Ali jurnalistika təhsilinin korifeyi

 

2011-ci ildə unudulmaz müəllimimiz Nəsir İmanquliyevin 100 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu görkəmli mətbuat xadiminin biblioqrafiyasının hazırlanması barədə qərar qəbul edilmişdi. Həmin çox vacib rəhbərlik etdiyim Jurnalistika Elmi Tədqiqat Laboratoriyasına tapşırıldığında böyük məsuliyyət, həvəs və sevinc hissi ilə ustadımızın yaradıcı işinin araşdırılıb tərtibinə başladıq.

Əslində Nəsir müəllim haqqında onun tələbələri olmuş müəllimlərimdən müsbət fikirlər eşitmişdim. Lakin tərtibatla məşğul olduğum zaman Azərbaycan jurnalistikasında sözün həqiqi mənasında məktəb yaratmış bu peşəkar qələm sahibinin necə hərtərəfli şəxsiyyət olduğunu daha yaxşı anlamağa başladım.

Nəsir müəllim yalnız peşəkar jurnalist deyil, eyni zamanda böyük vətənpərvər, ölkəmizin ictimai-mədəni mühitində geniş yaradıcılıq izi qoyub getmiş elm xadimi olmuşdur. O, nəinki klassik ənənələrimizə söykənən maarifçilik fəaliyyəti ilə milli jurnalistikamızda müasir məktəb yaratmış, həm də bu məktəbin davamçılarını yetişdirməklə özündən sonra böyük yol açmışdır.

Nəsir müəllimin Azərbaycan jurnalistikasının inkişafında iki istiqamətdə önəmli rolu olub.

Onlardan birincisi indiuğurla davam edən nəzəri-elmi məktəbin yaradıcısı olması, ustad müəllim kimi zəngin elmi-pedaqoji fəaliyyətidir. Birmənalı olaraq vurğulanmalıdır ki, professor Nəsir İmanquliyev ölkəmizdə jurnalistikanın nəzəri modellərinin öyrənilməsində, eləcə də təcrübədə tətbiqində böyük əmək sərf etmiş alimdir. O, bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və xeyli dərəcədə onun təməli sayıla biləcək bir sıra ixtisas kurslarının yaradıcısı olmuşdur. Hazırda jurnalistika ixtisası üzrə tədris planında önəmli yer tutanbir növ, ixtisasın açarı sayılan "Jurnalistikaya giriş” fənni buna misal ola bilər.

Nəsir müəllim həmçinin tədris etdiyi "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kursunun praktik əsaslarını hazırlamış, janr müxtəliflikləri ilə bağlı maraqlı konsepsiyalar irəli sürmüşdür. Bu fənn indijurnalistika ixtisası üzrə tədris bazasında ən önəmli fənn olaraq tədris edilməkdədir.

Nəsir müəllimin bir ziyalı, pedaqoq olaraq uğuru həm də yetişdirdiyi tələbələrinin Azərbaycan mediasında və ictimai-siyasi mühitində tutduqları mötəbər yer ilə də özünü göstərməkdədir. Ustadın yetirmələri ilə qurduğu mehriban, səmimi münasibət modeli indi də müəllim-tələbə ilişkiləri üçün bir örnək olaraq göstərilə bilər. Müəllim - özünü aydın, işıqlı gələcək üçün şam kimi əridən bir fədaidir. Zaman keçəcək, həmin tələbələrin bəziləri sonralar Jurnalistika fakültəsinin müəllimləri olacaqlar, bəziləri isə Azərbaycan jurnalistikasında praktik fəaliyyətləri ilə özlərinəməxsus iz qoyacaq peşəkarlar kimi imzalarını təsdiq edəcəklər. Ümumiyyətlə, Nəsir müəllim yetirmələrinin uğuruna, yüksəlişinə ürəkdən sevinməyi bacaran, onlara daim dəstək verən, irəli çəkən, yol göstərən əsl müəllim örnəyi idi.

Nəsir İmanquliyevin elmi fəaliyyətində başlıca məqam İkinci Dünya müharibəsi illərində mətbuatın rolunun tədqiqi olub. Onun namizədlik dissertasiyası da məhz bu mövzuya həsr edilmişdir. Böyük ustad, eyni zamanda bir neçə dərs vəsaiti, həmmüəllifi olduğu sanballı monoqrafiyalarla həmin dövr jurnalistikasının xüsusiyyətlərini təhlil etməkdə idi. Nəsir müəllimin "Qəzetdə xəbər” və "Redaksiya işinin təşkili və planlaşdırılması” elmi araşdırmaları həmin dövr üçün nəinki aktuallığı ilə seçilirdi, hətta nəzəri əhəmiyyəti ilə yanaşı, praktik cəhətdən də çox qiymətli idi. O, eyni zamanda yazıçı və mütərcim kimi də fəaliyyət göstərmişdir. Nəsir müəllim ordudan tərxis olunduqdan sonra "Kommunist” qəzetində məsul katibbaş redaktorun müavini kimi fəaliyyət göstərdiyi zamanlar onun təşəbbüsü ilə yaranan ədəbiyyat dərnəyi bütöv bir şair, yazıçı nəslinin, xüsusən də cəbhə yazarlarının yetişməsində son dərəcə böyük rol oynamışdır. Böyük Vətən müharibəsi və ondan sonrakı quruculuq illərində fədakar əməyinə görə müxtəlif ordenmedallara, milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə "Qızıl qələm” mükafatına, əməkdar mədəniyyət işçisi, əməkdar jurnalist fəxri adlarına layiq görülmüşdür.

