Bərəkət Yolu

 

Hər insan üçün ömür hansısa bapbalaca bir xatirədən başlanır...

Kiminçünsə ana əllərinin istisindən, kiminçünsə ata qollarının gücündən, kiminçünsə doğulub böyüdüyü ocağın hənirindən.

Bu sətirlərin müəllifi üçünsə, nə qədər qəribə olsa da, ömrün ilk xatirələri yollarla bağlıdır...

Dağların zirvəsindən, meşələrin qoynundan, mavi dənizin sahillərindən uzanıb keçən enişli-yoxuşlu yollardan...

Ona görə də düşüncələrimdə yol adi bir infrastruktur obyektindən, əraziləri, insanları, mədəniyyətləri birləşdirən bağdan da üstün bir məna kəsb edir. Bəlkə bu səbəbdən yol getməyi çox sevirəm, irəliyə doğru uzandıqca-uzanan yolların sinəsində sanki bütün həyatımla baş-başa qalıram.

Qərbdən şərqə, şimaldan cənuba doğru şaxələnən hər yolun taleyini, tarixçəsini oxumağa çalışıram. Nə vaxtsa bu yollardan gəlib keçmiş insanlar gəlir ağlıma, bəzənsə keçdiyim bütün yollar yaddaşımda heç zaman bitməyəcək uzun bir şeirin irili-xırdalı misraları kimi səslənir...

Yol Azərbaycanın da taleyidir...

Ta qədimlərdən üzü bəri dünyanın Şərqindən Qərbinə, Şimalından Cənubuna uzanan, bu torpaqların keçmişini, bugününü, gələcəyini müəyyən edən yollar Azərbaycanın bağrından ötüb-keçib.

 

***

 

Bəzən epoxaların o qədər maraqlı simvolları olur ki...

İlk baxışdan fərqinə varmırsan, amma diqqət yetirəndə onların necə əsrarəngiz tarixi həqiqətlərə bələdçilik etdiyinə özün də təəccüblənirsən.

Qardaş Türkiyədə tez-tez istifadə edilən "Lalə dövrü” ifadəsi var, eşitdinizmi heç?!

Belə bir ifadə çoxdan qulağıma dəymişdi, bilirdim ki, bu adda çoxseriyalı film də çəkiblər, evdəkilər hərdənbir baxırdılar. Bu adın, yəqin, fəsillə bağlı olduğunu, lalələrin açdığı bahar vaxtına işarə etdiyini zənn edirdim. Sən demə, bu ifadənin çox böyük bir hekayəsi varmış. "Lalə dövrü” 1718-ci ildə Avstriya ilə imzalanmış Pojarevatsk razılaşmasından sonra Osmanlı tarixində başlanan sülh, yeniliklər, inkişaf, islahatlar dövrü imiş. Həmin illərdə paytaxt İstanbulun bir çox səmtlərində sülhün, sakitliyin, əmin-amanlığın, rahat güzəranın bir əlaməti kimi lalə bağçaları qurulduğundan ünlü türk tarixçisi və şairi Yəhya Kamal Bayatlı sonralar o illəri "Lalə dövrü” adlandırmışdı...

Bu tarixçə barədə ətraflı öyrənəndən sonra düşündüm ki, görəsən, XXI əsrin əvvəllərindən Azərbaycanda başlanmış inkişaf onilliklərini əsrlər sonranın tarixçiləri ümumi bir simvolla ifadə etmək istəsələr, buna hansı rəmz daha uyğun gələr?!

Və axtardığımı tez də tapdım.

Məhz YOL...

Çünki bu dövrə hansı səmtdən baxırsan-bax, yollar görünür...

Tariximizdən, ictimai şüurumuzdan, keçmişdən, bugündən gəlib gələcəyə doğru aparan bütün yollar bu dövrdə qovuşur...

Azərbaycanı zamanın ağır təlatümlərindən xilas etmiş, ümummilli lider, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi demokratik, hüquqi dövlət quruculuğu Yolu...

Ötən əsrin 80-ci illərinin sonlarından hər bir vətəndaşımızın həyatında ağır çətinliklər, cansıxıcı güzəran qayğıları ilə yaşanmış keçid dövründən sonra Prezident İlam Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz gələcəyinə doğru irəlilədiyi aydın, düz, hamar inkişaf Yolu...

