Yeni Bakının baş müəllifi
İlham Əliyev böyük zəhmət və fədakarlıqla
ölkə paytaxtını yenidən tikib-qurur, gözəlləşdirir
Azərbaycanlı adını daşıyıb Bakını sevməyən varmı?
Yəqin ki, yox!
Azərbaycanda doğulan hər bir insanın ağlı kəsəndən ən böyük arzusu Bakıya gəlmək, Bakını görmək olur!
Bakıda doğulmaq isə Tanrının insana qismət etdiyi xoşbəxtliklərdən biri sayılır.
Bakı arzular şəhəridir!
Bakı şəhərlərin gözəlidir!
Bakı hamımızın qürur, iftixar ünvanımızdır!
Bakı iqtisadi, siyasi, mədəni, mənəvi, intellektual mərkəzimizdir!
Ən nəhayət, Bakı hamımızındır!
Çünki hamıya eyni məhəbbətlə qucaq açır!
Çünki heç kəsə fərq qoymadan hamıya eyni nəzərlərlə baxır!
Çünki hamıya eyni qonaqpərvərliyi, mehribanlığı göstərir!
Çünki heç kimdən heç nəyini əsirgəmir!
Həm də təmənnasızdır, böyükdür, əzəmətlidir, qədimdir, eyni zamanda yenidir, müasirdir, gəncdir!
Biz hamımız Bakını sevsək də, onun inkişafına, böyüməsinə və gözəlləşməsinə, tanınmasına və məşhurlaşmasına eyni dərəcədə töhfə vermirik.
Bəlkə də verdiyimizdən çox tələb edirik, umuruq!
Amma Bakının bugünkü səviyyəyə çatmasında misilsiz xidmətlər göstərənlər də var!
***
Deyirlər keçmişini unudan gələcəyini qura bilməz!
Müdrik deyimdir!
Həm də təkcə keçmişimizi yox, vətənin, xalqın, dövlətin naminə görülən işləri də unutmamalıyıq, üstəlik obyektiv qiymətləndirməyi də bacarmalıyıq!
Yaşlı nəslin nümayəndələri köhnə Bakını yaxşı xatırlayırlar: əyri-üyrü küçələr, yastı-yapalaq evlər, neft və qaz qoxulu hava, günlərlə cövlan edən xəzri və gilavar, yad dildə danışan şəhər...
Hamı buraya çörək dalınca, neft mədənlərində işləməyə gələrdi...
Böyük Vətən müharibəsi dövründə isə şəhər tamamən sönmüş, yoxsullaşmışdı...
Bakı ilk intibahını ulu öndər Heydər Əliyevin dövründə yaşadı:
* Neft sənayesində böyük
canlanma yarandı;
* Yeni fabrik və zavodlar tikildi;
* Çoxsaylı yaşayış
binaları inşa olundu, bir-birinin ardınca mikrorayonlar meydana
gəldi;
* Şəhər böyüdü,
yeni küçələr yarandı, yeni metro stansiyaları
tikildi, park və xiyabanlar, yaşıllıqlar salındı;
* Çoxsaylı ali məktəblər,
texnikumlar açıldı, yeni teatrlar yaradıldı, elm, mədəniyyət
inkişaf etdi...
Bütün bunların sayəsində
Bakıya çoxsaylı insanlar gəldi, gənclər təhsil
aldı, dünyagörüşləri genişləndi,
insanlar iş tapdılar, təzə mənzillərdə
yaşadılar, yeni filmlər çəkildi, tamaşalar
qoyuldu...
Əlbəttə, on beş
respublikadan biri olan Azərbaycan İttifaq büdcəsindən
asılı idi, qazandığı vəsaitin çoxu
özünə qalmırdı, istədiyinin
hamısını reallaşdıra bilmirdi...
Bütün bunlara baxmayaraq, ulu
öndər Heydər Əliyev Azərbaycanı Sovetlər
İttifaqının ən qabaqcıl respublikalarından birinə,
Bakını isə inkişaf etmiş ölkə
paytaxtına çevirdi!
Və böyük müdrikliklə
bildirdi ki, zaman gələcək, Qara şəhər (o
zamanlar Bakının Zığ səmti "Çyornı
qorod” (Qara şəhər) adlanırdı) Ağ şəhərə
çevriləcək, burada güllər-çiçəklər
əkiləcəkdir!
Bəli, artıq Qara şəhərdən
əsər-əlamət qalmayıb!
