Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

 

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə məqsədyönlü tədbirlərin görüldüyü vurğulanıb. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin keçirilməsi, insanların məhkəmələrə müraciət imkanlarının asanlaşması, “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının nüfuzlu beynəlxalq təsisatlar tərəfindən təqdir olunduğu bildirilib.

Məhkəmə infrastrukturunun müasirləşdirilməsində dövlətimizin başçısının yüksək dəstəyi qeyd olunub. Yeni inşa edilən və ən müasir texnologiyalarla təmin olunmuş müasir məhkəmə bina və komplekslərinin açılışında Azərbaycan Prezidentinin şəxsən iştirakının məhkəmə hakimiyyətinin möhkəmləndirilməsinə dövlət qayğısının bariz nümunəsi olduğu vurğulanıb.

İclasda Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamları ilə hakimlərin və Məhkəmə-Hüquq Şurası üzvlərinin bir qrupunun “Əməkdar hüquqşünas” fəxri adına layiq bilinməsi, habelə orden və “Tərəqqi” medalı ilə təltif edilməsi qeyd olunub.

Tədbirdə həmin təltiflər təntənəli surətdə təqdim edilib. Dövlət təltiflərinə layiq bilinmiş şəxslər çıxışlarında onların fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısı İlham Əliyevə sonsuz ehtiramlarını ifadə edib, bunun böyük məsuliyyət hissi yaratdığını, məhkəmə hakimiyyətinin inkişafı naminə daha fədakarlıqla çalışmağa ruhlandırdığını bildiriblər.

Eyni zamanda, Məhkəmə-Hüquq Şurasının iclasında səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib. Dörd məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub. Bundan başqa, 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun bilinib.

Qeyd olunub ki, ölkəmizdə hakimliyə namizədlərin Avropada nümunə kimi göstərilən obyektiv seçimi nəticəsində 800-dən çox namizəd sırasından 108 hüquqşünas çoxmərhələli imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlimləri və məhkəmələrdə, habelə Türkiyədə və Avropa Məhkəməsində stajkeçməni uğurla başa vurub.

 

Azərbaycan.- 2018.- 22 dekabr.- S.2.