Ölkənin mərkəzində də, ucqarlarında da minilliklərlə ölçülən tariximizin heç bir dövründə olmadığı qədər çəkilən, abadlaşan, vətənin köksündə nəcib bir əməlin altına atılmış imza misalı uzanıb gedən və hər addımında bu rahatlığa səbəb olmuş əməl sahibinə bir ümman alqış qazandıran, dünyadan keçmişlərinin ruhuna rəhmət oxudan yollar...

 

***

 

Bir neçə həftə əvvəlin sözüdür.

Lənkərandakı doğmalarımızdan həyəcanlı xəbər aldıq. Dedilər ki, böyük bacım...

Vəziyyəti qəfildən çox fənalaşmışdı...

Yubanmadan son dəqiqələrinə tələsməli idik...

Ailəlikcə avtomobilə əyləşib yola düşdük. Ürək həyəcanla döyünəndə yol adama olduğundan da uzun görünür.

Amma yeni istifadəyə verilmiş Ələt-Astara avtomobil yolu ilə məsafəni, demək olar ki, hiss etmirdik. Avtomobil irəliyə doğru şütüdükcə önümüzdə açılan mənzərəni bütün varlığımla duymağa, ata yurdundan aldığım qüssəli xəbərin ağırlığını, az da olsa, qəlbimdən atmağa çalışırdım.

Ortasında dəmir-beton baryerlər qoyulmuş bu yolun dörd zolağının avtomobillərin rahat, təhlükəsiz hərəkətinə necə gözəl şərait yaratdığını bu yolu gedib-gələnlər yaxşı bilirlər.

İranla dövlət sərhədimizəcən uzanan yolun ümumi uzunluğu əvvəllər 243 kilometr idi. İndi isə Ələt-Astara avtomobil yolu 38,4 kilometr qısalaraq 205 km olub. Bu yolun böyük hissəsi çöl-biyabanlıqda çəkilib. Əvvəllər məskunlaşma olmadığından burada, təbii ki, yol da olmamışdı. Üstəlik, yeni magistralın bir hissəsi bataqlıq və göl ərazilərindən keçir. Ona görə də yeni yolun yatağının tikintisindən ötrü bura uzaq məsafələrdən maşın-maşın qaya və daş parçaları daşıyıb gətiriblər.

Səliqə-sahmanlı, abad və təhlükəsiz, hər detalına xüsusi diqqət yetirildiyi ilk baxışdan görünən yola tamaşa etdikcə düşünürdüm ki, ey insan əli, həqiqətən, sən nələrə qadirmişsən?!

 

***

 

Həyatda hamı kimi, bəzən fərəhli, bəzən kədərli elə anlarım olub ki, ürəyimə əbədi yazılıb, yaddaşımın dərin qatlarında həkk olunub. Zaman keçdikcə onları dəftər-kitablara köçürməyə çalışmışam. O anlar tale yollarımın ayrı-ayrı epizodlarıdır.

Birinci sinfə gedəndə anam "Yolun açıq olsun, bala!” deyib arxamca bir parç su atmışdı. Əlində su dolu parç qapımızın önündə dayanmış anamın surətindəki ümid heykəli indiyə kimi gözlərimin önündədir...

Aradan illər ötüb-keçdi. Ali təhsil ardınca yola çıxdığım an anam yenə də arxamca su çilədi, dilinin doğma dualarını eşitdim. Aradan illər keçdi, işimlə bağlı Bakıya yığışdım.

Analı dünyam da bitmişdi artıq...

Bu doğma varlıq köçünü sürüb dünyadan getmişdi. Amma yerində ana əvəzi böyük bacım vardı. Hər dəfə Lənkərana gedib-gələndə bacım arxamca su atardı. Və intizarla növbəti gəlişimi gözləyərdi...

...O gün də ölüm yatağında bacımın gözləri yol çəkirdi.

Sevimli qardaşı ilə əbədi vidalaşmaq üçün əcəldən dəqiqələr möhlət istəyən bacımın...

Əgər yolumuz bir neçə dəqiqə uzansaydı, bacım yol gözləyən nisgilli gözləri ilə köçəcəkdi bu dünyadan. Mən də bu möhnəti ömrün sonuna qədər qəlbimdə daşımalı olacaqdım.

Amma yetişdik...

Yol bizi bacımın son anlarına çatdırdı, halsız əllərindən tutdum, halallaşdıq, baxışlardakı nisgil əridi elə bil, mələk simasına çökmüş narahat ifadə əbədi sakitliyə çevrildi. Və son dəqiqələrində bacımın yanında ola bilməyim bu fani dünyadakı ayrılığımızın ən böyük təsəllisi oldu.