Ağ günlərə
çıxan müstəqil Azərbaycanın paytaxtı qədim
Bakı isə artıq ikinci intibahını yaşayır.
Bu dəyişikliyin və yeniləşmənin
müəllifi dövlət başçısı İlham
Əliyevdir!
Yeni Bakının qurucusu, hər
cür yeniliyin və dəyişikliyin baş müəllifi
olan cənab İlham Əliyev!
***
Müasir Bakının
xarakterik xüsusiyyətləri və fərqli cizgiləri
hansılardır?
Bakı qədim Şərq şəhəridir!
Şərq
memarlığının bütün nümunələrinə
burada rast gəlmək mümkündür.
Həm də təkcə İçərişəhərdə
yox, XX əsrin neft bumundan sonra neftxudaların ətrafda
tikdirdikləri yeni binalarda da!
Bakı həm də Avropa tipli şəhərdir!
Burada Qərb memarlığı
üslubunda tikilmiş bütün memarlıq nümunələri
mövcuddur!
Bakı eyni zamanda müasir meqapolisdir!
Çünki müasir şəhərsalmanın
bütün tələb və prinsipləri gözlənilir, ən
yeni tikinti materiallarından, ən unikal layihələrdən
istifadə olunur.
İlham Əliyev Bakının yenidən
qurulmasında ənənə və müasirliyin vəhdətinin
qorunub saxlanılması, Şərq memarlığının
mühüm elementlərinin yaşadılması ilə bərabər,
memarlığın yeni üslublarının tətbiqinə,
onlardan yerində və düzgün bəhrələnməyə
də nail olmuşdur!
Gəlin xəyalən
Bakını səyahət edərək onun unikal memarlıq
abidələrinin seyrinə birlikdə çıxaq.
***
İçərişəhər
qədim Bakının simvoludur. Burada Şərq mədəniyyətinin
və memarlığının nümunələri ilə
yanaşı, dəniz kənarında, küləkli ərazidə
yerləşən yaşayış məntəqəsinin
özünəməxsus xüsusiyyətləri də
mövcuddur. Dar, labirint məhəllələrin
həm güclü küləkdən qorunması, həm də
havalanması təmin olunub. Bu qədim
şəhərdə Şirvanşahlar sarayından tutmuş
qədim bazara, məscidə, hətta hamama qədər hər
bir tikili vardır. Təsadüfi deyil ki,
turistlərin də ən çox maraq göstərdikləri
yer məhz buradır.
Sovet dövründə
İçərişəhər öz problemləri ilə əlləşən
unudulmuş bir məkan sayılırdı. Buradakı
tarixi abidələrin qorunmasına, bərpa və
abadlaşdırma işlərinə kifayət qədər vəsait
ayrılmırdı.
Dövlət müstəqilliyinin bərpası
İşərişəhərin də bəxtini
açdı!
Xalqımızın qədim
ənənələrindən olan Novruz bayramının burada
keçirilməsi isə dönüşün
başlanğıcı oldu.
Hazırda İçərişəhər
yeni növrağını yaşayır!
Buradakı bütün
tarixi-memarlıq abidələri - Şirvanşahlar sarayı,
məscid, bazar, hamam və binalar milliliyi və qədimliyi
saxlanılmaqla bərpa edilmiş, Qız qalası isə
restavrasiya olunmuşdur.
İl boyu turistlər əskik
olmur.
"Qədim mağaza”larda
milli suvenirlər satılır.
Azərbaycan mətbəxinin
ləziz nümunələri gələn qonaqlara təqdim
olunur.
Fiziki cəhətdən
qüsurlu insanların hazırladıqları milli sənət
nümunələrinin daimi satışı həm də
onların yaşayışına müsbət təsir
göstərməkdədir.
İçərişəhərdə
aparılan təmir, bərpa və yenidənqurma nəticəsində
bu tarixi qoruq-şəhər UNESCO-nun qeyri-maddi mədəni irs Siyahısına salınmışdır.
***
Bakı bulvarı isə bir özgə
aləmdir!
Cənab İlham Əliyevin
diqqət və qayğısı sayəsində paytaxt sakinlərinin
ən sevimli yerinə çevrilən bu məkan təkcə
forma və məzmunca yox, həm də əhatə dairəsinə
görə qısa müddətdə böyük inkişaf
yolu keçmişdir.
Mavi Xəzərin sahili ilə
16 kilometr uzanan bulvarın ümumi sahəsi 200 hektardır.
Torpağı şoran, yayı isti,
küləyi güclü olan Abşeronda ağac böyütmək,
yaşıllıq salıb qorumaq çox çətindir!
