İlham
Əliyevin modern dövlət modeli
Tarixinin ən
qüdrətli dövrünü yaşayan Azərbaycanın
dövlət quruculuğu təcrübəsi artıq
dünyada mükəmməl örnəklərdən biri kimi
qəbul edilir
"2018-ci il ölkəmiz
üçün uğurlu il olmuşdur. İlin əvvəlindən
qarşımıza qoyduğumuz bütün vəzifələr
uğurla və vaxtında icra edilir. Azərbaycan
2018-ci ildə də öz dinamik inkişafını təmin
etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik
şəraitində yaşamışdır”.
Dövlət
başçısının sədrliyi ilə Nazirlər
Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında səsləndirdiyi bu fikirlər
2018-ci ilin real mənzərəsini göz önündə
canlandırır. Dövlət başçısı İlham Əliyevin
siyasi, iqtisadi, hərbi, sosial, humanitar və bir çox sahələrdə
həyata keçirdiyi uzaqgörən, uğurlu siyasət nəticəsində
dinamik inkişafa nail olunur, ölkəmiz bu gün məhz bu
inkişafın sayəsində beynəlxalq arenada öz
mövqeyini gücləndirir və əsl söz sahibinə
çevrilir.
2018-ci ilin
sosial-iqtisadi uğurları
Bu ilin ən böyük
uğurları sırasında regionun inkişafı, iqtisadi
imkanların genişləndirilməsi baxımından önəmli
olan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın
qəbul edilməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycanda
dünyanın ən böyük təşkilatlarından biri
olan Qoşulmama Hərəkatının xarici işlər
nazirlərinin Qara dəniz konfransının, Azərbaycan ilə
Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin
gələcək inkişafına yeni imkanlar yaradacaq
görüşlərin keçirilməsi, eləcə də
enerji siyasətimizin inkişafının növbəti
uğurlu layihəsi olan "Cənub qaz dəhlizi”nin
açılışı, qardaş Türkiyə
Respublikasında XXI əsrin enerji tarixinə qızıl hərflərlə
yazılan TANAP layihəsinin açılış mərasimi,
eyniadlı qaz kəmərinin istifadəyə verilməsi
başa çatan ilin ən uğurlu iqtisadi göstəriciləri
hesab edilməlidir.
Cari ilin oktyabr ayında İlham
Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın iştirakı ilə Türkiyənin
İzmirdə ümumi neft emalı gücü 10 milyon ton təşkil
edəcək "Star” Neft Emalı Zavodunun
açılışı, Xəzər dənizinin ən
böyük limanı olan Ələt Beynəlxalq Dəniz
Ticarət Limanının istifadəyə verilməsi
ölkəmizin dinamik iqtisadi yüksəlişinin bariz
sübutudur. Həmçinin beynəlxalq
humanitar əməkdaşlığın dərinləşməsi
üçün çox önəmli hadisəyə
çevrilən 90-dan artıq ölkədən 400-dən
çox xarici qonağın iştirak etdiyi Bakı Beynəlxalq
Humanitar Forumunun keçirilməsini və bir çox önəmli
hadisələri sadalamaq olar. Bütün
bu göstəricilər ölkəmizin beynəlxalq maliyyə
institutları və aparıcı təşkilatlar tərəfindən
dünya ölkələri arasında ən etibarlı və
sağlam tərəfdaş kimi tanınmasına şərait
yaradıb ki, bu uğurlu inkişafın təməlində də
Prezident İlham Əliyevin düşünülmüş,
uzaqgörən siyasəti dayanır.
2018-ci ildə Prezident
İlham Əliyevin sosialyönümlü dövlət
quruculuğunun təmin olunması istiqamətində
apardığı uğurlu siyasət nəticəsində əhalinin
sosial rifah halı yaxşılaşıb, işsizliyin və
yoxsulluğun aradan qaldırılması istiqamətində
mühüm addımlar atılıb. Prezidentin
apardığı bu siyasət bir daha sübut edir ki, dövlətin
yürütdüyü siyasətin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Əhalinin
sosial baxımından aztəminatlı təbəqəsi daim
dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə
artırılması bu sahəyə Azərbaycan Prezidentinin
qayğısını bir daha təsdiq edir. Bütün bunlar göstərir ki, güclü
iqtisadi və sosial siyasət Azərbaycanda dövlət siyasətinin
əsas istiqamətlərindən biridir. Azərbaycan
Respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı
inkişafının təmin olunması istiqamətində həyata
keçirilən iqtisadi islahatlar nəticəsində bu
sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri
yaradılıb, idxalı əvəz edən məhsulların
yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma
səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb.
