki, bununla yanaşı, IDEA İctimai Birliyinin təşəbbüsü ilə digər layihələr də həyata keçirilib. İndiyədək təşkilatın təşəbbüsləri çərçivəsində rayon ərazisində bir neçə dəfə ağacəkmə kampaniyası təşkil olunub.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2018.- 21 dekabr.-
S.7.