Navid Həsən Naqvi: “Dünya Bankı Azərbaycanla
əməkdaşlıqdan məmnundur”
Dekabrın 21-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Dünya Bankının nümayəndələri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən komitə sədri Ziyad Səmədzadə Dünya Bankı ilə Azərbaycan arasında çox sıx və faydalı əməkdaşlıq əlaqələrinin olduğunu, bu münasibətlərin ildən-ilə genişləndiyini xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına xüsusi önəm verib.
Ziyad Səmədzadə qeyd edib ki, ölkəmizdə iqtisadi islahatların qanunvericilik bazası kifayət qədər təkmildir. Bu qanunlar hazırlanarkən həm Dünya Bankının, həm digər beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınıb. Eyni zamanda, Dünya Bankının və ölkəmizin milli maraqları nəzərə alınmaqla bir sıra normativ aktlar qəbul edilib.
Bu gün Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş ölkə kimi tanındığını qeyd edən Ziyad Səmədzadə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.
Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas xəttini qeyri-neft sektorunun inkişafı, innovativ iqtisadiyyatın qurulması təşkil edir.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi ölkəmizin müstəqilliyini bərpa etdikdən sonrakı dövr ərzində çox böyük uğurlar əldə etdiyini bildirib. O qeyd edib ki, Dünya Bankı Azərbaycanla əməkdaşlıqdan məmnundur.
Görüşdə Dünya Bankının Azərbaycanda səhiyyə
sistemi, Mingəçevirdə və Yevlaxda icbari tibbi sığorta ilə bağlı pilot layihə haqqında hesabatlarının təqdimatları
olub. Qeyd edilib ki, Azərbaycanda səhiyyə
sahəsində çox böyük
nailiyyətlər əldə edilib. Mingəçevir
və Yevlaxda icbari tibbi sığorta ilə bağlı pilot layihə insanların tibbi
yardım üçün ödədiyi məbləğin
xeyli azalmasına səbəb olub.
Azərbaycan.-
2018.- 22 dekabr.- S.2.