Azərbaycanda dünyanın ən modern
neft emalı infrastrukturundan biri açıldı
Heydər Əliyev adına Bakı
neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin
birinci mərhələsi
çərçivəsində inşa edilən yeni bitum qurğusunun
və maye qazdoldurma məntəqəsinin
dekabrın 21-də açılış
mərasimi olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət Neft Şirkətinin
– SOCAR-ın prezidenti Rövnəq Abdullayev görülən işlərlə
bağlı dövlətimizin
başçısı İlham
Əliyevə məlumat
verdi.
Bildirildi ki, bitum qurğusu istismara verildikdən sonra burada illik
istehsal 250 min tondan 400
min tona çatdırılacaq. Bu həcm
ölkədaxili tələbatın
təminatı üçün
nəzərdə tutulur.
Bu qurğuda "PEN 40-60” markalı
yüksək keyfiyyətli
bitum istehsal ediləcək. Növbəti mərhələlərdə
AVRO-5 standartına cavab
verən dizel və benzin yanacağının istehsalı
nəzərdə tutulur
və artıq bu istiqamətlərdə də işlər tam sürətlə davam etdirilir.
Heydər Əliyev adına Bakı
neft emalı zavodunda yenidənqurma işlərinin aparılması,
həmçinin keçmiş
"Azərneftyağ” neft
emalı zavodunun ərazisinin mərhələli
şəkildə boşaldılaraq,
"Ağ şəhər”
layihəsinə təhvil
verilməsi nəzərdə
tutulduğundan, yeni bitum istehsalı qurğusunun tikintisi zəruri idi. Bitum qurğusu 7,7 hektar ərazini
əhatə edir. Qurğunun tikintisi zamanı 150 min kubmetrə
yaxın torpaq işləri görülüb,
650 tondan çox metal
konstruksiyadan, 530 tondan
çox borudan istifadə olunub. 2016-cı ildə Avstriyanın "Poerner” şirkəti ilə yeni bitum qurğusunun
inşası üzrə
detallı layihələndirmə,
satınalma və tikintinin idarə edilməsi müqaviləsi
imzalanıb. 2017-ci ilin aprel ayından
tikintinin podratçısı
"Azfen” şirkəti
tərəfindən qurğunun
inşasına başlanılıb.
Tikinti prosesinə 400 yerli işçi və mütəxəssis cəlb
olunub. Layihə qrafikə uyğun
başa çatdırılıb.
Maye qazdoldurma
stansiyası 7 avtoçənə
və 5 çən vaqona yükləmə qolundan ibarətdir. Bu məntəqədən
il ərzində 180
min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın
avtoçən və
dəmir yolu, 178 min
ton butan-butilen fraksiyasının
isə boru xətti, lazım olduğu təqdirdə avtoçən və ya dəmir yolu
ilə nəqli nəzərdə tutulub. Propan-propilen və butan-butilen fraksiyaları "Azərikimya”
İstehsalat Birliyinin müəssisələrində xammal kimi işlənəcək,
əmtəə məhsulu
kimi isə məişətdə və
nəqliyyat vasitələrində
istifadəsi üçün
satışa çıxarılacaq.
Prezident İlham Əliyevə Heydər Əliyev adına
Bakı neft emalı zavodunda aparılan yenidənqurma və modernləşdirmə
layihəsi barədə
məlumat verildi. Ulu Öndərin adını
daşıyan neft emalı zavodunun modernləşdirmə layihəsi
tarixi əhəmiyyətə
malikdir. Layihə tamamlandıqdan
sonra bu zavod ölkəmizi yüksək keyfiyyətli
yanacaqla təmin edəcək, Azərbaycanın
ixrac potensialını
artıracaq və ölkəmizin regiondakı
mövqeyinin daha da möhkəmlənməsinə
xidmət göstərəcək.
Artıq
bu mühüm və tarixi layihənin ilkin mərhələsi tamamlanıb.
Modernləşdirmə layihəsinin yekunlaşan
birinci mərhələsi
üç əsas hissədən ibarətdir.
Bu hissələrə yeni bitum qurğusu
ilə yanaşı, maye qazdoldurma stansiyası və sonrakı mərhələlərdə
tikilməsi nəzərdə
tutulan qurğuların
yerləşəcəyi ərazilərdə
söküntü və
təmizləmə işlərinin
aparılaraq inşaat
üçün hazırlanması
daxildir.
Sonrakı mərhələlərdə
tikilməsi nəzərdə
tutulan 8 əsas qurğunun yerinin köhnə qurğulardan təmizlənməsi, modernləşdirmənin
ümumi gedişatı
üçün mühüm
məsələ olan torpaq tədqiqat işlərinin görülməsi
və ərazinin tikinti-quraşdırma üçün
hazırlanması da artıq öz həllini tapıb.
Heydər Əliyev adına neft
emalı zavodunda yenidənqurma işləri
3 mərhələdə icra
olunur. Layihənin
2020-ci ilin sonunadək
planlaşdırılan ikinci
mərhələsində AVRO-5 keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin birinci yarısına nəzərdə tutulan üçüncü mərhələdə
isə eyni keyfiyyət standartına cavab verən A-92, 95 və 98 benzin məhsullarının istehsalı
üçün müvafiq
yeni qurğuların inşası həyata keçiriləcək. Aparılacaq
işlər zavodun illik emal gücünü
7,5 milyon tona çatdırmaqla
"Azərikimya” İstehsalat
Birliyinin xammalla təchizatının sabit
şəkildə təmin
edilməsinə imkan verəcək. Zavodda aparılan yenidənqurma
işləri daxili bazarın yüksək keyfiyyətli yanacağa olan tələbatını
tam ödəyəcək, bununla
yanaşı, Bakıda
karbon emissiyasının
miqdarının azalmasına,
ekoloji vəziyyətin
yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
Prezident İlham
Əliyev yeni bitum qurğusunu işə saldı.
Yeni qurğu
enerjiyə daha çox qənaət etməklə, ekoloji durumun yaxşılaşdırılmasına,
zavodun istismar xərclərinin optimallaşdırılmasına
mühüm töhfə
verəcək. Bu qurğunun
istismara verilməsi nəticəsində əsasən
yol inşaatında istifadə olunan asfalt-bitum maddəsinin keyfiyyəti yüksələcək.
Asfalt örtüyünün mühüm
tərkib hissəsi olan bitum dünyada
həm də boya və mürəkkəb
istehsalında, kabel, boru, dam və digər səthlərin izolyasiya və germetikliyinin təmin edilməsində, müxtəlif
inşaat işlərində
istifadə olunur.
Azərbaycan.- 2018.- 22 dekabr.-
S. 1; 2.