Şükür qovuşdurana...

Məni bu dünya ilə vida anlarında bacımla son görüşə vaxtında yetirmiş o rahat yolun çəkilməsində əməli olan hər kəsə, ələlxüsus bu böyük işə sərəncam verib qol qoymuş EL KİŞİSİNƏ - möhtərəm Prezidentimizə qəlbimdə əbədi minnətdarlıq borcu var.

Hər gün bu yollarla gedib-gələn, uzağı yaxın, müşkülü asan, çətin işi avand olan, sevdiklərinə qovuşan yüz minlərlə insan kimi...

 

***

 

...Yol çəkdirməyin, körpü salmağın, əlini daşın altına qoyub el üçün nəsə faydalı bir iş görməyin ən böyük savab olduğunu uşaq vaxtlarımdan böyüklərdən çox eşitmişəm. Sonralarsa "Dəyirmana gedən yol” adlı hekayəmdə uşaq vaxtı şahidi olduğum bir əhvalatı bədii qəhrəmanımın dilindən belə qələmə almışdım:

"...O zaman uşaq idim. Altı-yeddi yaşım ancaq olardı. Yadımdadır, bir gün ağsaqqallar kəndimizin çayı üstündə tikilən dəyirmana yol çəkməyi qərara aldılar. Təzə yol. Bərəkət yolu... Çörək yolu... Günlər ötdükcə o da uzanırdı. Ancaq bir dəfə soyuq bir xəbər hər şeyi buza çevirib dondurdu.

Yol yarımçıq qaldı.

Müharibə başlamışdı...

Atam bizi - anamı, məni və üç yaşlı körpə bacımı başsız qoyub getdi. Kişilər gedəndən sonra yol da yaddan çıxdı, təzə dəyirman da... Aylar ötürdü. Dərdimizin üstünə dərd qalaqlanırdı. Süfrəmiz yavaş-yavaş boşalır, qüvvəmiz tükənirdi... Ürəyimizdəki inam isə hələ yaşayırdı...

Anam işdən gələndən sonra məni özü ilə götürüb dağlara, meşələrə aparırdı. Tez-tələsik yığdığımız göyərtilərdən axşam yemək bişirərdi.

...Qış yenicə girmişdi. Müharibənin üçüncü qışı. Evimizdə çörək tükənmişdi. Anam ehtiyat üçün yaydan saxladığı bir neçə balqabağı qənaətlə bişirirdi. Bir gün o da qurtardı. Biz acından qanadı sınmış körpə quşlar kimi büzüşdük. Odunumuz da qurtarmışdı. Aclıq və soyuq... Eh, dərd dərd üstə gəlməsə, bir dərdə nə var ki...

Bir gün bacım - körpə qızcığaz xəstələndi. Uşaq hey ağlayır, qızdırma içində yanırdı. Sanki öz kiçik bədəninin hərarəti ilə bizim ocaqsız evimizi isitmək istəyirdi. Zavallı iki gündən sonra öldü. Yarımçıq dəyirman yolunun başlanğıcında basdırdılar... Bir neçə aydan sonra isə atamdan əbədi olaraq ümidimizi üzdük.

Müharibə qurtardı. Salamat qalanlar qayıtdı. Ölənlərin ancaq bir parça "qara kağız”ı gəldi. Müharibə qurtaran ili dəyirmana gedən yol da kol-kosdan, ot-ələfdən təmizləndi. Yolu çəkib mənzil başına çatdırdılar.

İndi yolun başlanğıcında bir daş ucalır. Mərmər başdaşı. Bu daş donmuş körpə beşiyini xatırladır. Hər iki tərəfində isə geniş sahəni tutan taxıl zəmisi uzanıb gedir. Sünbülləri ahəstə-ahəstə yırğalanır. Sanki daş beşikdə uyuyan körpəyə şirincə layla çalır...”

Hekayəm ananın arzusu ilə bu sonluğla bitirdi: "Qoy dəyirmana gedən yollara heç vaxt ot-ələf, kol-kos ayaq aça bilməsin. Qoy o yollarda işıqlar yansın, salxım-salxım işıqlar... Çinarlar ucalsın. Qatar-qatar çinarlar... Maşınlar ötsün. İçi çörək dolu maşınlar, taxıl dolu maşınlar... Qoy bu yollara mərmər döşənsin, amma kənarlarında mərmər başdaşılar ucalmasın!..