Bürkülü yay günlərində
dəniz kənarında ağac kölgəsi taparaq dincəlmək
də asan deyil! Yaxın zamanlara qədər
yayın qızmar çağlarında burada nəinki oturacaq,
hətta gəzməyə yer tapmaq belə müşkülə
çevrilmişdi.
Bu gün isə Dənizkənarı
Milli Park arzu edən hər kəsi öz qoynuna ala bilir:
* sevənlər
ilk görüşlərini bura təyin edirlər;
* pensiyaçılar
həmsöhbətləri ilə vaxtlarını burada
keçirirlər;
* uşaqlar burada
cürbəcür attraksionlardan istifadə edirlər;
* təmiz havada
dincəlmək istəyənlər buraya üz tuturlar;
* piyada gəzmək
həvəskarlarına, velosiped sürənlərə burada
lazımi şərait yaradılıb;
* burada idman
qurğularından hər kəs pulsuz istifadə edə bilir;
* burada müxtəlif
yarmarka və sərgilər təşkil olunur, bayram tədbirlərinin
bir qismi burada baş tutur;
*ən yüksək və
növbənöv gül, ağac "sərgi”ləri də
buradadır!
Bir ucu Zığa, bir ucu Bayıladək
uzanan, milli park statusu daşıyan Dənizkənarı bulvar əcnəbilərin
rahat və sərbəst gəzdikləri, paytaxt sakinləri ilə
ən çox təmas qurduqları guşələrdəndir!
***
Bayraq meydanı da burada yerləşir!
Üçrəngli ay-ulduzlu
bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti
dövrünün yadigarlarındandır.
Həm də müstəqilliyimizin
simvolu, atributlarındandır!
Sovet dövründə onu qadağan
etdilər!
Gizlincə üzə
çıxaranları tapıb ciddi cəzalandırdılar!
17 noyabr 1990-cı ildə ulu öndər
Heydər Əliyevin cəsarət və qətiyyəti sayəsində
Naxçıvanda ona yenidən dövlət bayrağı
statusu verildi!
18 oktyabr 1991-ci ildə Azərbaycanda
da dövlət bayrağı kimi tanındı!
1 sentyabr 2010-cu ildə isə Prezident
İlham Əliyev Dövlət Bayrağı meydanını,
habelə Dövlət Bayrağı Muzeyini Azərbaycan
xalqına hədiyyə etdi!
Həm də bayraq dirəyinin
hündürlüyünə görə dünya birincisi hesab
edilərək Ginnesin rekordlar kitabına salındı,
xüsusi sertifikat aldı!
***
Təbiətən qurucu və yaradıcı
insan olan cənab İlham Əliyev həm də yüksək
zövq sahibidir!
Azərbaycanda nə yaradıbsa,
hansı layihəni seçibsə, ən yaxşısına,
ən unikalına üstünlük verib!
İndiyədək Bakıda
görünməmiş memarlıq nümunələrinə həyat
vəsiqəsi bəxş edib!
Onun fəaliyyətinin bu xüsusiyyəti
yenidən tikilib qurulan, genişləndirilən
paytaxtımızda daha qabarıq, daha parlaq şəkildə
görünür!
Ötən əsrin əvvəllərindəki
Bakıda memarlığın bütün üslublarında -
milli, klassik, roman, qotik, barokko və s. binalar tikilmişdi.
Cənab İlham Əliyev isə
memarlığın qədim və milli ənənələrini
qorumaq və davam etdirməklə bərabər, ən yeni
üslublara, habelə müasir materialların tətbiqinə
də xüsusi önəm vermişdir.
Heydər Əliyev Fondunun
binası milli memarlığın naxış və ornamentləri
ilə gözəl və əzəmətlidir.
Heydər Əliyev Mərkəzinin
binası isə heyrətdoğuracaq qədər yeni,
müasir və möhtəşəmdir!
Dünya memarlıq incilərinin ilk
yüzlüyünə salınan bu bina sanki elə Bakı
üçün layihələndirilib!
Coşqun Xəzərin sahilində
yerləşən, ilin 300 günü külək əsən,
dalğaları daim şahə qalxan bir şəhərdə
həmin dalğaları əks etdirən memarlıq nümunəsinin
olmaması natamamlıq doğurardı!
İlham Əliyev bu nadir layihəni
gerçəkləşdirməklə təbiətlə
memarlığı uyğunlaşdırıb, harmoniyaya
çevirib!