İqtisadiyyatın neft sektorundan
asılılığının azaldılması, qeyri-neft
ixracının artırılması və dünya
iqtisadiyyatına inteqrasiya istiqamətində həyata
keçirilən siyasət növbəti 10 ildə qeyri-neft
sektorunun əvvəlki onilliklə müqayisədə daha
çox artacağını şərtləndirir.
Azərbaycanın
mədəniyyətlər və dinlərarası dialoqa
töhfəsi
2018-ci il beynəlxalq
əlaqələrin daha da möhkəmləndirilməsi,
qonşu dövlətlərlə, həmçinin İslam
ölkələri ilə münasibətlərin yeni
inkişaf mərhələsinə qədəm qoyması ilə
də yadda qalıb. Təsadüfi deyil ki,
İslam aləmində birliyin, sabitliyin, həmrəyliyin
möhkəmləndirilməsi, islami dəyərlərin
bütün dünyaya düzgün
çatdırılması, multikulturalizm ənənələrinin
təbliği işindəki fəaliyyətimiz İslam Əməkdaşlıq
Təşkilatı tərəfindən də yüksək dəyərləndirilir.
2018-ci ildə Bakıdan sonra bu dəfə Naxçıvan
şəhərinin İslam Mədəniyyətinin Paytaxtı
adına layiq görülməsi
özlüyündə müsəlman dünyasının
ölkəmizə verdiyi dəyərin bariz nümunəsidir.
Bu il də
Prezident İlham Əliyevin siyasətində tolerant və
multikultural dəyərlərin əhəmiyyətli yer
tutduğuna bir daha şahid olduq. Ölkə rəhbərliyinin
dəstəyi ilə 2018-ci ildə də müxtəlif xarici
ölkələrdə Azərbaycanın multikultural dəyərlərinin
təbliği və təşviqi ilə əlaqədar beynəlxalq
konfranslar keçirilib ki, bu tədbirlər coğrafi olaraq
çox geniş ərazini əhatə edib. İspaniya, Avropanın müxtəlif ölkələri,
Almaniya və başqa ölkələrdə təşkil edilən
tədbirlərdə Azərbaycanın multikultural dəyərləri
ətraflı şəkildə insanlara
çatdırılıb. Dövlətimizin
başçısı İlham Əliyevin dəstəyi ilə
reallaşan beynəlxalq tədbirlər insanların
multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə,
dünyada sülhün və əməkdaşlığın
təşviqinə mühüm töhfə verib. Ölkə rəhbərinin bu istiqamətdə
atdığı addımlar, söylədiyi fikirlər, verdiyi
qərarlar bütün İslam dünyasında geniş əks-səda
doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə
böyük stimul verir və verməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə son illərdə Azərbaycan mədəniyyətinin
inkişafı, milli-mənəvi dəyərlərimizin
qorunması, İslam dininə hörmət və ehtiramın
güclənməsi, başqa dinlərə qarşı
dözümlülüyün daha da möhkəmləndirilməsi
sahəsində xeyli iş görülüb. Dövlət
başçımız İslam mədəniyyəti ilə
bağlı tarixi-memarlıq abidələrinin, məscid və
ziyarətgahların, müqəddəs dini ibadət və
inanc yerlərinin təmiri və bərpası ilə
bağlı bir sıra sərəncam və fərmanlar
imzalayıb. Ölkəmizdə mövcud
olan digər dinlərin nümayəndələri də
dövlət başçımızın diqqət və
qayğısından kənarda qalmırlar. Dövlətin
tolerantlıq prinsiplərinə yanaşmasını dini
konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə
münasibətində, din sahəsini ehtiva edən qanunvericilik
bazasının möhkəmləndirilməsində də
açıq şəkildə görmək
mümkündür.
Siyasətində insan amilinə
böyük dəyər verən İlham Əliyevin İslam
ölkələrinin həmrəyliyi, eləcə də mədəniyyətlər
və dinlər arasında harmoniyaya nail olunması istiqamətində
atdığı addımları xüsusilə qeyd etmək
lazımdır. Sivilizasiyalararası, dinlərarası
dialoqu dərinləşdirən, ayrı-seçkilik,
ksenofobiya hallarına düzgün qiymət verilməsini şərtləndirən
tədbirlərin keçirilməsi, bütün dinlərin
nümayəndələrinə bərabər şəraitin
yaradılması ölkə rəhbərinin bu sahədəki
siyasətinin ana xəttini təşkil edir.