 

***

 

Bu gün Azərbaycanın bütün bölgələrində göz önündə açılan inkişaf mənzərələri, uzanıb gedən hamar yollar o ananın başa varmış dualarıdır.

Yeni yollar o torpaqlara həyat gətirir, bərəkət gətirir. Vətənin yüzillərlə yolsuz-yolağasız qalıb, inkişafdan geri düşən ucqarlarını, bu ucqarların sakinlərini min bir çətinlikdən çıxarıb sivilizasiyaya, rifaha qovuşdurur.

Bu, Azərbaycanın dövlət müstəqilliyinin gücüdür...

Bu, müstəqillik ağacının meyvələridir...

Guya insanların sosial həyatı qayğısına qalan sovet hökuməti onillər ərzində əyalətlərimizdə düz-əməlli yol çəkə bilməmişdi. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda nələr qurulub yaradılmışdısa, bunlar da xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin mərkəzlə sözün əsl mənasında, döş-döşə gələrək, ortaya mətin iradə qoyaraq keçirə bildiyi dövlət proqramlarının, sosial-infrastruktur layihələrinin sayəsində idi.

Yaxşı xatırlayıram ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə respublikamızda yolların təmirinə və təminatına ayrılan vəsait, kapital qoyuluşu həmin dövrün şərtləri daxilində nə qədər mümkün idisə, artırılmışdı. 1980-ci ilə qədər bütün dövlət əhəmiyyətli yollara asfalt-beton örtüyün döşənməsinə başlanmışdı. Ümummilli lider Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrinə diqqət və qayğı ilə yanaşdığı kimi, ölkənin yol infrastrukturunun dəyişdirilməsi, yollarımızın rahat və təhlükəsiz olması üçün də var qüvvəsi ilə çarpışırdı. Bundan ötrü mərkəzə ardı-arası kəsilmədən proqramlar, əsaslandırmalar təqdim edirdi, layihələrin keçməsi üçün şəxsi nüfuzunun gücünü işə salırdı və böyük əziyyətlər hesabına istəklərinin bir qisminə nail ola bilirdi.

Amma sovet dövründə bu əzab-əziyyətlərə, Heydər Əliyev şəxsiyyətinin gücünə rəğmən yenə də hansısa kabinetlərdə, masalarda icrasına maneə yaradılan, önünə daş yuvarladılan layihələr də az deyildi axı...

Ona görə Azərbaycanın bir çox bölgələri illərlə abad yolsuz, işıqsız, qazsız, susuz, rabitəsiz, məktəbsiz qalmışdı. İndi isə müstəqil Azərbaycan dövləti hətta mümkünsüzü mümkünə çevirir. Yol üzünə həsrət kəndlərə yollar çəkilir. Qaz, su, işıq, rabitə intizarında olan məkanların çətinliyi yoluna qoyulur. Normal, səliqə-sahmanlı, işıqlı bir məktəb arzusunda olan körpələrin şirin yuxusu çin çıxır.

Azərbaycanın ən ucqar regionlarında da hər bir vətəndaş dövlət əlinin qayğısını öz gündəlik güzəranında, rahatlaşan həyatında, minvalına düşən iş-gücündə duyub hiss edir, müstəqillik nemətinin şirin tamını duyur.

 

***

 

Azərbaycan Prezidenti ölkəmizin bütün bölgələrinə vaxtaşırı səfərləri ilə göstərir ki, vətənin hər bir guşəsi onun nəzər-diqqətindədir. Bütün bölgələrimizin qayğıları o bölgələrdə yaşayan insanlar qədər, onun da gündəlik qayğılarıdır, iş masasının üzərindədir, məmurlara verdiyi cari tapşırıqlardadır, onlardan tələb etdiyi günlük hesabatlardadır.

Yerlərdə mövcud olan sosial çətinliklərin aradan qaldırılmasına o da həmin çətinliklərlə hər gün üzləşən insanlar qədər cani-dildən çalışır və onların həlli üçün real addımlar atır.

