Milli Kitabxanada Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimatı olub

 

Dekabrın 21-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunmuş görkəmli yazıçı və böyük ədəbiyyatşünas Mir Cəlal Paşayevin "Ədəbi tənqid (1931-1974)” və "Publisistika (1926-1977)” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq bu il ərzində Mir Cəlal Paşayevin yaradıcılığı ilə bağlı bir neçə silsilə tədbirin keçirildiyini bildirib. Qeyd edib ki, ədibin irsi nəinki Azərbaycanda, həmçinin dünyada müəyyən elmi araşdırmaların, tədqiqatların aparılmasına səbəb olub.

Təqdimat mərasimində Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmipedaqoji fəaliyyətindən və nəcib insani keyfiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük ədib və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda qələmə aldığı əsərləri həm mövzu zənginliyi, həm də dilüslub xüsusiyyətləri ilə diqqəti cəlb edir, böyük maraq doğurur. "Mir Cəlal müəllim xoşbəxt yazıçı idi, ona görə ki, sovet sisteminə deyil, ədəbiyyata xidmət edirdi. Bugünkü oxucuların - müstəqil Azərbaycan vətəndaşlarının psixologiyası və tələbləri fərqli olsa da, Mir Cəlalın əsərləri indi də sevilə-sevilə oxunur. O, həm də xoşbəxt ədəbiyyatşünas alim idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yenə də sistemə deyil, Azərbaycan ədəbiyyatı tarixinə xidmət edirdi. O, həm də xoşbəxt pedaqoq idi. Çünki pedaqoji fəaliyyətini komsomolpartiya ideologiyasına deyil, Azərbaycan xalqı üçün gərəkli oğullar yetişdirməyə həsr etmişdi”.

Tədbirdə çap olunan kitabların elmi məsləhətçisi, akademik Nizami Cəfərov, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Xalq şairi Nəriman Həsənzadə, professorlar Asif Rüstəmli, Şirindil Alışanlı və başqaları çıxış edərək kitabın elmi məziyyətlərindən, görkəmli yazıçının alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özünəməxsusluğundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, kitablarda Mir Cəlal Paşayevin indiyədək ayrıca kitab şəklində çap olunmayan ədəbi-tənqidi və publisistik məqalələri külli halında toplanaraq oxuculara və tədqiqatçılara təqdim olunur.

Sonda alimin ailəsi adından oğlu, "ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

 

Azərbaycan.- 2018.- 22 dekabr.- S.10.