Bilik Fondunun nümayəndəsi Almaniyada keçirilən beynəlxalq elmi konfransda iştirak edib

 

17-18 dekabr 2018-ci il tarixlərində Almaniya Federativ Respublikasının Potsdam Universitetində Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının və Potsdam Universitetinin birgə təşkilatçılığı ilə "Cinayət hüququ elminin aktual problemləri: müqayisəli hüquqşünaslıq kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

9 dövlətin hüquqşünaslarının təmsil olunduğu konfransda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının Bakı nümayəndəliyinin rəhbəri professor İsaxan Vəliyev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru əvəzi, Potsdam Universitetinin məzunu Rəvan Həsənov təmsil ediblər.

Tədbirdə "Dini ekstremizmlə cinayət hüquqi mübarizə və onun profilaktikasının bəzi məsələləri” mövzusunda çıxış edən İsaxan Vəliyev Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin ideoloji əsaslarından, qanunvericilik bazasından və hüquqi tətbiq təcrübəsindən söhbət açıb. O, "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonra bir sıra qanunvericilik aktlarında, o cümlədən dövlət-din münasibətləri, xaricdə dini təhsil, vətəndaşlıqdan məhrum edilmənin yeni əsasları ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərin əhəmiyyətindən danışıb, cinayət qanunvericiliyində dini düşmənçilik, dini radikalizmya dini fanatizm zəminində terrorçuluğun artıq yeni cinayət tərkibi kimi nəzərdə tutulmasını müsbət hal kimi qiymətləndirib. Diskussiya şəraitində keçən tədbirdə Azərbaycanı təmsil edən təşkilatlar adından universitet rəhbərliyinə Bakının mənzərəsinin əks olunduğu rəsm əsəri, tarix elmlər doktoru, professor Əli Həsənovun müəllifi olduğu "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” (Azərbaycan, türk, rus, ingilis, fransız, ərəb və Çin dillərində) və "Azerbaydjan v sisteme qeopolitiçeskix otnoşeniy na Öjnom Kavkaze i v Kaspiysko-Çernomorskom basseyne” kitablarının bir neçə nüsxəsi hədiyyə edilib.

Sonda professor İ.Vəliyev hüquq elminin inkişafındakı xidmətlərinə və Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının fəaliyyətinin populyarlaşdırılmasındakı roluna görə Beynəlxalq Hüquqi Təşəbbüslərin Dəstəyi Fondunun "Femidagümüş medalı ilə təltif olunub.

 

Azərbaycan.- 2018.- 23 dekabr.- S.16.