Dövlət rəhbərimizin fərman və sərəncamlarını, bölgələrimizə səfərlərini əks etdirən kadrları, çıxışlarını mütəmadi izləyən hər kəs burada Azərbaycan adlı doğma elimiz-evimizlə yanaşı, öz ata-baba yurdunu, ilk dəfə ayaq tutub dünyaya doğru yola çıxdığı kənd-kəsəyini, el-obasını da mütləq görür. Doğulduğu ən ucqar kəndin, qəsəbənin də adını günlərin birində Prezident sərəncamlarında, dövlət rəhbərimizin əyalətlərə səfərlərini əks etdirən reportajlarda oxuyur.

O yerlərin dövlət əlinin hərarəti ilə necə dirçəldiyinə, dəyişdiyinə, abadlaşdığına, müasirləşdiyinə şahid olur.

 

***

 

Cənab İlham Əliyev son illər təkcə elə Lerik rayonuna dörd dəfə səfər edib. Bu il oktyabrın 15-də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən dağ kəndlərinə yol çəkilişindən bəhs edərək dedi: "...Bu gün mən buraya gələrkən yeni kənd yolunun açılışını etdik. Uzunluğu 20 kilometrdən çox olan, bir neçə kəndi birləşdirən, 11 min əhaliyə xidmət göstərən yeni kənd yolu açılıb. Kənd yollarının yenidən qurulması baxımından Lerik Azərbaycanda ən qabaqcıl yerlərdədir. Mənə verilən məlumata görə, son illərdə görülən işlər nəticəsində Lerik rayonunun kəndlərinin 88 faizi müasir yollarla əhatə edilib və yeni layihə, - o da təqribən uzunluğu 20 kilometrdən çox olan kənd yolu layihəsi, - gələn ilin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulub və gələn il biz o yolu da tikəcəyik, vətəndaşların sərəncamına verəcəyik...”

 

***

 

Dövlət rəhbərinin bu sözlərində mən böyük dünyaya doğru başlanan öz doğma yolumu da gördüm. O yolu ki, tez-tez yuxularıma girir.

Üç-dörd yaşlarım olanda biz doğulduğum Nuravurd kəndindən o yolla piyada, addım-addım irəliləyib rayon mərkəzinə - Lerikə gəldik. Ordan da maşınlarla Lənkərana gəldik və yolun çala-çuxurunun, toz-torpağının bizə, ata-anama çəkdirdiyi əziyyətlər indiyə kimi canımda idi...

Lerik rayonunun Nuravurd kəndi hər tərəfdən uca dağlarla əhatə olunmuş qartallar məskənidir. Kənd ilin bütün fəsillərində əzəli ilkinliyini qoruyub saxlayır. Yolu düşənlər, oralara getməsələr də, ssenarim əsasında çəkilmiş "Durnalar qayıtdı” bədii televiziya filminə baxanlar təbiətin bu yerlərdən öz səxavətini zərrə qədər əsirgəmədiyini görüblər.

Amma təbii gözəllikləri qədər bu kəndin sosial çətinlikləri də çox idi.

Relyef şəraiti çətinlik yaratdığından sovet dönəmində bu kəndə qaz xətti və yol çəkilməsi problem olmuşdu, sakinlərin arzuları gözlərində qalmışdı. Və budur, 2013-cü ildə DÖVLƏT BABA bu işə əncam etdi...

124 abonenti olan Nuravurd və Zərdəbərə kəndlərinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında, ümumi uzunluğu 16042 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildi.

Bu, adamın heç xəyalına da gəlməzdi. Ona da inanmaq olmazdı ki, uca dağların, sıldırım qayaların əhatəsində yerləşən Nuravurd kimi kəndlərə nə vaxtsa asfalt yollar çəkilsin, bu kəndlərə avtomobillə cəmi bir neçə dəqiqə ərzində yetişmək mümkün olsun.

Amma bu da mümkünləşəcək. Gələn il başqa dağ kəndlərimiz kimi, Nuravurd kəndinə doğru da şərid kimi asfalt yol uzanacaq...

Azərbaycan dövləti, Azərbaycan Prezidenti öz vətəndaşının rifahı, rahat həyatı, ölkəmizin bugünü və gələcəyi üçün hətta mümkünsüzü də mümkün etməyə qadir olduğunu göstərir.

Bu, təkcə son bir neçə ildə Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Dəmirçi-Lahıc, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə, Ələt-Astara və digər avtomobil yollarını büsbütün yenidən quran, ölkənin yol infrastrukturunun mənzərəsini dəyişən dövlətdir. Bunlar hələ yadıma düşənlərdir, internetdə apardığım səthi axtarışlardan qarşıma çıxan cüzi məlumatlardır. Hələ yada salıb bu yazıda qeyd edə bilmədiyim nə qədər tamamlanmış yol layihələri var.