Bəyazlığı ilə
göz qamaşdıran bu nadir incinin yeni mənəvi təyinatı
da qürurvericidir.
Onun ətrafındakı
yaşıllıq gənclərin və ailələrin birgə
istirahət məkanı, konsert və idman tədbirlərinin,
açıq havada sərgilərin keçirildiyi sevimli bir
ünvan funksiyasını daşıyır.
***
Ulu babalarımız atəşpərəst
olublar!
Təsadüfi deyil ki, Azərbaycanın
bir rəmzi adı Odlar Yurdudur!
Bu gün də Məhəmmədi
kəndində təbii şəkildə yerin altından
çıxaraq gecə-gündüz şölə saçan
qaz alovu təbiətin nadir nümunələrindən
sayılır.
Qədim Bakının simvolu
olan üç alov isə bəzən poçt
markalarında, hərdən isə paytaxt haqqında
buraxılan bukletlərin üzərində qorxa-qorxa göstərilərdi.
İlham Əliyev Odlar Yurdunun Bakı
emblemini möhtəşəm, 32 mərtəbəli binaya
çevirdi!
"Alov qüllələri”
adlanan bu bina Bakının bolşevik işğalının rəmzi
sayılan S.M.Kirovun Dağüstü parkdakı heykəlini əvəz
edib!
Həm də daha yüksəkdə,
daha müasir, daha möhtəşəm şəkildə!
Axşamlar üçrəngli
bayrağımızı yüz dəfələrlə
böyük və rəngli formada dalğalandıran bu
"müstəqillik nişanəsi” şəhərin hər
yerindən görünür, heyrət və razılıq
doğurur!
***
Xəzər sahilində yerləşən
daha bir memarlıq nümunəsi isə "Büllur
saray”dır ("Kristal holl”).
Dənizin içərisinə
burun kimi daxil olmuş bu adada vaxtilə SSRİ Silahlı
Qüvvələrinin sursat anbarı yerləşirdi.
İndi həmin adacığın təkcə
xarici görünüşü yox, mahiyyəti də dəyişib!
Daha burada ölümsaçan məhsullar
saxlanılmır!
Yeni, ən müasir
quruluşa, idarəetməyə, işıqlandırma sisteminə
əsaslanan bu sarayda böyük tamaşaçı
auditoriyasına malik konsert və idman tədbirləri
keçirilir, insanlar nağılvarı aləmə "səyahətə
çıxırlar”.
"Kristal holl” Bayraq
meydanı ilə bir ansambl yaradır, görkəmləri ilə
göz oxşayırlar, Bakının hüsnünə
sığal çəkirlər!
Mehriban xanım Əliyevanın
qayğısı sayəsində Azərbaycan muğamı
öz inkişafının yeni mərhələsinə qədəm
qoydu!
Həm də dünyada
tanındı, muğama gənclərin axını
başladı, yeni həvəs və nəfəs gəldi!
Ölkəmizdə
keçirilən müxtəlif muğam müsabiqələri
bütün dünyada maraqla izlənir, dünyanın istənilən
ölkəsində keçirilən yarışlarda isə Azərbaycan
muğam ifaçıları iştirak edərək daim
yüksək yerləri tuturlar.
Öz orijinallığı ilə
seçilən Beynəlxalq Muğam Mərkəzi bu qədim
musiqini sevənlərə dövlət
başçısının dəyərli hədiyyəsidir!
Dənizkənarı bulvarda onunla
yanaşı dayanan Xalça muzeyi də adına
uyğun görünüşü ilə fərqlənir.
Hər iki ünvan qədimliklə
müasirliyi üzvi şəkildə birləşdirərək
Bakıya təşrif gətirən qonaqların
yaddaşından uzun müddət silinmir.
***
Qədim İçərişəhər
nə qədər darısqal və maraqlıdırsa, Ağ
şəhər bir o qədər geniş, rahat və
müasirdir.
O həm də Azərbaycanda şəhərsalma
mədəniyyətinin yüksək səviyyədə
olmasının göstəricisidir!
Eyni zamanda, şəhərin baş
müəllifinin incə, müasir zövq sahibi olduğunu təsdiqləyir!
İşıqlı və
yaraşıqlı binalar, yaşıl xiyabanlar, insanların hər
cür tələbatını ödəyən müasir
infrastruktur, uşaq əyləncə meydançaları, nəqliyyatın
normal hərəkətinə yaradılan münasib şərait
- bir sözlə, hər şey yenilikdən, rahatlıqdan,
insan amilinin yüksəkdə tutulmasından xəbər
verir!
