“Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Büdcə
sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 10, maddə
584; 2003, ¹ 6, maddə 267; 2004, ¹ 12, maddə 979; 2005, ¹ 5, maddə
393, ¹ 12, maddə 1083; 2006, ¹ 2, maddə 67, ¹ 3, maddə
225, ¹ 12, maddə 1012; 2007, ¹ 12, maddə 1202; 2008, ¹ 12, maddə
1049; 2009, ¹ 7, maddə 505; 2012, ¹ 6, maddə 528; 2014, ¹ 8, maddə
958; 2016, ¹ 11, maddə 1777; 2017, ¹ 1, maddələr 18, 32; 2018, ¹ 8, maddə
1671) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddə üzrə:
1.1.1. 1.1.13-cü maddəyə
"təşkilatlarına” sözündən sonra
"verildiyi büdcə
ili ərzində” sözləri əlavə
edilsin;
1.1.2. 1.1.32-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"1.1.32. icmal büdcənin neft gəlirləri - Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun gəlirləri, Azərbaycan
Respublikasının ərazisində
xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir
vergisi istisna olmaqla) və həmin fəaliyyətlə
məşğul olan digər şəxslərin
ödədiyi mənfəət
vergisi;”;
1.1.3. aşağıdakı
məzmunda 1.1.32-1-ci - 1.1.32-3-cü maddələr əlavə
edilsin:
"1.1.32-1. icmal
büdcənin qeyri-neft
gəlirləri - icmal
büdcənin ümumi
gəlirlərindən icmal
büdcənin neft gəlirləri çıxıldıqdan
sonra qalan məbləğ;
1.1.32-2. dövlət
büdcəsinin neft gəlirləri - Azərbaycan
Respublikasının Dövlət
Neft Fondundan dövlət büdcəsinə
transfert, Azərbaycan Respublikasının ərazisində
xam neftin və təbii qazın hasilatı ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) ödədiyi vergilər (fiziki şəxslərin gəlir
vergisi istisna olmaqla) və həmin fəaliyyətlə
məşğul olan digər şəxslərin
ödədiyi mənfəət
vergisi;
1.1.32-3. dövlət
büdcəsinin qeyri-neft
gəlirləri - dövlət
büdcəsinin ümumi
gəlirlərindən dövlət
büdcəsinin neft gəlirləri çıxıldıqdan
sonra qalan məbləğ;”;
1.1.4. 1.1.33-cü maddəyə
"30 faizi ilə” sözlərindən sonra
"icmal büdcənin”
sözləri əlavə
edilsin;
1.1.5. 1.1.34-cü maddəyə
"təsdiq olunan” sözlərindən sonra
"icmal büdcənin”
sözləri əlavə
edilsin;
1.2. 11-ci maddə
üzrə:
1.2.1. 11.9.5-ci maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
11.9.6-cı maddə əlavə
edilsin:
"11.9.6. hesablanmış, ödənilmiş,
artıq ödənilmiş
vergilər və artıq ödənilmiş
vergilərin büdcədən
qaytarılan məbləğləri
barədə əvvəlki
iki il və
cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar.”;
1.2.2. 11.15-ci maddədə
"həddi də” sözləri "həddi
və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə
tutulmuş güzəşt
və azadolmalar da” sözləri ilə əvəz edilsin;
1.2.3. 11-1.2.1-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"11-1.2.1. dövlət
büdcəsinin qeyri-neft
gəlirləri;”;
1.3. 16.1.2-ci maddə
ləğv edilsin;
1.4. 18.3-cü maddəyə
aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) bu maddə
ilə müəyyən
edilmiş hesabatlara müvafiq dövr üzrə hesablanmış,
ödənilmiş, artıq
ödənilmiş vergilər,
artıq ödənilmiş
vergilərin büdcədən
qaytarılan məbləğləri
və vergi borcları barədə məlumatları əlavə
edir.”;
1.5. 19-cu maddə
üzrə:
1.5.1. 19.2-ci maddənin
birinci abzasında
"dövlət büdcəsinin”
sözlərindən əvvəl
vergül işarəsi
əlavə edilsin,
"dövlət zəmanəti
ilə alınmış
borclar üzrə əməliyyatlar” sözləri
"dövlət borcalmaları
üzrə əməliyyatlar
(Azərbaycan Respublikası
adından imzalanmış
kredit müqavilələrinin
şərtləri nəzərə
alınmaqla)” sözləri
ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda
ikinci abzas əlavə edilsin:
"Azərbaycan
Respublikası adından
imzalanmış kredit
müqavilələrinin şərtlərinə
uyğun olaraq xarici kredit təşkilatları
tərəfindən ayrılan
maliyyələşmələrin (ödənişlərin) dövlət
xəzinədarlığının bank hesabları vasitəsilə
deyil, layihələr üzrə icraçıların
bank hesablarına birbaşa
ödənilməsi nəzərdə
tutulduğu halda, həmin maliyyələşmələr
(ödənişlər) üzrə
əməliyyatlar, bu əməliyyatların icrası
barədə xarici kredit təşkilatlarının
ödəniş bildirişləri
əsasında müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən dövlət büdcəsinin
kəsirinin həmin məbləğdə bağlanması
hesabına təmin edilir.”;
1.5.2. 19.2-ci maddənin
üçüncü abzasının
birinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
"Büdcə
ili ərzində vahid xəzinə hesabının sərbəst
qalığı müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir, yaxud dövlət borcuna xidmətlə əlaqədar
xərclərin həmin
ilin dövlət büdcəsində dövlət
borcuna xidmət edilməsi ilə bağlı nəzərdə
tutulan xərclərdən
artıq olan hissəsinin maliyyələşdirilməsini
təmin etmək üçün Dövlət
borcu və zəmanəti üzrə
öhdəliklərin Təminat
Fonduna köçürülür.”;
1.5.3. 19.5-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"19.5. İlin
sonuna bütün xəzinə hesablarının
qalıqları vahid xəzinə hesabına köçürülür. Vahid xəzinə hesabının
sərbəst qalığı
dövlət büdcəsi
kəsirinin maliyyələşdirilməsinə
və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin
on ikidə bir hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində göstərilən
xərclərin ödənilməsinə
yönəldilir, qalan
vəsaitin dövlət
büdcəsinin neft gəlirlərinin cari büdcə ili üçün dövlət
büdcəsində nəzərdə
tutulan məbləğindən
artıq daxil olan hissəsindən çox olmayan məbləği Dövlət
borcu və zəmanəti üzrə
öhdəliklərin Təminat
Fonduna köçürülür.
Vahid xəzinə hesabının
sərbəst qalığının
yerdə qalan hissəsi bu qanunun 19.2-ci maddəsinin üçüncü abzasında
nəzərdə tutulmuş
qaydada idarə edilir. Bu maddədə
nəzərdə tutulan
əməliyyatlar aparıldıqdan
sonra vahid xəzinə hesabının
sərbəst qalığının
qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət
Neft Fonduna köçürülür.”;
1.6. 20.2-ci maddəyə
aşağıdakı məzmunda
beşinci cümlə
əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən icrası təmin olunan gəlirlər üzrə bu qanunun 18.3-cü maddəsinin
ikinci cümləsində
göstərilən məlumatlar
da hesabata əlavə edilir.”;
1.7. 25-ci maddə
üzrə:
1.7.1. 25.3-cü maddədə
"Büdcə” sözü
"Bu qanunun 25.3-1-ci maddəsində
nəzərdə tutulan
hal istisna olmaqla, büdcə” sözləri ilə əvəz edilsin;
1.7.2. aşağıdakı
məzmunda 25.3-1-ci maddə
əlavə edilsin:
"25.3-1. Dövlət
borcuna xidmət, o cümlədən əsas
məbləğin və
faizin qaytarılması
üzrə xərclər
cari büdcə ilində həyata keçirilən yeni dövlət borcalması və (və ya) Dövlət borcu və zəmanəti
üzrə öhdəliklərin
Təminat Fondunun vəsaiti hesabına ödənildikdə bu xərclərin həmin ilin dövlət büdcəsində dövlət
borcuna xidmət edilməsi ilə bağlı nəzərdə
tutulan xərclərdən
artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə
aid edilmir.”;
1.7.3. 25.5-ci maddənin
birinci cümləsinə
"borclarının” və
ikinci cümləsinə
"borcunun” sözlərindən
sonra ", habelə il ərzində veriləcək dövlət
zəmanətinin” sözləri
əlavə edilsin.
Maddə 2. Bu qanun
2019-cu il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 noyabr
2018-ci il
Azərbaycan.-
2018.- 22 dekabr.- S. 9.