2017-ci ilin Azərbaycanda "İslam
həmrəyliyi ili” elan edilməsi, mürəkkəb geosiyasi
şəraitdə müsəlman ölkələrinin əməkdaşlığına
əhəmiyyətli töhfələri ilə yadda qalan və
İslam aləmində böyük nüfuz qazanan IV İslam
Həmrəyliyi Oyunlarının, "2017 - İslam Həmrəyliyi
ili: Dinlər və mədəniyyətlərarası dialoq”
mövzusunda beynəlxalq konfransın, "Dövlət və
din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi”
mövzusunda I Beynəlxalq Bakı Forumunun keçirilməsi və
bu mötəbər tədbirin bağlanış mərasimində
"Bakı platforması”nın qəbul olunması, eləcə
də qəbul olunan bu platforma əsasında Bakı Beynəlxalq
Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq
Mərkəzinin təsis edilməsi, həmçinin, qısa
müddət ərzində dünyada çox önəmli
beynəlxalq tədbirə çevrilən Bakı Beynəlxalq
Humanitar Forumunun keçirilməsi ölkəmizin İslam, eləcə
də dünya ölkələri arasında nüfuzunun
güclənməsinə zəmin yaradıb. Bütün
bu tədbirlər sırasında artıq 10 ildir mədəniyyətlər
və sivilizasiyalar arasında səmərəli və effektiv
dialoqun qurulması məqsədilə yüksək səviyyəli
qonaqların iştirakı ilə Azərbaycanda keçirilən
"Bakı Prosesi” konfransı xüsusi əhəmiyyətə
malikdir. Ötən on il ərzində
ölkədə "Bakı Prosesi” çərçivəsində,
həmçinin bu təşəbbüsün məqsədləri
istiqamətində çoxsaylı beynəlxalq tədbirlər
və layihələr gerçəkləşdirilib. UNESCO,
BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı,
Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı
ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası
dialoqun qurulması və inkişafı, irqi
ayrı-seçkiliyə və dözümsüzlüyə
qarşı mübarizə sahəsində qlobal platforma statusu
qazanıb. 2016-cı ilin aprelində BMT
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda
keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir.
Azərbaycanın belə bir qlobal hərəkatın
təşəbbüskarı kimi çıxış etməsinin
əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti
olan icmaların, milli-etnik qrupların və zəngin mədəni
müxtəlifliyin olması dayanır.
Azərbaycan dünya
miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili,
eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz
ölkəyə çevrilir. Bu gün ölkədə
həyata keçirilən dövlət-din münasibətləri
sahəsindəki siyasətin əsas və fərqləndirici
xüsusiyyəti odur ki, dindarlara və onların dini hisslərinə
hörmət, tolerant və multikultural dəyərlərin
qorunması, inkişafı sözdə deyil, əməldədir.
Məsələn, ölkə rəhbəri İlham Əliyev
milli-mənəvi dəyərlərin dirçəldilməsinə,
həmçinin məscidlərin, ziyarətgahların, kilsələrin,
sinaqoqların inşasına, mövcud olanların isə əsaslı
təmirinə və yenidən qurulmasına xüsusi diqqət
ayırır, eyni zamanda, hər il müsəlman və
qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən
maliyyə yardımı ayrılır, ölkədəki ibadətgahlara
illik limitlə pulsuz təbii qaz verilir və s. Onu da
vurğulamaq yerinə düşər ki, Azərbaycan
SSRİ-nin tərkibində olduğu dövrdə ölkəmizdə
17 məscid vardısa, bu gün onların sayı 2250-dən
çoxdur, eyni zamanda, ölkə ərazisində 14 kilsə,
7 sinaqoq fəaliyyət göstərir. Ölkəmizdə
877-si İslam, 32-i isə qeyri-islam (xristian - 21; yəhudi - 8; bəhai
- 2; krişna - 1) olmaqla 909 dini qurum qeydiyyatdan keçib.
Azərbaycan dünyada öz mədəniyyəti,
tarixi, adət-ənənələri ilə fəxr etməyə
layiq olan az sayda dövlətlərdən
biridir. Tolerantlığın dövlət
strategiyası olaraq əsasını ümummilli lider Heydər
Əliyev qoymuş, bu zəngin ənənə hazırda
möhtərəm Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ulu öndər Heydər
Əliyevin zəngin dövlətçilik ənənələrinin
layiqli davamçısı olduğunu əməli
addımları ilə sübuta yetirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi
dəyərlərimizin qorunmasına və inkişafına
çox böyük diqqət və qayğı göstərir.
Azərbaycanda dini və milli tolerantlığın tarixən
mövcud olduğunu və bu tolerantlığın indiyə
kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və
İslam dininin misilsiz rol oynadığını vurğulayan
Prezident İlham Əliyev bu fikri aşağıdakı kimi
şərh edib: "Tarixən dünya dinlərinin
yayıldığı və dinc yanaşı fəaliyyət
göstərdiyi qədim Azərbaycan torpağında
yüzillərlə qarşılıqlı etimada və
hörmətə əsaslanan mütərəqqi milli-mədəni
və dini münasibətlər sistemi
formalaşmışdır. Diqqətəlayiq
faktdır ki, ölkəmizdə həmişə yüksək
tolerantlıq mühiti hökm sürmüş, heç vaxt
milli və dini zəmində ayrı-seçkilik və
qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə
əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni
müxtəlifliyin günümüzədək qorunub
saxlanılmasında Azərbaycan xalqının və İslam
dininin misilsiz tarixi rolu danılmazdır”.