Bəli, Qara şəhər təmizlənə
bilərmiş!
Qara şəhər Ağ şəhərə
çevrilərmiş!
İnsanlar Xəzərin ləpədöyənində
neft və qaz iyi qoxumayan hava ilə nəfəs alaraq ağ günlərə çıxa bilərmişlər!
Bunu da İlham Əliyev edib!
***
Bakı mehriban şəhərdir!
Bakı qonaqpərvər şəhərdir!
Bakı çörəkli şəhərdir!
Bunu Bakıya qonaq, yaxud daimi,
ya da müvəqqəti işləməyə gələn hər
kəs təsdiq edir.
Şəhərin qonaqpərvərliyinin
bir göstəricisi də orada çoxsaylı, müasir və
müxtəlif ulduz saylı hotellərin olmasıdır.
Bakı bu cəhətdən də
nümunəvidir!
Dünyanın ən məşhur
brendləri Bakıda beşulduzlu hotellər tikərək
qonaqların ehtiyacını qarşılayırlar.
Bakıda son dövrlərdə
hotelçilik sürətlə inkişaf edib, müasir tələblərə
cavab verən xeyli sayda hotellər istifadəyə verilib.
Bütün bunlar təkcə
qonaqlara rahatlıq yox, şəhərimizə də bir
yaraşıq və müasirlik bəxş edir.
Həm də onun görkəmini
xeyli dəyişdirir.
***
Azərbaycanın iqtisadi cəhətdən
inkişafının, əhalinin rifahının yüksəlməsinin
bir göstəricisi də fərdi avtomobillərin
sayının artmasıdır.
Maşınlar ailələrə
sevinc və rahatlıq, şəhərlərə isə
çoxsaylı problemlər gətirir!
Parklanma, ekoloji çirklənmə,
ən əsası tıxaclar dünyanın hər yerində
həlli çətin problemlərdən sayılır.
Sovet dövründə uzun illər
növbədə durmaqla belə avtomobil sahibi ola
bilməyənlər həm maddi imkanları
artdığından, həm də avtomobil əldə etməyin
asanlığından istifadə edərək qısa müddətdə
xeyli sayda xarici maşın sahibinə çevrildilər.
Artıq ailələr bir
maşınla kifayətlənmirlər!
Urbanizasiya nəticəsində şəhərdə
yaşamaq istəyənlərin sayı da kəskin şəkildə
artıb!
Daha "pasport qeydiyyatı”
səbəbi ilə Bakıya köçənlərə maneələr
yaradılmır!
Bütün bunlar -
çoxsaylı maşınlar, küçələrdə
maşınların parklanması, xüsusən səhər və
axşam çağlarında hədsiz çoxalan
maşınları aşıracaq geniş küçələrin
azlığı - təxirəsalınmaz tədbirlər tələb
edirdi.
İlham Əliyevin xüsusi diqqəti
sayəsində qısa müddətdə xeyli işlərin
görülməsi - mövcud küçələrin
aşırma qabiliyyətinin artırılması, yeni,
geniş küçələrin salınması, yeraltı və
yerüstü dayanacaqların sayının
çoxaldılması, yeni yol aşırımlarının,
körpülərin və tunellərin tikintisi - vəziyyətin
əsaslı şəkildə dəyişməsinə imkan
yaratdı!
Doğrudur, hələ də
tıxac və parklanma problemləri qalmaqdadır.
Çünki Azərbaycan hələ
də sürətlə inkişaf edir, hələ də əhalinin
rifahı ilbəil yaxşılaşır.
Hələ də maşın
alanların sayı artır!
Üstəlik əhalinin də
sayı çoxalmaqdadır!
İndi görün bu
işlər görülməsəydi, onda vəziyyət necə
olardı?!
Bütövlükdə bunlar
firavanlıqdan doğan problemlərdir!
Onların mərhələli həlli
isə daim diqqət mərkəzindədir!
***
İlham Əliyev Milli
Olimpiya Komitəsinin prezidenti seçiləndə Azərbaycanda
idman sönüb getmişdi.
Nə məşqçilərə
pul verilirdi, nə də idmançıları yarışlara
göndərməyə vəsait tapılırdı...
İdman qurğularının bir
qismi dağıdılaraq sıradan
çıxarılmış, stadionlar "tolkuçka”ya
çevrilmiş, zallar uçub yararsız hala
düşmüşdü...
Hər şeyə təzədən
başlamaq lazım gəlirdi...