Bu o dövlətdir ki, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə ümumən regionu sosial-iqtisadi inkişaf məkanına çevirib. Bu əraziləri bütün dünyanın barınmağa can atdığı bir mərkəz halına gətirib.

Bu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən "İpək yolu” beynəlxalq layihəsi ilə, cənab İlham Əliyevin əfsanədən reallığa çevirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə dünyanın Şərqindən Qərbinə sivilizasiya körpüsü salan dövlətdir.

Belə bir gücün, qüdrətin, bacarığın qarşısında balaca bir Nuravurd kəndinə yol çəkmək nədir ki?!.

 

***

 

Azərbaycanın ən hündür yaşayış məntəqəsi olan Xınalıq kəndinə Qubadan 57 km uzunluğunda asfalt yolun istismara verildiyi gün xatirinizdədirmi?!

Bu yol onun sağında-solunda yerləşən nə qədər kənd üçün, minlərlə ev üçün, o evlərdə yaşayan insanlar üçün rifah deməkdir, Azərbaycanın füsunkar guşələrindən olan bu yerlərə ardı-arası kəsilməyən turist axınıdır, bu torpaqların firavan gələcəyidir.

Yolun açılış mərasimi günü dövlət başçımız şəxsən özünün idarə etdiyi avtomobillə, el üçün gördüyü işlərdə ən yaxın silahdaşı olan Mehriban xanımla birgə Xınalığa gəldi...

Kənd sakinləri ilə görüşü zamanı dövlət başçımızın söylədiyi bu kəlmələrdə xeyirxah bir əməlin, gözəl bir işin insana bəxş etdiyi məmnuniyyət duyğusu vardı: "İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr... Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşı hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi...”

Bu sevincdən sonrakı illərdə Azərbaycanın müxtəlif ucqarlarındakı milyonlarla vətəndaşımıza da pay düşdü. Təkcə magistral və şəhərlərarası yollar deyil, bir çox kəndarası yollar da ən qabaqcıl standartlar səviyyəsində yenidən quruldu, abadlaşdı. Son on beş ildə ölkədə 11 min kilometrdən uzun avtomobil yolu tikilərək istifadəyə verildi.

Paytaxt Bakıda və ətraf qəsəbələrdə də bu istiqamətdə tarixi işlər görüldü və yenə görülməkdədir. Getdikcə müasirləşən, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakıda bir neçə il əvvəlki vəziyyət hamımızın yadındadır.

İnsanların həyat şəraitinin yaxşılaşması, hər kəsin avtomobil almaq imkanı qazanması şəhərdə nəqliyyatın intensivliyini getdikcə artırırdı. Bu da az avtomobil sayına hesablanmış küçə və yollarda kəskin tıxaclar yaradırdı. Təbii ki, bu ciddi problem Prezidentimizin diqqətindən kənarda qala bilməzdi. Dövlət rəhbəri nəqliyyat tıxaclarının ən çox yarandığı yerlərdə vəziyyətlə tanış olduqdan sonra bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqram hazırlanması barədə tapşırıq verdi. Beləliklə, Prezidentin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açdı.

Paytaxtda çox qısa müddətdə 60-dan artıq yolötürücü, tunellər tikildi. Yeni yollar, müxtəlif yaşayış massivlərini əsas magistrallara qovuşduran "damarlar” çəkildi. Nəqliyyat sistemində gərginlik xeyli azaldı. Üstəlik, bu yeni yol infrastrukturu əvvəldən də qənirsiz gözəl olan paytaxtımızın simasına əlavə yaraşıq qatdı. Milli memarlıq ənənələri və müasir texnologiyalar əsasında inşa olunan, cəlbedici görkəmə malik bu qurğular nəqliyyat sahəsindəki məqsədyönlü siyasətin real nəticələridir.

 

***

 

Mərkəzi şəhərlərdə davam etdirilən yol infrastrukturu layihələri ilə yanaşı, cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəlib.