Prezident İlham Əliyevin
xalqımızın dini dəyərlərinə, müxtəlif
dinlərə və sivilizasiyalara hörmətlə
yanaşması, milli-mənəvi dəyərlərə həssas
münasibətin dövlət siyasətinin mühüm
prioritetlərindən birinə çevrilməsi, ölkədə
güclü tolerantlıq ənənələrinin getdikcə
daha da möhkəmləndirilməsi Azərbaycanı
dünyada multikulturalizmin əsas mərkəzinə
çevirib. Bu gün öz nümunəvi dəyərlərini
bütün dünyaya təqdim edən Azərbaycan əlverişli
coğrafi mövqeyindən və çoxmədəniyyətlilik
ənənələrindən istifadə edərək
artıq dünyada ən mühüm dialoq mərkəzlərindən
birinə çevrilib. Son illər həm
lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı
sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə
təşkil olunması tamamilə məntiqəuyğundur.
Bu il
altıncısı keçirilən Bakı Beynəlxalq
Humanitar Forumu bu qəbildən olan, aktual, ümumbəşəri,
humanitar məsələlərin müzakirə edildiyi
nüfuzlu tədbirlərdəndir. Forum XXI əsrdə
bəşəriyyətin qarşısında duran qlobal
çağırışlara cavab tapmaq, humanitar əməkdaşlıqla
bağlı ən mühüm məsələlərə
dair genişspektrli dialoqlar, fikir mübadilələri və
müzakirələr aparmaq üçün beynəlxalq
miqyasda nüfuzlu elmi-siyasi platformadır. Mədəniyyətlər,
sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq
ənənələri olan Azərbaycan bu formatda tədbirlərin
keçirilməsi üçün ideal ölkədir. Belə vacib tədbirə məhz Bakının
evsahibliyi etməsi forumun əhəmiyyətini daha da
artırır. Çünki
paytaxtımız müxtəlif mədəniyyətlərin, qədimliklə
müasirliyin qovuşduğu bir məkandır, Azərbaycan
torpağı bütün dövrlərdə
tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan
xalqı isə yaratmaq və birləşdirmək
bacarığı ilə tanınıb. Çünki
bu torpaqlarda insan amili hər zaman yüksək yerdə
dayanıb, insana yüksək dəyər verilib.
Xalqımızın milli-mənəvi
irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək
nəsillərə ötürülməsi istiqamətində
Heydər Əliyev Fondunun gördüyü misilsiz işlər
xüsusi vurğulanmalıdır. Belə ki, məhz fondun maliyyə dəstəyi
ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın rəhbərliyi ilə bu il
İmam Hüseyn məscidində təmir-bərpa işləri
aparılıb və dindarların istifadəsinə verilib.
Heydər Əliyev Fondu tərəfindən
həyata keçirilən tədbirlər respublikanın
hüdudlarını aşaraq Avropanın sərhədlərinə
çatıb ki, bu da ayrı-ayrı xalqların, konfessiyaların
qarşılıqlı hörmət və dostluq münasibətlərinin
genişləndirilməsinə xidmət edir. Qeyd edək
ki, 2018-ci ildə Romada Heydər Əliyev Fondu tərəfindən
bərpa edilən Müqəddəs Sebastian
katakombalarının açılışı olub. Bundan əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Müqəddəs Marçellinio və Pietro
katakombaları da bərpa olunub. Dünya mədəniyyəti,
xüsusilə də xristianlar üçün böyük mənəvi
dəyəri olan katakombaların müsəlman ölkəsi
Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən
bərpa edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası
dialoqa verdiyi növbəti töhfədir. Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun dünya əhəmiyyətli tarixi, dini, mədəni
abidələri bərpa etməsi həm də ümumilikdə,
ölkəmizin təbliği, dünyada layiqincə təmsil
olunması baxımından mühüm əhəmiyyətə
malikdir.
Ölkəmizdəki
yüksək dini-mənəvi mühit və onun
inkişafı
Ölkə rəhbərliyinin
xüsusi diqqət və qayğısının nəticəsi
olaraq ölkəmizdə dövlət-din münasibətləri
təkmilləşməkdə və möhkəmlənməkdədir. Azərbaycan
hökumətinin vətəndaşların etiqad
azadlığının təminatı sahəsində həyata
keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini
verməkdədir. Hazırda Azərbaycan
Respublikasında dini durum sabitdir, bu sahədə cərəyan
edən proseslər və tendensiyalar nəzarətdədir.