Qısa müddətdə gedənlər
geriyə çağırıldı, dağılanlar bərpa
olundu, stadionlar əvvəlki təyinatına
qaytarıldı...
Lakin Azərbaycanı həm də
idman dövlətinə çevirmək üçün
çox işlər görülməli idi!
Ən əsası, idmanın
maddi-texniki bazasının yaradılmasına və yenilənməsinə
ciddi ehtiyac duyulurdu!
Dövlət
başçısı seçildikdən sonra İlham
Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdən
biri Azərbaycan idmanının inkişafı oldu.
Az vaxtda ölkə üzrə 40-dan
çox olimpiya idman kompleksi tikildi.
I Avropa və IV İslam Həmrəyliyi
oyunlarının keçirilməsinə hazırlıq isə
həm də Bakının memarlıq simasına yeni
naxışların vurulması ilə əlamətdar oldu.
Olimpiya stadionu möhtəşəmliyi
və müasirliyi ilə diqqət çəkir!
Böyükşor
gölünün qurudulan hissəsində qısa müddətdə
inşa edilən bu yeni idman qurğusu şəhərin həmin
guşəsinə yeni görkəm vermiş,
idmançıların və tamaşaçıların
rahatlığını da təmin etmişdir.
Yaxınlıqda yerləşən
Milli Gimnastika Arenası da memarlıq baxımından yeni və
gözoxşayandır.
Bakı Su İdmanı Sarayı,
Bakı Atıcılıq Mərkəzi, Avropa Oyunları
Parkı, Velopark, Basketbol Arenası ən yüksək səviyyəli
yarışların keçirilməsi üçün
bütün beynəlxalq norma və tələbləri ödəyir.
Üstəlik yerləşdikləri məkana
uyğun arxitektura həlli də uğurlu və cazibədar
alınmışdır.
Əslində idman
qurğuları funksiyası ilə bərabər, şəhərimizə
yeni görkəm və yaraşıq verməklə nəzərləri
oxşayırlar.
Əl Oyunları İdman Sarayı,
habelə Heydər Əliyev adına
İdman-Konsert Kompleksi isə əsaslı yenidənqurmadan
sonra ikinci həyatlarını yaşayırlar.
Mahiyyətcə ölkənin
gənclər və idman siyasətinə xidmət edən bu
yeni qurğu və komplekslər zahirən qədim
Bakını cavanlaşdırmış, daha gözəl və
yaraşıqlı etmişdir.
***
Son dövrün memarlıq
abidələri sırasında dini məbədlər
xüsusi qeyd olunmalıdır.
Azərbaycan tolerant ölkədir. Müxtəlif
dinlərə sitayiş edən insanlar burada mehribanlıq
şəraitində yaşayır və işləyir.
Multikultural ənənələrimiz,
dini modelimiz bütün dünyaya nümunədir.
Müstəqillik
dövründə dinə münasibətdə də
köklü dəyişikliklər baş vermişdir. Ötən
dövrlərdən qalma məscidlər, kilsələr,
sinaqoqlar, məbədlər və ziyarətgahlar təmir
edilmiş, yeniləri tikilmişdir.
Heydər məscidi və Bibiheybət məscidi isə bənzərsiz milli-dini memarlıq abidəsi kimi keçmişi və bugünü üzvi şəkildə özündə birləşdirir. Eyni zamanda, xalqın milli-mənəvi və dini dəyərlərinə hörmət və ehtiramının simvoluna çevrilib.
İkinci nəfəs verilmiş köhnə binalar, müxtəlif üslublarda tikilmiş yeni bina, kompleks və qurğular, habelə park və xiyabanlarla yaşayış məhəllələrinin uyğunlaşdırılması, gecə işıqlandırma effektləri köhnə Bakıya yeni görkəm və xüsusi cazibədarlıq gətirmişdir.
Təkcə şəhərin sakinləri deyil, gələn qonaqlar, turistlər, uzun müddət şəhərdən ayrılaraq yenidən geriyə dönənlər bu valehedici gözəlliyə dönə-dönə heyranlıqlarını bildirirdilər.
Əslində "Köhnə Bakı” ifadəsi yerinə düşmür və görünür, arxivlərə verilməlidir.
Yeni Bakı isə həm qədim, həm də müasir, möcüzə qədər gözəldir!
Bu gözəlliyin müəllifi isə dövlət başçısı cənab İlham Əliyevdir!
Yeni Bakının yenilənməsinin baş müəllifi!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2018.- 23 dekabr.- S.1; 4-5.