İkinci istiqamət isə Nəsir müəllimin birbaşa peşəkar jurnalist olaraq fəaliyyəti ilə bağıdır. Burada bir məqamı vurğulamaq istərdik ki, cox az mütəxəssis, ziyalı həm elmi nəzəri sahədə adını unudulmazlar cərgəsinə əlavə edir, həm də praktikada özünü tam mənası ilə təsdiqləyir. Adətən bir çox hallarda, akademik-nəzəri biliyi olanlar təcrübə sahəsində bir o qədər parlaya bilmirlər və ya əksinə. Lakin Nəsir müəllim məhz jurnalistikanın nəzəriyyəsi ilə praktik fəaliyyətin vəhdətini özündə təcəssüm etdirən nadir ustadlardan idi. Nəsir İmanquliyev jurnalistikada hamımıza örnək ola biləcək praktik yaradıcılıq məktəbi qoyub getmişdir. O, ömrünün 70 ilini Azərbaycan mediasının formalaşması və inkişafına həsr etmişdir.

Nəsir müəllim öncə öz timsalında müasir jurnalistikamıza redaktor - şəxsiyyət nümunəsi gətirdi. Bu anlamın dayaq nöqtələri ilk növbədə yüksək peşəkarlıqla ziyalılığın vəhdətindən ibarətdir.

Nəsir İmanquliyev həm də böyük bir ənənənin layiqli davamçısı idi. O, əsrin əvvəllərində milli mətbuatın formalaşmasında müstəsna xidmətləri olan görkəmli publisistlərimizin, ədiblərimizin əmanətini yaşadırdı. Nəsir müəllim publisistik və ədəbi yazıları ilə yeni dövr jurnalistikasına Həsən bəy Zərdabi ənənələrini gətirdi. Hər bir işıqlı insan, hər bir ziyalı ətrafına özü kimi insanlar toplamalıdır ki, ortaya böyük bir qoya bilsin. Nəsir müəllim də öz ətrafına məhz istedadlı, bacarıqlı insanları cəlb edirdi. O bilirdi ki, jurnalistika özündə nəzəriyyə ilə təcrübənin vəhdətini təqdim edən az sayda spesifik peşələrdən biridirbu səbəbdən də auditoriyalarda oxunan mühazirələr, söylənilən nəzəri fikirlər yalnız o halda yaradıcı potensiala çevrilə bilər ki, güclü təcrübi vərdişlərlə tamamlansın, sınaq bazasına malik olsun.

Şübhəsiz ki, ötən əsrin 50-60-cı illərində belə sınaq bazasından danışmaq çətin idi. Və bu zaman sözün həqiqi mənasında Azərbaycan jurnalistikasında yeni bir səhifə yazıldı: "Bakı” və "Baku” qəzetləri. Bu iki qəzetin nəşri nəinki həmin dövr üçün ölçüyəgəlməz bir yenilik idi, həm də ali jurnalistika təhsili alan tələbələr üçün ciddi praktik sınaq meydanı, əsl təcrübə bazası rolunu ifadə etdi. Bu səbəbdəndir ki, həmin qəzetlər ilk gündən tələbə jurnalistlərin yaradıcılıq laboratoriyasına çevrildi. Təsadüfi deyil ki, Nəsir müəllimin "şinel”indən çıxan bir neçə peşəkar jurnalist nəslinin nümayəndələri "Bakı” və "Baku” qəzetlərini özlərinin sənət məktəbi kimi xatırlayırlar.

1958-ci ildə "Bakı” qəzetinin nəşri ilə milli mətbuat tariximizdə tamamilə yeni tipli mətbuat orqanı - axşam qəzeti həyata vəsiqə qazandı. Bu bir ilk idi və 30 il bu qəzetin redaktoru olan Nəsir müəllim yorulmadan, usanmadan "Bakı” qəzeti ilə milli mətbuat tariximizə peşəkar jurnalistikanı, dəqiq, qərəzsiz informasiyanı, maarifçilik ruhunu, milli-mənəvi dəyərlərə hörmət hissini gətirdi. "Bakı” qəzeti təkcə tələbələrin təcrübə bazasına çevrilmədi, o həm də sənət-söz adamlarının, xüsusən də gənc yazarların, tədqiqatçı alimlərin üz tutduqları etibarlı ünvan idi.