Təcrübə göstərir
ki, bu gün dini sahədə ortaya çıxan əksər
problemlərin kökündə dini savadsızlıq,
İslamın olduğu kimi təqdim edilməməsi
dayanır. Məhz bu səbəbdən Azərbaycan dövləti
milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində
ölkədə dini maarifləndirmə və milli-mənəvi
dəyərlərin təbliği işinə xüsusi önəm
verir. Çünki dini maarifləndirmə
düzgün aparıldığı zaman dini təhlükəsizlik
və ictimai-siyasi sabitlik təmin olunur, tolerantlıq ənənələrinin
inkişafına təkan verilir, dini zəmindəki ziddiyyətlərin,
dövlətlər və xalqlar arasındakı
qarşıdurmaların qarşısı alınır.
Maarifləndirmə işi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas
fəaliyyət istiqamətlərindən birini təşkil
edir. Dövlət Komitəsi ölkədə dövlət-din
münasibətlərinin, dini etiqad azadlığının
yüksək səviyyədə təmin olunması, dini
radikalizm meyillərinin qarşısının alınması,
o cümlədən milli-mənəvi dəyərlərimizin,
ölkədəki zəngin tolerantlıq və multikulturalizm
mühitinin qorunub saxlanılması məqsədilə dini
maarifləndirmə işi aparır. Bu məqsədlə
komitənin "Dövlət və Din” ictimai fikir toplusu və
"Cəmiyyət və Din” qəzeti nəşr olunur; dini
radikalizm, ekstremizm, fanatizm və xurafat meyillərinin
qarşısını almaq, eyni zamanda milli-mənəvi dəyərləri
təbliğ etmək məqsədilə kitab, broşür və
digər çap məhsulları hazırlanır; İctimai
TV-də hər həftə "Din və Cəmiyyət”
verilişi, Space TV-də "İnam” verilişi efirə gedir;
ölkəmizin bütün regionlarında dini sahə ilə
bağlı aktual olan mövzularda ictimaiyyətlə,
dindarlarla silsilə konfranslar, seminar-treninqlər, "dəyirmi
masa”lar təşkil edilir. Eyni zamanda, keçirilən əksər
tədbirlərdə Dövlət Komitəsinin sifarişi ilə
ərsəyə gəlmiş, dini radikalizmə qarşı
mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi
aspektlərindən bəhs edən "Fitnə”, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü uğrunda
şəhid olanların xatirəsinə həsr olunmuş
"Şəhadət”, İslam dininin sülhsevərliyindən,
tolerantlığından bəhs edən "Üfüqdəki
gələcək” və bu günlərdə ictimaiyyətə
təqdim olunmuş Azərbaycanda dinlər, məzhəblər
arasında tarixən mövcud olmuş birlik və bərabərlik,
xalqımızın tolerantlıq keyfiyyətləri
işıqlandırılmış "Vəhdət
qanımızdadır” sənədli filmləri nümayiş
olunur. Ölkənin bütün regionlarında, o cümlədən
ölkəmizdəki ali təhsil müəssisələrində,
orta məktəblərdə, gənclər evlərində və
s. müvafiq məkanlarda nümayiş etdirilən filmlər
ictimaiyyət tərəfindən böyük maraqla
qarşılanır.
Bunlarla yanaşı, vətəndaşlarımızın,
xüsusilə gənclərimizin zərərli dini cərəyanların
təsiri altına düşməsinin, din adı altında
milli maraqlarımıza zidd ideoloji təlimlərin
yayılmasının qarşısının alınması məqsədilə
Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə
550-dən artıq tədbir həyata keçirib. 45 minə
yaxın insanın iştirak etdiyi bu tədbirlərdə mərkəzi
və yerli icra hakimiyyəti orqanları, Silahlı Qüvvələr,
eləcə də hüquq-mühafizə orqanları, təhsil
müəssisələri, gənclər təşkilatları,
dini qurumlar və digər QHT-lər ilə yaxından əməkdaşlıq
edilib. Qeyd olunan qurumlarla yanaşı, Dövlət Komitəsi
ötən illərin təcrübəsinin davamı olaraq,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu,
AMEA, Qafqaz Müsəlmanları İdarəsi, Yeni Azərbaycan
Partiyası ilə əməkdaşlığı davam etdirmişdir.
Bu tədbirlərin əksəriyyəti Qafqaz
Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq
çərçivəsində həyata keçirilib.
Məlum olduğu kimi,
Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci
ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq
Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncam
imzalanıb. Dövlət Komitəsi tərəfindən bu istiqamətdə
müxtəlif formatlarda 24 tədbir təşkil edilib.