Ötən ilin yanvarında Nazirlər Kabinetinin Prezidentin sədrliyi ilə keçirilən iclasında kəndlərarası "40 yol” layihəsinin icrası müvafiq qurumlar qarşısında mühüm vəzifə kimi qoyuldu. Cənab İlham Əliyev həmin iclasda dedi: "Bu il 40 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yəni 40 layihə, ən azı 40 kənd yolu layihəsi - əlbəttə ki, kəndlərin sayı daha çox olacaq, çünki hər bir layihə bir neçə kəndi birləşdirir - ən azı 40 layihə bu il icra ediləcək və lazımi səviyyədə vəsait də bu məqsədlər üçün ayrılacaq. Bu həm insanların rahatlığı deməkdir, həm də kənd təsərrüfatının inkişafı üçün lazımdır”.

Hazırda bu tapşırıq ardıcıl şəkildə yerinə yetirilir. Regionlar üzrə avtomobil yollarının, körpülərin tikintisi uğurla davam etdirilir. Azərbaycan Prezidenti cəbhə bölgələrində avtomobil yollarının tikintisini də xüsusi diqqətdə saxlayır.

Azərbaycan Ordusunun 2016-cı ilin aprelində düşmən üzərində qazandığı zəfərdən sonra təhlükədən xilas olub öz normal həyatına dönən Cocuq Mərcanlıya qısa müddət ərzində çəkilmiş yol buna bir nümunədir. İlham Əliyevin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən, "Azəravtoyol” ASC-nin işçiləri Cocuq Mərcanlıya gedən 9 kilometr uzunluğunda yolu tez bir zamanda bərpa etdilər. Yeni qurulmuş bu yol Cocuq Mərcanlı ilə yanaşı Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli və İmamverdi kənd sakinlərinin də gediş-gəlişini xeyli yaxşılaşdırdı. Dövlət rəhbərimiz Cocuq Mərcanlıya gedən yolu yenidən qurmaqla Azərbaycanın qələbəyə doğru yolunu açdı.

Və bu saleh əməlin rəmzi mənası ilə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan dövləti çox tezliklə düşən tapdağı altındakı digər yurdlarımızı da işğaldan azad edəcək. O yurdlara aparan yollar qəlbimizin sevgisi ilə ot-ələfdən, kol-kosdan, daş-kəsəkdən təmizlənəcək, abadlaşdırılacaq, genişləndiriləcək, bizi yol gözləyən ocaqlarımıza, doğmalarımızın narahat ruhlarına qovuşduracaq, illərdir doğma əllərin sığalına, kotana, toxuma həsrət torpaqlara yenidən bərəkət gətirəcək, can verəcək...

 

***

 

Məhəmməd Peyğəmbərin hikmətlərindəndir: "Yolu sahmana salan adam savab qazanır”...

Azərbaycan dünyagörüşündə yol hər zaman müqəddəs tutulub. Bəlkə də dünyada yeganə toplumuq ki, yola hətta and içirik.

Uşaqlığımdan bəri müxtəlif insanların dilindən "O yol haqqı” andını o qədər eşitmişəm ki...

Və bu, əsla təsadüfi deyil. Çünki ulularımızdan üzü bəri yol bizim üçün həmişə həyat qaynağı olub, bizi məqsədlərimizə doğru aparan, ömrümüzü bərkdən-boşdan çıxaran, dostumuzu-düşmənimizi tanıdan, pisi yaxşıdan ayırmağımıza kömək göstərən ali dəyər sayılıb.

Yol bizim üçün əxlaqdır, mənəviyyatdır, əqidəmizə, hədəflərimizə dönük çıxmamaqdır...

Yol bizim üçün haqdır, ədalətdir, sadiqlikdir...

Bu gün İlham Əliyevin insanlarımız üçün çəkdirdiyi, abadlaşdırdığı, xalqla çiyin-çiyinə, ürək-ürəyə addımladığı bütün yollar bir böyük yolda birləşir...

Bu, Heydər Əliyevin müəyyən etdiyi mənəvi yoldur!..

Azərbaycanın milli dövlətçilik yoludur, bizi öz milli hədəflərimizə aparan yoldur!..

Azərbaycanın istənilən məkanından başlanan bütün yollar bizi bu yolda qovuşdurur, bu yolda birləşdirir, bu yolda bütünləşdirir...

Ona görə belə uğurludur bu yollar, belə rəvandır, ardıcıldır, xeyir-bərəkətlidir, aydındır...

Yolun hər zaman aydın olsun, Azərbaycan!..

Yolun hər zaman açıq olsun, cənab PREZİDENT!..

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2018.- 22 dekabr.- S. 1; 4.