Nəsir müəllimin media ilə bağlı təsəvvürləri zamanı qabaqlayırdı. Onun informasiya işinə haqlı olaraq son dərəcə ciddi önəm verməsi Azərbaycanda xəbər jurnalistikasının müstəqil sahə olaraq inkişafına da ciddi təkan oldu. Razılaşarsınız ki, sovet ideologiyasına tam şəkildə bağlı odövrkü mətbuatda məhz Kommunist Partiyasının "təbliğat və təşviqat” elementləri qabardılırdı. "Bakı” və ardınca da nəşrə başlayan "Baku” qəzetləri isə məhz xəbər jurnalistikası kimi peşəkar yanaşmanı ortaya qoymuş oldu. Tam əminliklə söyləyə bilərik ki, Nəsir müəllim müasir Azərbaycan jurnalistikasında informasiya xidmətinin yüksək statusunun bərpasına nail ola bildi. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən ustad xüsusən "Bakı” və "Baku” qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha təsdiq etdi ki, istənilən qəzetin simasını, nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir.

Vurğulamaq istərdik ki, Nəsir müəllimin elmi-pedaqojijurnalist fəaliyyəti ilə yanaşı, geniş və çoxsahəli ictimai-siyasi fəaliyyəti də olub. O, Bakı Şəhər Partiya Komitəsində, Mərkəzi Komitədə təbliğat-təşviqat şöbəsinə uzun müddət rəhbərlik edib. Onun Mədəniyyət Nazirliyinin Baş Radio Məlumat İdarəsinin rəisi, nazirliyin kollegiya üzvü, Azərbaycan RadioTeleviziya Verilişləri Komitəsində sədr müavini olduğu illərdə bu təşkilatların struktur inkişafında, eləcə də tarixlə müasirlik arasında əldə olunan yeniliklərdə xüsusi xidmətləri olub.

Nəsir müəllimin 8 dekabr 1972-ci il tarixli "Jurnalist” qəzetində tələbələrinə olan tövsiyələri bu günöz aktuallığını saxlamaqdadır. O, tələbə jurnalist üçün başlıca keyfiyyətlər olaraq hər şeydən əvvəl ixtisasa böyük həvəsi, ümumi mədəniyyətə, hərtərəfli biliyə malik olmağı, hadisələri dürüst qiymətləndirməyi, təhlil etməyi bacarmağı, yetkin, rəvan jurnalist qələminin vacibliyini sadalayır. Və haqlı olaraq da davam edir: "Bunlarsız gələcəyin qabil jurnalisti olmaq mümkün deyil”.

Nəsir müəllim eyni zamanda jurnalistika ixtisasına yiyələnmək istəyən tələbələrin buraxdıqları səhvlərə də diqqət çəkir, onlara praktik yol göstərirdi. O qeyd edirdi ki, redaksiyalara istehsalat təcrübəsinə gələn tələbələr ilk günlərdən irihəcmli və nisbətən mürəkkəb janrlarda yazılar yazmağa meyil göstərirlər, halbuki onlar hələ bu janrları nəzəri cəhətdən bilmirlər. Ustad müəllim tələbələrə redaksiyada təcrübədə olarkən ilk növbədə işin təşkili ilə əlaqədar məsələləri öyrənməyə cəhd göstərməli olduqlarını bildirirdi. Onlar redaktorların tapşırıqları ilə kiçik xəbərlər yazmalı, fakt toplamağı öyrənməli, məsələləri araşdırmaq qaydalarına diqqət yetirməlidirlər. Burada bir haşiyə çıxmaq istərdim ki, indinin özündə də ixtisas təhsili alan müasir tələbələrimiz bəzən eyni səhvlərə yol verməkdədirlər.

Birmənalı olaraq qeyd etməliyik ki, Nəsir müəllim hər zaman jurnalistikada qeyri-peşəkarlığın əleyhinə idi. O, qəzetçiliyin, ekran-efir jurnalistikasının insanın mənəvi dünyasını zənginləşdirən başlıca vasitə, yol olduğunu tez-tez bildirirdi. Nəsir müəllim vurğulayırdı ki, bu yolun yolçuları peşəkar qələm sahibləri olmalıdırlar. Əgər jurnalistika özfəaliyyət səviyyəsinə enərsə, o zaman heç bir peşəkarlıqdan söhbət gedə bilməz.

Ömrünü böyük fədakarlıqla tələbələrinə həsr etdiyi jurnalistika fakültəsində, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında onun dərin məna daşıyan portreti, kafedranın qarşısında isə açılışını 100 illiyində etdiyimiz mərmərdən işlənmiş barelyefi var. Böyük ehtiram hissi ilə hər zaman xatirələrdə yaşatdığımız ustad müəllimimizin mediamızın, tələbələrinin inkişafı üçün göstərdiyi çaba və fədakarlığın nəticəsidir ki, onun adı hər zaman Azərbaycan jurnalistikasında bir çox ilklərə imza atmış böyük ziyalı, nüfuzlu müəllim, vətənpərvər insan və peşəkar jurnalist olaraq yaşayacaqdır.

 

Vüqar ZİFƏROĞLU,

BDU-nun Jurnalistika fakültəsinin dekanı,

filologiya üzrə elmlər doktoru

 

Azərbaycan.- 2018.-22 dekabr.- S.11.