"Azərbaycanın multikultural mühitinə təhdidlər:
erməni vandalizmi və soyqırımı siyasəti - son 100
il” adlı konfrans, dini icmaların üzvləri arasında
"Azərbaycan Xalq Cümhuriyyəti dövründə
dövlət-din münasibətləri” mövzusunda məqalə
müsabiqəsi bu qəbildən keçirilmiş tədbirlərdəndir.
"Azərbaycan gəncliyi
2017-2021-ci illərdə Dövlət Proqramı”nın
icrası ilə əlaqədar Dövlət Komitəsinin Tədbirlər
Planına uyğun olaraq "Vətən sevgisi imandandır”
mövzusunda 17, Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq
edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsinə
və narkomanlığa qarşı mübarizəyə dair
2013-2018-ci illər üçün Dövlət
Proqramı”nın icrası ilə əlaqədar 22, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili ilə əməkdaşlıq çərçivəsində
"İnsan hüquqları aylığı” ilə
bağlı 15, "Sülh aylığı” ilə əlaqədar
22, "Uşaq hüquqları aylığı” ilə
bağlı isə 32 tədbir olmaqla ümumilikdə 69 maarifləndirmə
xarakterli tədbir həyata keçirilib.
Bu il ərzində
ölkənin şəhər və rayonlarında "Azərbaycanın
dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda
13 ikigünlük regional konfrans, "Dini icmalar və gənclər:
dini radikalizmlə mübarizə və birgə fəaliyyətin
təşkili” mövzusunda 17 seminar-müşavirə,
"Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər
və perspektivlər” mövzusunda 20 ikigünlük
seminar-treninq təşkil olunmuşdur. Bununla
yanaşı, "Dövlət-din münasibətlərinin
hüquqi bazası” mövzusunda respublika müşavirəsi,
"Dini radikalizmlə mübarizədə qadınların
yeri və rolu” mövzusunda isə regional konfranslar baş
tutmuşdur.
Eyni zamanda, 2018-ci ildə Bakı
şəhərində müxtəlif mövzularda 18 konfrans,
eləcə də Məhərrəm ayı ərəfəsində
"Dini mərasimlər: ənənəvilik və
müasirlik” və digər müvafiq mövzularda silsilə tədbirlər
həyata keçirilib.
Dövlət Komitəsi və regional
şöbələrimiz tərəfindən cari il ərzində 20 Yanvar və Xocalı faciələri,
31 Mart - Azərbaycanlıların soyqırımı
günü ilə əlaqədar tədbirlər təşkil
olunub. Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili
İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi
Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin "Dini ekstremizmə qarşı mübarizəyə
məsul dövlət qurumlarının əməkdaşları
ilə 2018-ci ildə keçirilən seminar-müşavirələrin
Tədbirlər Planı” çərçivəsində
"Dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri
və onlara qarşı mübarizənin hüquqi əsasları”
və "Milli təhlükəsizliyə əsas təhdidlərdən
biri - dini radikalizm” mövzularında 10 seminar-müşavirə
keçirilib.
Dövlət Komitəsi cari
ildə dini maarifləndirmə işi sahəsində Azərbaycan
Respublikası Silahlı Qüvvələri ilə əməkdaşlığı
daha da dərinləşdirib. Belə ki, ilin əvvəlindən
Müdafiə Nazirliyi ilə 9, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunları ilə 11, Dövlət Sərhəd
Xidməti ilə 6 tədbir həyata keçirib. Dövlət Komitəsi ilə Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər
Planı çərçivəsində cəzaçəkmə
müəssisələrində məhkumların vicdan və
dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin
aparılması məqsədilə 33 tədbir baş tutub.
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi dini radikalizm və ekstremizmə, eləcə
də xurafat meyillərə qarşı mübarizə, həmçinin
milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində
Yeni Azərbaycan Partiyası və Gənclər birliyi ilə
də yaxından əməkdaşlıq edib.
Dövlət Komitəsi
2018-ci ildə bir sıra dövlət və özəl müəssisələri
ilə də yaxından əməkdaşlıq edib. Belə ki,
dini radikalizmin törətdiyi təhdidlərlə
bağlı preventiv xarakterli, eləcə də ölkəmizdə
mövcud tolerantlıq mühitinin daha da gücləndirilməsi,
multikulturalizm siyasətinin təbliği və təşviqi məqsədilə
müxtəlif qurumların kollektivləri arasında dini
maarifçilik işinin təşkili məqsədilə 23
maarifləndirici tədbir həyata keçirib.
Dövlət Komitəsi ümummilli
lider Heydər Əliyevin doğum günü münasibətilə
hər il ənənəvi olaraq tədbirlər
təşkil edir. Bu il də Dövlət Komitəsi tərəfindən
ümummilli lider Heydər Əliyevin anadan olmasının 95
illiyi münasibətilə keçirilən silsilə tədbirlərin
yekunu olaraq may ayında dövlət, media və dini qurumlar, eləcə
də qeyri-hökumət təşkilatları və elmi
ictimaiyyətin iştirakı ilə "Heydər Əliyev və
milli-mənəvi dəyərlər” mövzusunda konfrans təşkil
olunub. Konfransın materialları kitab
formatında çap olunaraq oxucuların ixtiyarına verilib.
