Dünya Azərbaycanlılarının Həmrəylik Günü Berlində qeyd
olunub
Tədbirdə Heydər
Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi
tərəfindən lentə
alınmış “Son iclas”
bədii-sənədli filmi
nümayiş etdirilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə planlar və perspektivlər” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının sədri Yaşar Musayev tədbirdə çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb. Y.Musayev rəhbərlik etdiyi Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəliyə çağırıb.
Bakı Media Mərkəzinin baş prodüseri Tahir Əliyev tədbirdə çıxış edərək Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Son iclas” bədii-sənədli filmi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən film Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salan və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.
Sonra “Son iclas” filmi nümayiş olunub və qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.
Tədbirə dəvət olunmuş azərbaycanlı müğənni və musiqiçilərin ifasında xalq və bəstəkar mahnıları ifa edilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçılarına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.
Almaniyada
yaşayan həmvətənlərimiz, Almaniya ictimaiyyətinin nümayəndələri,
eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin
əməkdaşları tədbirdə iştirak
ediblər.
Azərbaycan.- 2018.- 23 dekabr.- S.10.