Dövlət Komitəsi
maarifləndirmə işini təkcə ölkə daxili ilə
məhdudlaşdırmayıb, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
də fəaliyyətini davam etdirib. Ölkə hüdudlarından kənarda
keçirilmiş beynəlxalq tədbir və konfranslarda Azərbaycanın
tolerantlıq təcrübəsi və multikultural dəyərlərinin,
zəngin mənəvi-əxlaqi irsinin təbliği, eləcə
də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və Ermənistan silahlı qüvvələri
tərəfindən tarixi-dini abidələrimizə
qarşı törədilmiş terror faktlarının
dünya ictimaiyyətinə çatdırılması
prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu
ilin may ayının 13-19 tarixlərində Azərbaycanın
Los-Ancelesdəki baş konsulluğun təşkilatçılığı
ilə ölkəmizdəki dini konfessiya təmsilçilərindən
ibarət nümayəndə heyəti ABŞ-a
səfər edib. Heyət ABŞ Katolik Kilsəsinin rəhbərlərindən
biri, ABŞ Yepiskoplar Konfransının vitse-prezidenti, Los-Anceles
arxiyepiskopu Xose Horasiyo Qomezlə, San-Fransisko Şəhər
Şurasının üzvü Norman Yi və Kaliforniya ştat
senatoru Ceri Hill ilə görüşlər keçirib. Səfər
çərçivəsində ABŞ yəhudilərinin ən
nüfuzlu dini mərkəzlərindən olan, Los-Ancelesdə fəaliyyət
göstərən Sinay sinaqoqunda, həmçinin
ABŞ-ın ən qədim qurumlarından olan "Commonwealth
Club” təşkilatında Azərbaycanın multikulturalizm və
dini tolerantlıq ənənələrinə həsr
olunmuş tədbir keçirilib.
Noyabrın 19-da Berlin şəhərində
Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət
göstərən Bakı Beynəlxalq Dinlərarası və
Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin,
Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan
Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə
təşkilatçılığı ilə "Dinlərarası
və sivilizasiyalararası dialoqdan əməkdaşlığa
doğru” mövzusunda keçirilmiş beynəlxalq konfransda
da tolerantlığın ölkəmizdə möhkəm təməl
sütunlarının, zəngin ənənələrinin
mövcud olduğu bir daha vurğulanıb.
Dini müstəvidə dövlət
səviyyəsində görülən işlərin
davamı kimi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ötən il
oktyabrın 10-da Dövlət Komitəsinin tabeliyində Mənəvi
Dəyərlərin Təbliği Fondunun yaradılması
haqqında müvafiq fərman imzalayıb. Milli-mənəvi
dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə
hər zaman yüksək qiymət və dəstək göstərən
dövlət başçımızın bu addımı,
eyni zamanda Dövlət Komitəsinə olan yüksək
etimadın göstəricisidir.
Fondun fəaliyyətinin məqsədi
Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə
işinin aparılmasına, mənəvi dəyərlərin
qorunması və inkişafına, dövlət-din münasibətləri
sahəsində məqsədli proqramların hazırlanması
və həyata keçirilməsinə, dini qurumların vətəndaşların
dini etiqad azadlığı sahəsində fəaliyyətinə
dövlət dəstəyini təmin etməkdir.
Fond keçən il
yaradıldıqdan sonra onun strukturunun tam formalaşması bir
neçə ay davam etdi və 2018-ci ilin əvvəllərindən
başlayaraq fəaliyyət göstərməyə
başladı. Fondun bu günədək öz
Nizamnaməsinə uyğun olaraq gördüyü işlər
əsasən üç istiqamət üzrə olub. Birinci istiqamət Qafqaz Müsəlmanları İdarəsi
tərəfindən rəsmi təyin olunan bütün imam,
imam müavini və mütəvəllilərə aylıq
maddi dəstək göstərməkdir. Belə
ki, artıq Azərbaycanın hər bir bölgəsində fəaliyyət
göstərən və Qafqaz Müsəlmanları İdarəsi
tərəfindən rəsmi təyin olunan 1060-dan yuxarı din
xadiminə Fond tərəfindən hər ay maddi dəstək
göstərilir.
İkinci istiqamət mənəvi
dəyərlərimiz, eyni zamanda onun tərkib hissəsi olan
dini dəyərlərimiz sahəsində geniş maarifləndirmə
işinin aparılmasıdır. Maarifləndirmə
işi müxtəlif formalarda təşkil olunub.
Bakıda, ölkəmizin digər bir çox şəhər
və rayonlarında ictimaiyyətin, xüsusilə gənclərin
iştirakı ilə müxtəlif səpkili konfranslar,
seminar müşavirə və seminar treninqlər
keçirilib, Yay məktəbi təşkil olunub, bu tədbirlərə
xüsusi ekspertlər cəlb olunaraq mənəvi dəyərlərimiz,
Azərbaycançılıq ideologiyası, tariximiz, müasir
dünyada ənənəvi dəyərlərimiz və s. kimi
aktual mövzular ətrafında diskusiyalar aparılıb.
Üçüncü istiqamət
şəhid və əlil ailələlərinə
yardımlar göstərmək, ümumiyyətlə xeyriyyəçiliklə
məşğul olmaqdır. Bu il Ramazan
ayında respublikamızın müxtəlif bölgələrində
şəhid ailələri və Qarabağ əlilləri
üçün iftar süfrələri təşkil olunub,
Ramazan və Qurban bayramlarında bəzi şəhid ailələrinə
ərzaq yardımları göstərilib. Sentyabr ayında Fond
tərəfindən Bilik Fondu ilə birgə cəbhəyanı
bölgədə (Cocuq Mərcanlı, Füzuli, Ağdam, Tərtər,
Laçın, Ağcabədi rayonlarında) məktəbə
gedəcək 100 nəfər birinci sinif şagirdinə məktəbli
forması və çantalar hədiyyə olunub.
Bundan əlavə, ölkəmizdəki
yüksək dini-mənəvi mühitin
qorunub-saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin
təşkili sahəsində yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması məqsədilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun
yaradılması haqqında 2018-ci il 09 fevral tarixli, 3654
nömrəli Sərəncam imzalayıb. Sərəncamda
göstərildiyi kimi, Azərbaycan İlahiyyat İnstitutunun
yaradılması Azərbaycan xalqının tarixi ənənələrinə
söykənən və dövlət siyasətinin məntiqi
nəticəsi olan yüksək dini-mənəvi mühitin
qorunub-saxlanılmasını və inkişaf etdirilməsini,
dini fəaliyyətin təşkili sahəsində yüksək
ixtisaslı kadrların hazırlanmasını təmin etmək
məqsədini daşıyır.
Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan xalqının din sahəsində yüksək
ixtisaslı kadrlara olan tələbatını beynəlxalq
standartlara əsaslanaraq təmin etmək, ilahiyyat sahəsindəki
problemlərə işıq tutan və beynəlxalq standartlara
cavab verən tədqiqatlar aparmaq və çap etmək, həm
İslam, həm də digər dünya dinləri haqqında dərin
biliyə yiyələnən, tərəfsiz və
bütün konfessiyalara qarşı dözümlülüklə
yanaşan din xadimlərini məzun etmək, milli, dini və əxlaqi
dəyərləri qorumaqla Azərbaycan xalqının milli və
mədəni inkişafına öz töhfəsini vermək
missiyasını həyata keçirməyi nəzərdə
tutub.
Azərbaycan İlahiyyat İnstitutu
dini xarici dairələrin nəzarətində olmayan, dinə
məhdud çərçivədə deyil, geniş prizmadan
yanaşmağı bacaran, fəaliyyətində dünyəvilik,
tolerantlıq və multikulturalizm kimi Azərbaycan gerçəkliklərini
nəzərə alan, xalqımızın tarixi ənənələrinə
söykənən, yüksək dini-mənəvi mühitin
qorunub saxlanmasına və inkişaf etdirilməsinə xidmət
edən, dini fəaliyyətin təşkili sahəsində
yüksək dini və dünyəvi savada malik ixtisaslı
kadrların hazırlanmasını təmin edən mötəbər
bir elm ocağı olmağı qarşısına məqsəd
qoyub.
İlham Əliyev
Azərbaycanı gələcəyə inamla aparır
Sadalanan faktlar birmənalı şəkildə deməyə əsas verir ki, ölkəmizdə bütün sahələr, o cümlədən dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir.
Ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf, bütün sahələrdə aparılan islahatlar Azərbaycanın gələcək inkişafının təminatçısıdır. 2018-ci il cənab Prezident tərəfindən aparılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycana bəxş etdiyi mühüm nailiyyətlərlə zəngin bir il kimi tarixə yazıldı. Biz növbəti illərdə də Azərbaycanın daha böyük nailiyyətlər əldə edəcəyinə əminik. Bu günümüzün reallığı məhz ölkəmizin sürətli inkişaf yolunda inamla irəlilədiyini göstərir.
Mübariz QURBANLI,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri,
Yeni Azərbaycan
Partiyası İcra katibinin müavini
Azərbaycan.-
2018.- 23 dekabr.- S.1; 7.